Gürcüstanda parlament seçkiləri – 2020. Bu haqda nələri bilmək lazımdır?
Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək – ölkədə onuncu çağırış parlament seçiləcək.
Gürcüstan parlament respublikasıdır, buna görə də bu seçkilərdə kim qalib gəlsə, növbəti dörd il müddətində ölkəni idarə edəcək.
Bu seçkilər niyə “tarixi” hesab edilir?
1.Əgər son səkkiz ildir ölkəni idarə edən “Gürcü arzusu” oktyabrın 31-də qəti qələbə qazansa, Gürcüstanda ardıcıl olaraq üç müddətə seçilən ilk iqtidar partiyası olacaq.
2.Amma eyni zamanda heç bir partiyanın müstəqil şəkildə hökumət formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyəcəyi ehtimalı yüksəkdir və buna görə də müxtəlif partiya nümayəndələrindən ibarət koalisiya hökumətinin formalaşdırılması gündəmə gələ bilər.
3.Bundan başqa, bu, ölkədə əsasən proporsional sistem üzrə seçiləcək ilk parlament seçkiləri olacaq.
Konstitusiyaya edilən dəyişikliyə əsasən, 150 yerlik parlamentin 120 deputatı proporsional – partiya siyahısı üzrə, yalnız 30-u majoritar birmandatlı dairələrdən seçiləcək. (Əvvəl 77 deputat partiya siyahıları üzrə, 73 deputat isə majoritar dairələrdən seçilirdi. İndi Gürcüstanda majoritar dairələrin sayı 73dən 30-a enib).
4.Daha bir vacib dəyişiklik bu seçkilərdə minimal baryer bir faiz təşkil edir, yəni seçicilərdən bir faizlik dəstək alan partiya parlamentdə deputat mandatına sahib olmaq şansı qazanır və nəticədə ölkə əvvəlkindən daha rəngarəng parlamentə sahib ola bilər.
•Gürcüstanda parlament seçkilərinə ay yarım qalmış nədən narahatdırlar – sorğu
Pandemiya zamanı ilk seçki
Bu seçkilərin özəlliklərindən biri də ondan ibarətdir ki, seçki kampaniyasının fəal fazası, o cümlədən də seçki gününün özü ölkədə ciddi koronavirus partlaması ilə eyni vaxta təsadüf edir.
Oktyabrıda ölkədə gündəlik yoluxma sayı iki minə qədər qeydə alınır.
2012-ci il. Parlament seçkilərinin nəticələri: “Gürcü arzusu” – 54,97 faiz, “Milli Hərəkat” (keçmiş prezident Mixail Saakaşvilinin partiyası) – 40,34 faiz
2016-ci il. Parlament seçkilərinin nəticələri: “Gürcü arzusu” – 48, 68 faiz, “Milli Hərəkat” – 27,11 faiz, “Vətənpərvərlər Alyansı” – 5 faiz
2018-ci il. Prezident seçkilərinin nəticələri: Prezidentin seçilməsi üçün iki tura ehtiyac olub. Birinci turda namizəd “Gürcü arzusunun” dəstəklədiyi Salome Zurabişvili 38,64 faiz, müxalif “Vahid Milli Hərəkat”dan olan namizəd Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. İkinci turda Zurabilşvili 59,52 faiz, Vaşadze 40,48 faiz səs toplayıb.
Bununla belə, seçkilər yenə də baş tutacaq. Bütün seçki məntəqələri maska ilə təmin olunacaq, iki metrlik məsafə gözləniləcək və əllərin mütləq dezinfeksiya olunmasına nəzarət ediləcək
•Gürcüstanda keçiriləcək seçkilərdə səsvermə zamanı təhlükəsizlik proseduru təsdiqlənib
Amma koronavirusa görə minlərlə vətəndaş seçkilərdə iştirak edə bilməyəcək.
Mərkəzi Seçki Komissiyası koronavirusa yoluxan şəxslərə və özünütəcriddə olan şəxslərə daşınan qutular göndərəcək, amma bu seçicilərin qeydiyyatdan keçməsi üçün çox bürokratik əngəlllər vardıŞ buna görə də çoxları qeydiyyatdan keçə bilməyib. Bundan başqa, oktyabrın 27-ə qədər qeydiyyatdan keçmək mümkün idi, yəni bu tarixdən sonra virusa yoluxduğu təsdiqlənənlər səs verə bilməyəcəklər.
•Gürcüstan: minlərlə seçici koronavirusa görə səs verə bilməyəcək
Kimin hökumət formalaşdırmaq hüququ olacaq?
Yeni qanuna əsasən, proporsional seçkilərdə ən azı 40,5 faiz səs toplayan partiya hökumət formalaşdıra biləcək. Əgər partiyanın nəticəsi daha az olsa, hətta majoritar dairələrdə qələbə qazanmış olsa belə təkbaşına hökumət qura bilməyəcək.
Amma 40,5 faiz səs yenə də hökumət qurmaq üçün lazım olan çoxluq demək deyil. Bu, sadəcə 48 yer deməkdir, hökuməti təsdiqləmək üçün 150 parlament üzvündən əksəriyyətinin – 76-nın dəstəyi lazımdır. Yəni 40,5 faizlik həddi keçən partiyaya hökumət formalaşdırmaq üçün əlavə 28 yer lazımdır. Partiya ya majoritar dairələrdən 28 yer qazanmalıdır, ya da istənilən digər partiya ilə koalisiya haqda düşünməlidir.
Bloklar, partiyalar, liderlər və onların seçki taktikası
Seçkilərdə 48 siyasi partiya və iki seçki bloku iştirak edir.
Bütün sorğulara əsasən, “Gürcü arzusu” iqtidar partiyası proporsional seçkilərdə ən çox səs qazanacaq.
“Gürcü arzusu”nun seçkiqabağı atrategiyası bundan əvvəlki seçkilərdə olduğu kimi müxalif “Vahid Milli Hərəkat” və keçmiş prezident Mixail Saakaşvili ilə qarşıdurmaya əsaslanıb.
Əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də səsverməyə bir neçə gün qalmış hökumət nümayəndələri müxalifətin silahlı üsyana hazırlaşdığı haqda danışmağa başladılar.
•Gürcüstanda prezident seçkiləri. Hakimiyyət niyə vətəndaş müharibəsi haqda danışır?
Milyarder, “Gürcü arzusu” iqtidar partiyasının lideri və ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvili bu dıfı seçki prosesində fəal iştirak etmir.
Seçki ərəfəsində o, partiya siyahısının ilk iyirmiliyinin prezentasiyası və sairə kimi bir neçə önəmli tədbirdə iştirak edib. İvanişvilinin seçkilərdə iştirakı küçələrdə onun şəkillərinin olduğu bilbordlarının asılması ilə ifadə olunub.
“Gürcü arzusu” partiyasının siyahısında birinci nömrə hazırkı baş nazir Giorgi Qaxariyadır. İqtidar komandası bildirib ki, qələbə qazanacaqları təqdirdə o, baş nazir vəzifəsində qalacaq.
“Vahid Milli Hərəkat – Birləşmiş müxalifət” seçki bloku partiya reytinqlərində ikinci yeri tutur. Bu partiyanın lideri hazırda Ukraynada olan, amma Gürcüstandakı siyasi proseslərdə məsafədən fəal iştirak edən üçüncü prezident Mixail Saakaşvilidir. Saakaşvili demək olar ki, hər gün telekanallarda çıxış edir, Facebook-da fəaldır. Seçkilərə bir neçə gün qalmış vətəndaşlara Saakaşvilinin adından sms göndərilib, bu ismarıcda o, büdcə təşkilatlarının əməkdaşlarına müraciət edib və bildirib ki, qalib gələcəyi təqdirdə onları işdən azad etməyəcək.
Müxalifət birləşib?
Bu seçkilərdə müxalifət bir blokda birləşməyib və seçkiqabağı koalisiya formalaşdırmayıb, baxmayaraq ki, müxalif partiyaların böyük hissəsi həm seçki prosesi, həm də qələbə halında atılmalı olan addımlar və koalisiya hökumətinin yaradılması ilə bağlı mühüm razılaşmalar.
“Müxalif birlik” adlanan quruluşa otuza yaxın böyük və kiçik partiya daxildir: “Milli Hərəkat”, “Avropa Gürcüstanı”, Leyboristlər Partiyası, “Qirçi” və sairə.
Müxalifət bir neçə mühüm razılaşma əldə edib:
• Müxalifət Tbilisinin bütün majoritar dairələrində ümumi namizədlər irəli sürüb.
•Regionlara gəlincə, burada hər partiyanın öz namizədi var, amma onlar ikinci turda bir-birini dəstəkləyəcəkləri haqda razılığa gəliblər. Onlar seçkilərdə bir-birinin səslərini müdafiə edəcəklərini təsdiqləyən deklarasiya imzalayıblar.
• Müxalifət hakimiyyətə gələcəkləri təqdirdə məhkəmə sisteminin yenidən təşkili, o cümlədən də iqtisadi islahatların başladılması ilə bağlı razılığa gəliblər.
Amma hər şey belə asan deyil.
Əgər gündəliyə koalisiya hökumətinin formalaşdırılması gəlsə, bununıa bağlı razılığa gəlmək asan olmayacaq. Müxalif partiyalar arasında ilk ziddiyyətlər artıq yaranıb – bu, baş nazirin namizədliyi məsələsidir.
“Vahid Milli Hərəkat” baş nazirliyə Mixail Saakaşvilini namizəd göstərib ki, bu da bir çox digər müxalif partiyalar, məsələn, onun keçmiş tərəfdaşları olan “Avropa Gürcüstanı” partiyası və digərləri üçün qəbuledilməzdir.
“Aqmaşenebeli Strategiyası” partiyasının banisi Giorgi Vaşadze də özünü baş nazirliyə namizəd elan edib.
Partiyaların çoxu seçkilərə qədər hökumət başçısı postuna namizədlər haqda danışmağı vaxtsız hesab edir.
Rusiyayönlü partiyalar varmı?
Seçkilərdə iştirak edən 48 partiya və iki blokdan heç biri Gürcüstanın öz gələcəyini Rusiya ilə bağlamalı və onun orbitinə qayıtmalı olduğunu açıq demir.
Amma bu o demək deyil ki, ölkədə rusiyayönlü qüvvələr yoxdur.
İrma İnaşvilinin rəhbərliyi altında “Vətənpərvərlər Alyansı” rusiyayönlü partiyalar arasında ən populyarıdır. Müxtəlif sorğuların nəticələrinə görə, bu partiya üç faizdən beş faizə qədər reytinqə sahibdir.
Bu partiya müxalifətin ittifaqında iştirak etmir və ekspertlərin qeyd etdiyi kimi hakimiyyətin peykidir. Hakimiyyətə lazım olsa, koalisiya hökumətinin yaradılmasında kömək edə bilər.
Rusiya müxalifətinin lideri Mixail Xodorkovski tərəfindən yaradılan “Dosye” jurnalist araşdırmaları platforması “Vətənpərvərlər Alyansının” Rusiya tərəfindən maliyyələşdirildiyinə, seçkiqabağı kampaniyasının isə Rusiya hakimiyyəti ilə əlaqəli olan və bu haqda dövlət strukturları qarşısında hesabat verən insanlar tərəfindən planlaşdırıldığına dair sənədlər dərc edib.
•Peyvənddən imtina, homofobiya, Rusiyaya rəğbət – kilsə Gürcüstanın qərbyönlü kursuna mane olurmu?
Ekspertlər hesab edirlər ki, Rusiya təhlükəsizndən diqqəti yayındırmaq üçün bu partiya anti-Qərb və anti-Türkiyə seçkiqabağı ritorikası ilə seçilir.
Məsələn, seçkiqabağı banerlərindən birində Gürcüstan xəritəsi əks olunub və orada Açara regionu işğal edilmiş Abxaziya və Cənubi Osetiiya ilə eyni rəngdə göstərilib. Reklam lövhəsində Türkiyəni işarə edən üç ox təsvir olunub, mətndə isə “Açaranın müdafiəsinə” çağırış ifadə olunub
Seçki hesabı. Nə qədər seçici, məntəqə və sairə var?
Gürcüstanda ümumilikdə üç milyon 526 min 023 nəfər seçici var. Onlardan 14170 nəfəri xaricdədir. (Bu, 2018-ci il parlament seçkilərinin ikinci turundakından 2635 seçici azdır. O zaman 3 528 658 seçici eydiyyatdan keçmişdi).
Ümumilikdə Gürcüstanda 30 seçki dairəsi var. Xaricdə isə 55 məntəqə açılıb.
Ən böyük 23 saylı dairədə 155 min 010 seçici qeydiyyatdan keçib. Kutaisi şəhəri ora daxildir.
Tbilisidə ən böyük dair 5 saylı Samqori dairəsidir.
Koronavirusa yoluxanlar üçün və özünütəcrid rejimində olanlar üçün 149 daşınan qutu nəzərdə tutulub.