“Gürcüstan müxalifəti namizəd statusu üçün az qala bizə yalvarırdı” – Avropa Parlamentinin deputatları
Avropa Parlamentinin deputatları Gürcüstan haqqında
Avropa Parlamentinin deputatları Marketa Qreqorova və Viola fon Kramon iyunun 22-də Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin parlamentdəki çıxışına Twitter-də cavab veriblər. Baş nazir müxalifəti Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane olmaqda ittiham edib.
Marketa Qreqorovanın sözlərinə görə, o, İrakli Qaribaşvilini Brüsseldə görməyib, müxalifət nümayəndələri ilə görüşüb və onlar deputatlardan Gürcüstana namizəd statusunun verilməsində dəstək vermələrini xahiş ediblər.
“Brüsseldə olmusunuz? Mən sizi görmədim. Amma müxalifət nümayəndələri ilə görüşlərdə olurdum və demək olar ki, hamısı bizə yalvarırdılar ki, namizəd statusu verək. Ona görə də yalan danışmayın. Brüsselə gəlin, danışarıq. Problem yaratmayın, həll edin”, – Qreqorova yazıb.

Von Kramon iddia edir ki, o, Bratislavada olarkən İrakli Qaribaşvilidən görüş istəyib, lakin onun sözlərinə görə, Gürcüstanın baş nazirindən cavab gəlməyib.
“Hətta ondan Bratislavada olduğu müddətdə mənimlə şəxsən görüşməsini xahiş etdim. Təəssüf ki, cavab olmadı. Buna görə çox təəssüflənirəm, amma biz başqa nə edə bilərdik?”, – deyə Avropa Parlamentinin deputatı yazıb.
Avropa Komissiyası iyunun 17-də Gürcüstan, Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsi məsələsi ilə bağlı hesabat hazırlayıb. Nəticədə Ukrayna və Moldova Aİ-yə namizəd statusu alacaq və müəyyən öhdəlikləri yerinə yetirməli olacaq, Gürcüstan isə əvvəlcə şərtləri yerinə yetirməli, sonra isə namizəd olmaq şansı qazanmalıdır.
Gürcüstanda media azadlığının və jurnalistlərin təhlükəsizliyinin pozulması ilə bağlı qətnamə iyunun 9-da Avropa Parlamenti tərəfindən təsdiqlənib.
İyunun 20-də Tbilisidə parlament binası qarşısında Gürcüstanın Avropa kursuna dəstək üçün misli görünməmiş irimiqyaslı aksiya keçirilib. Mitinqə toplaşan minlərlə insanın məqsədi gürcü xalqının Avropaya, Avropa dəyərlərinə sədaqətini nümayiş etdirmək olub.
Bu aksiya Avropa İttifaqının iyunun 24-də Gürcüstanla bağlı qəbul etməli olduğu mühüm qərardan əvvəl baş tutub. Həmin gün Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu alıb-almayacağına qərar veriləcək.
Avropa Parlamentinin deputatları Gürcüstan haqqında