Gürcüstanda parlament seçkilərinə ay yarım qalmış nədən narahatdırlar – sorğu
İşsizlik Gürcüstan əhalisinin ən böyük problemidir. Bu nəticəyə ABŞ-ın Milli Demokratiya İnstitunun (NDI) sentyabrın 14-ü dərc olunmuş araşdırması gəlib.
Bu problemin əsas mahiyyəti 2009-cu ildən dəyişmir. Siyahıda işsizliyin dalınca yoxsulluq gəlir, ərazi bütövlüyü isə üçüncü yerdə qərarlaşıb.
Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək, bir çox mütəxəssislər bu seçkilərin nəticələrinin ölkənin siyasi gələcəyi üçün çox vacib olduğunu hesab edir.
İlk dəfə seçkilər qarışıq sistemlə keçiriləcək. Parlamentdə 150 yerdən 120 yeri partiyalar və bloklar bölüşdürəcək. Parlamentə düşmək üçün partiya bir faizdən çox, blok isə iştirak edən partiyanın hər birinə görə bir faiz səs toplamalıdır. Qalan 30 yer isə majitorilər arasında bölüşdürüləcək.
Seçki öncəsi əhalinin gözləntisi artıb, 88% seçkiyə getməyə qərar verib. Amma onlardan çoxu kimə səs verəcəklərinə qərar verməyib.
Araşdırmanın ən vacib nəticələrini təqdim edirik,
Əksəriyyət kimə səs verəcəyinə qərar verməyib
• 88% seçkidə iştirak edəcəyini deyən respondentlərin 59%-i kimə səs verəcəklərinə qərar verməyiblər. Deməli, seçkinin nəticələri onlardan asılı olacaq.
•Sorğuda iştirak edənlərin yalnız 27%-i öz seçimini bəyan edib. Onlardan hakim «Gürcü arzusu» partiyasına 17%, aparıcı müxalifət partiyası ola «Vahid Milli Hərəkat»a (keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən yaradılan partiyaya) isə 5% səs verəcək.
• Sorğuda iştirak edənlərin 80%-nin fikrincə, seçkiqabağı siyasi səhnənin əsas problemi seçiciləri almaq cəhdlərinin olmasıdır. .
•Seçicilər üçün həlledici məqam partiyaların iqtisadiyyat, səhiyyə və qanunun aliliyi sahələrində apardığı siyasətdir.
Araşdırma müəllifləri hesab edir ki, ayrı-ayrı partiyaların nəticələri o qədər aşağıdır ki, «bunu seçkilərin nəticələrini proqnozlaşdırmaq üçün istifadə etmək mümkünsüzdür”.
•Gürcüstan əhalisinin 53%-i əmindir ki, inanc insanları koronavirusdan qoruyacaq – sorğu
•Gürcüstanda qərbə qarşı təbliğatın əsas tərəfləri – qorxu və ümidsizlik, sorğu
İşsizlik, yoxsulluq, ərazi bütövlüyü ilk üç problemdir
Sorğuda iştirak edənlərin əksəriyyətinin çox neqativ fikirdə olduğu bəlli oldu.
Sorğuda iştirak edənlərin 32%-i bildirib ki, onların fikrincə, ölkə səhv yöndə inkişaf edir. 20% isə ümumiyyətlə heç nəyin dəyişmədiyini hesab edir.
39% ölkənin doğru yöndə inkişaf etdiyini hesab edir.
Sorğuda iştirak edənlərin ölkə üçün əsas hesab etdiyi yeddi problem:
1. İşsizlik – 49%
2. Yoxsulluq – 39%
3. Ərazi bütövlüyü – 28%
4. Qiymətlərin qalxması/inflyasiya – 20%
5. Təhsil – 13%
6. Aşağı pensiyalar – 13%
7. Aşağı maaşlar – 10%
Yerdə qalan problemlər arasında insan haqları, səhiyyə, cinayətkarlıq qeyd olunub.
İşsizliyi əsas problem adlandıran respondentlərin sayı iyun ayından avqusta qədər 17%-dən 24%-ə qalxıb.
Səhiyyənin əsas problemi olaraq, dərmanların və tibbi xidmətlərin baha olması qalır. Amma 17% xəstəxanalar və həkimlərin əlverişliyi problemini də qeyd edib.
Yalnız 15% həkimlərin və tibbi heyətin peşəkar olmadığını bildirib.
Respondentlərin yalnız 43%-i koronavirus pandemiyası zamanı dövlətdən maliyyə dəstəyi alıb, bu yardımın faydalılığı ilə bağlı fikirlər təxminən ikiyə bölünüb: 52% bildirib ki, yardım kifayət qədər olub, 48% isə bununla razılaşmayıb.
Daha çox respondent – 29% – pandemiyaya görə işini itirənlərə dövlətin kömək etməyini istəyir. Bu siyahıda olan digər istəklər: kommunal xidmətlərə subsidiyalar, dərmanla yardım, kreditlərin silinməsi.
Yolların vəziyyəti, su ilə problem və ekologiya
Respondentin yaşadığı şəhərdə və ya kənddə olan əsas problemlərə gəlincə, cavablar aşağıdakı kimi oldu:
1. Yolların vəziyyəti — 31%.
2. Su təchizatı — 22%.
3. Ətraf mühitin çirklənməsi — 13%.
4. Avtomobil tıxacları — 13%.
3 və 4-cü bəndlər Tbilisi sakinləri tərəfindən ilk olaraq səsləndirilib.
NDI-nin sifarişi ilə sosioloji sorğu CRRC-Georgia tərəfindən həyata keçirilib (sorğu Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilir). Ümumilikdə 6-11 avqust tarixlərində telefonla ixtiyarı yığım vasitəsilə gürcü, Azərbaycan, erməni və rus dillərində 2 045 müsahibə aparılıb.