Gürcüstan məktəbləri yeni reallıqda
Maradia Tsaava, Tbilisi
Gürcüstanda 593 min məktəbli var. Onların 89 faizi və ya 527 mini dövlət məktəblərində, qalanı isə özəl məktəblərdə oxuyur.
Gürcüstanda təhsil prosesi pandemiya səbəbindən martın 3-dən dayandırılıb və minimum sentyabra qədər bərp olunmayacaq. Distansion təhsil Gürcüstanda yenilikdir. Bundan əlavə, mövcud qanunvericilik bu metodu qəbul etmir. Buna görə təhsil prosesi dayandıqdan sonra təhsil sisteminə yeni reallığa öyrəşmək üçün bir neçə həftə lazım oldu.
Online rejim üçün Microsoft Teams bazası üzərində çalışan bir neçə proqram təminatı yaradıldı. Özəl məktəblərdə üstünlük Zoom-a verilirdi. Hökumət öz növbəsində məktəblərə pulsuz, yüksək internet sürəti tələb etməyən, gürcü platforması Feedc Edu-nu təklif etdi.
Paralel olaraq İctimai televiziya məktəblilərə milli təhsil proqramı dərslərini təqdim edən “Teleməktəb” verilişi açdı.
Kompütersiz və internetsiz uşaqlar
Onlayn təhsil bütün məktəblilər üçün əlçatan olmadı. 20 faizə yaxın məktəblinin kompüter və digər elektron cihazı yoxdur. Beləliklə onlayn-tədrisə keçid Gürcüstandakı ağır sosial problemləri daha çox qabartdı. Minlərlə uşaq öz həmyaşıdları ilə qeyri-bərabər vəziyyətə düşdü və onların təhsil hüququ pozuldu.
Bu hallarda sistem əlacsız qalıb. Müəllimlər kompüteri olmayan uşaqlarla və onların ailələri ilə ancaq telefonla əlaqəyə girə bilirdi. Bundan başqa problemlər də ortaya çıxıb. O cümlədən də müəllimlərdə. Onların bir hissəsi müasir texnikadan lazımi səviyyədə istifadə edə bilmədiyi üçün çətin vəziyyətdə qalıb.
Levan Kvaratsxeliya Gürcüstanın qərbində yerləşən Tsalencir bələdiyyəsinin məktəblərinin birində fizika müəllimidir. Distansion tədris təcrübəsi indiyə qədər olmayıb.
«Texniki problemlərlə yanaşı psixo-emosional amil də var. Birdən birə bütün məktəblər bağlandı, hamı evə yığışdı və bu, hamını şoka saldı. Yeni şərtlərə uyğunlaşmağa məcbur olduq. Və normal vaxtda təlimlərdə olduğundan daha tez».
Levan Facebook-da bütün siniflər üçün səhifələr açıb, bütün dərslərin videosunu səhifələrə yükləyir. Onun fikrincə, texniki səbəblərdən həmişə istədiyi kimi keçməyən onlayn dərslərə nisbətən, uşaqlar üçün dərsi anlamaq belə daha rahat olur. Onun sözlərinə görə, bir neçə şagirdində nə kompüter var, nə internet.
«Bizim yetərincə varlı mobil rabitə operatorumuz var. Bu çətin dönəmdə heç bir güzəşt təklif etməyəcəyini eşidəndə çox təəcübləndim», – Levan Kvaratsxeliya deyir.
Onun sözlərinə görə, onlayn tədris tək uşaqlar üçün deyil, həm də müəllimlər üçün çətin oldu:
«Uşaqların diqqətini toplamaq üçün daha çox enerji sərf olunur. Sinifdə dərs keçmək daha rahatdır. Bu gün müxtəlif siniflərdə dərs deyən müəllimlərdə iş günü normalaşdırılmamış oldu».
Təhsil Koalisiyasının direktoru Giorgi Çanturiya hesab edir ki, hökumət tərəfindən distansion təhsil üçün edilən tədbirlər, yalnız internet və texnikaya çıxışı olanlar üçün uyğun oldu.
«Biz Təhsil Nazirliyi ilə müştərək distansion təhsil prosesinə qoşula bilməyən uşaqlar üçün çap materialları hazırlayırıq. Bir sıra, həm dövlət, həm özəl məktəbləri onlayn rejimə uğurla keçib, amma problemli məktəblər də var», – Çanturiya deyir.
Pandemiyadan sonra
Təhsil sahəsi üzrə ekspert Simon Canaşiyanın sözlərinə görə, onlayn təhsillə bağlı problem tək kömpütersiz şagirdlərdə və ya texniki xarakterli deyil. Bilavasitə təhsil prosesində ciddi nöqsanlar var. Ailədəki cihazların sayı, fərdi məkan, internetin sürəti, motivasiya – bu amillərin hamısını nəzərə almaq lazımdır.
«Onlayn kursların öz xüsusiyyətləri var. Onlayn təhsil üçün başqa təcrübə və bilik lazım olduğu halda bizdə adi məktəb dərslərini onlayn formata çevirmək istəyirlər. Bizdə heç kim keçidə hazır deyildi».
Psixoloq Maiko Nanitaşvili deyir ki, məktəbin uşaqların həyatından itməsi ən pis hadisədir. Belə ki, məktəbdə uşaq təhsildən əlavə həyat üçün lazımi sosial vərdişlər qazanır.
Amma o, müsbət tərəfin olduğunu da qeyd edir:
«Uşaqlar internet məkanından düzgün istifadə etməyi öyrənir. Distansion iş təcrübəsi əldə edir. Onlar üçün onlayn təhsil böyüklərdə olduğu qədər çətin baryer deyil».
Təhsil Koalisiyasında distansion təhsilə məcburi keçidi ən azı təhsil sisteminin təhlili üçün müsbət hal kimi qəbul edirlər.
«Pandemiya olmasaydı, distansion təhsilin tətbiqi üçün illər lazım olacaqdı, belə ki, bu cür təhsil sistemi bizdə qəbul olunmayıb. İndi isə qanunvericilikdə dəyişikliklər gözləmək lazımdır və bunu ancaq alqışlamaq olar», – koalisiyanın direktoru Giorgi Çanturiya deyir.
Simon Canaşiya isə istisna etmir ki, distansion təhsil uşaqların o qədər xoşuna gələcək ki, pandemiya geri çəkiləndən sonra onlara adi rejimə keçmək çətin olacaq.