Gürcüstan NATO-nun növbəti sammitində iştirak etməyəcək
Gürcüstan NATO-nun növbəti sammitində iştirak etməyəcək, çünki bu səfərki toplantı daha kiçik miqyasda keçiriləcək və ABŞ prezidenti Donald Trampın NATO ilə tanışlığına həsr olunacaq. Bunu Gürcüstanın Avropa və Avroatlantik məkana inteqrasiyası məsələləri üzrə dövlət naziri Viktor Dolidze deyib.
Nazirin IPress agentliyinə müsahibəsində qeyd edib ki, bununla belə Gürcüstan mövzusunun sammitin gündəminə salınması istiqamətində Tbilisi iş aparır.
“Bu, NATO-nun daxili sammiti olacaq və bununla bağlı bizim müxalifət tərəfindən populist çıxışlar olacaq – bizi dəvət eləməyiblər və s. Çox güman ki, biz iştirak etməyəcəyik, amma məsələmizin ən vacib məsələlərdən olması istiqamətdə işləyirik”, – Dolidze bəyan edib.
Bu bəyanat müxalifətdə kəskin reaksiya doğurub. “Avropa Gürcüstanı – ən yaxşı gələcək naminə” fraksiyasının üzvü Georgi Tuquşinin sözlərinə görə, hakimiyyət ABŞ-ın yeni administrasiyası ilə yaxınlaşmaq imkanlarından yararlanmayıb.
“Bu, ondan xəbər verir ki, NATO-ya inteqrasiyaya yanaşma dəyişib və hakimiyyət daha əvvəl Gürcüstanın beynəlxalq gündəmdə olmasını istəmədikləri haqda deyilənləri yenidən təsdiqləyir”, – Tuquşi bildirib.
Bir neçə gün əvvəl Gürcüstanın İctimai kanalına müsahibəsində NATO Baş Katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay bildirmişdi ki, növbəti sammitə yalnız alyans üzvləri toplaşacaq.
“Bu sammit ənənəvi olmayacaq. 2017-ci ildə sammitdə ancaq üzv-ölkələr iştirak edəcək, tərəfdaşlar isə yox. 2018-ci ildə isə tərəfdaş ölkələr üçün sammit keçiriləcək”, – Appaturay deyib.
NATO-nun növbəti sammiti yayda Brüsseldə keçiriləcək. Xatırladaq ki, NATO üzvlüyü Gürcüstanın deklarasiya edilmiş məqsədidir. 2008-ci ilin yanvarında plebisit zamanı ölkə vətəndaşlarının 77 faizi NATO-ya daxil olmağın lehinə səs verib. Amma 2008-ci ilin mayında Buxarestdəki sammitdə Gürcüstan üzvlük üzrə fəaliyyət Planını (MAP) əldə edə bilmədi, bunun əvəzində sammitin deklarasiyasında qeyd olundu ki, əgər müvafiq meyarlara cavab versə, gələcəkdə Gürcüstan mütləq alyans üzvü olacaq.
Gürcüstan 2008-ci ildən NATO ilə İllik fəaliyyət planı formatında əməkdaşlıq edir. 2014-cü ildə NATO Gürcüstana ölkənin müdafiə gücünü artırmaq istiqamətində əməkdaşlığın yeni mərhələsini nəzərdə tutan “Zəruri paket” təqdim etdi. Paket çərçivəsində 2015-ci ildə Tbilisi yaxınlığında NATO ilə müştərək təlim mərkəzi (Joint Training and Evaluation Center) açıldı.
Gürcüstan iki batalyon göndərməklə NATO-nun Əfqanıstanda keçirdiyi ISAF əməliyyatında iştirak edib.