Gürcüstan turizmi yenidən inkişaf etdirməyə başlayır?
Gürcüstan atrıq yaydan etibarən turizmi bərpa etmək niyyətindədir. İyunun 15-dən Gürcüstanda otellər və digər turizm obyektləri açılacaq – daxili turistlər üçün. İyulun 1-dən isə ölkə bu il ərzində ilk əcnədi turistləri qəbul edəcək. Bu, Gürcüstan hökumətinin planıdır və müvafiq olaraq Gürcüstan dünyada COVID-19 virusunun yaratdığı böhrandan sonra turizmi açan ilk ölkə olacaq. Bu plan nə dərəcədə realdır və Gürcüstan bu yay mövsümün açılışına nə dərəcədə hazırdır?
Hökumət nə etməyə hazırlaşır?
Gürcüstanda turizminin sürətli bərpasına artıq toplanmış təcrübə kömək edəcək – burada insanların mehmanxanalarda karantinə yerləşdirilməsi və onlara xidmət göstərilməsi nəzərdə tutulur – baş nazir Giorgi Qaxariya hesab edir.
Gürcüstan hökuməti turistlərə koronavirusdan “təhlükəsiz” kurortlar təklif etmək niyyətindədir – Sxaltubo, Qudauri, Sairme, Abastumani, Borjomi və digərləri bura aid ola bilər.
- Gürcüstan: turizmin aqibəti necə olacaq?
- “Roma Papasında daha böyük katolik olmaq”. Gürcüstanlı ekspertlər iqtisadi böhrandan çıxış yolları haqda
- Türkiyə artıq mayın sonunda turizm mövsümünü açmağa hazırlaşır. Bu, necə təşkil olunacaq? Foto
Baş nazirin sözlərinə görə, hökumət turistlərin cəlb edilməsi üçün “təhlükəsiz dəhlizin” yaradılması ilə bağlı müxtəlif ölkələrlə danışıqlara başlayacaq. Ölkəyə gələn turistlərin COVID-19 virusuna test edilməsi cəmi bir saat davam etməlidir.
Mayın 18-də baş nazir Gürcüstanın müxtəlif ölkələrdəki səfirlərinə tapşırıb ki, Gürcüstanın COVID-19 pandemiyasına qarşı uğurlu mübarizə aparan təhlükəsiz ölkə imicinin “təbliğ edilməsinə” başlasınlar.
JAMnews planın detallarını aydınlaşdırmaq üçün Gürcüstanın Milli Turizm İdarəsinə müraciət edib. Bizi iyulun 1-dən turistlərin qəbulu üçün konkret nələrin edildiyi – ölkəyə gələn qonaqlar üçün hansı yeni qaydaların yaranacağı və hansı təhlükəsizlik standartlarının tətbiq ediləcəyi maraqlandırırdı. Administrasiyadan bizə bildirildiyinə görə, plan hələ hazır deyil və təfərrüatlar yaxın zamanda məlum olacaq.
Hər şeyi yenidən başlamaq
Gürcüstanda turizm sektoru son illərdə fəal şəkildə yüksələrək, Gürcüstan iqtisadiyyatının ən mühüm sahələrindən birinə çevrilmişdi. 2018-ci ildə ölkə ÜDM-də turizmin payı 7,6 faiz təşkil edirdi.
Ötən il Gürcüstana 9,3 milyon əcnəbi qonaq gəlib (ölkə əhalisindən 2,5 dəfə çox) – bu, sovetdən sonrakı illər üçün rekord göstəricidir.
Hökumət uzun illər boyu turizm sektoruna dəstək verib. Amma pandemiya ölkədə turizmi praktiki olaraq yox həddinə çatdırıb.
JAMnews Milli Turizm Administrasiyasının keçmiş rəhbəri, indi isə “Terrace” otelinin idarəedici tərəfdaşı Maya Cidamonidze ilə iyulun 1-dən əcnəbi turistləri qəbul etməyin nə dərəcədə real olduğu və böhranın turizm industriyasına necə təsir edəcəyi haqda danışıb.
“Mən düşünmürəm ki, yaxın iki ildə Gürcüstan beynəlxalq turizmin əvvəlki səviyyəsinə və yüksəliş tendensiyasına qayıda biləcək.
Buna görə də fərdi biznesdə iyulun 1-dən vərdiş etdikləri kimi yaşayacaqlarına dair ümid yaratmaq doğru deyil.
Mənim gördüyüm ikinci problem – bu turistlərin özlərinin istehlakçı davranışlarının dəyişməsidir. Biz bilirik ki, hədsiz çox sanitar təlimatlar və qaydalar olacaq, bu prosedurlara görə növbəti bir neçə ay ərzində səfərlər radikal şəkildə dəyişəcək, onlar daha uzun və daha narahat olacaq.
Mən deyərdim ki, iyulun 1-dən biz böyük ehtimalla turizm industriyasını yenidən inkişaf etdirməyə başlayacağıq. Biz kifayət qədər ciddi problemlərlə qarşılaşacağıq, amma yeni imkanlar da yaranacaq. Biz yeni bazarlar, yeni seqmentlər haqda danışa bilərik, çünki istehlakçıların davranışları dəyişəcək və dəyişikliklər prosesində biz digər imkanları görə biləcəyik”, – Maya Sidamonidze müsahibəsində deyib.
Turizmin gələcəyi – “hasar arxasında” bahalı istirahət?
Gürcüstan hökuməti “yaşıl zona”ların – koronavirusdan azad qapalı ərazilərin yaradılması haqda anons verib. Bu isə o deməkdir ki, söhbət qətiyyən ucuz turizmdən getmir.
Maya Sidamonidze hesab edir ki, pandemiya nəticəsində dünyada turistlərin alıcılıq qabiliyyəti aşağı düşəcək, amma premium-klass məhsullara tələbat arta bilər. Buna görə də səyahətlər yaxın bir neçə ildə tamam dəyişə bilər – yerli sakinlərlə ünsiyyətdə olmaq və yerli koloritlə daha yaxından tanış olmaq üçün bir çox səyyahlar “hasar arxasında” istirahətə üstünlük verəcəklər.
“Məhz “yaşıl zonalar” və təcrid olunmuş mühit istehlakçılar üçün prioritet ola bilər ki, özünü təhlükəsizlikdə hiss etsin”, – Sidamonidze hesab edir.
Bu mənada Gürcüstanın regionlarındakı kurortlar qazanır, amma Tbilisidə yerləşən mehmanxanalar uduzur – onlar üçün turist cəlb eləmək çətin olacaq.
Eyni zamanda ekspert hesab edir ki, pandemiya, məsələn, “Airbnb” saytı vasitəsilə apartament icarəyə verən sahibkarların xeyrinə ola bilər – böyük ehtimalla bir çox səyyahlar çox insanların yerləşdiyi otellərdənsə təcrid olunmuş mənzillərə və apartamentlərə üstünlük verəcəklər.
İlk turistlər haradan gələcək?
Hökumətdə hesab edirlər ki, ölkəyə ilk olaraq yaxın ölkələrdən gələcəklər, hansılardan ki, Gürcüstana maşınla gəlmək mümkündür. Eyni zamanda hakimiyyət bəyan edir ki, uçuşların bərpa olunması üçün aviaşirkətlərlə danışıqlar aparırlar. Amma hələlik Gürcüstanın ilk olaraq hansı ölkə ilə sərhədini açacağı bəlli deyil – bu, həmin ölkələrdə pandemiyanın bundan sonrakı inkişafından asılı olacaq.
Maya Sidamonidze iyulun 1-dən dərhal sonra turistlərin təyyarə ilə ölkəyə axışacağına şübhə edir. Quru sərhədlərinin açılmasına gəlincə, ekspert hökumətə “prioritetləri sıralamağı” məsləhət görür.
Gürcüstan həmçinin rusiyalı turistləri də gözləyir – iqtisadiyyat naziri Natiya Turnava deyib. 2018-ci ildə onlar Gürcüstana səfər etmiş bütün əcnəbilərin 23 faizini təşkil edib – 1,4 milyon nəfər. Ölkədəki siyasi böhrana və Rusiya hakimiyyətinin Gürcüstana uçuşları qadağan etməsinə görə 2019-cu ildə onların sayı cəmi beş faiz azalıb.
Amma Maya Sidamonidze Rusiyanın yoluxma hallarının sayına görə dünyada ikinci yerə çıxmasına və bu vəziyyətin yaxın zamanda çətin ki düzələcəyinə diqqət çəkir. Rusiyalı turistlərin üzünə sərhədləri açmaq isə Gürcüstanın təhlükəsizliyini təhdid edir.
“Mən hesab edirəm ki, hətta əgər virus olmasaydı da, Rusiya bazarı bizim üçün istənilən halda stabil deyil. Bu gün var, sabah olmaya da bilər. Bu, həmişə siyasi manipulyasiya məsələsi olacaq. Buna görə də hesab edirəm ki,belə bəyanatlar səsləndirmək və belə qeyri-stabil bazara ümid etmək lazım deyil, bununla biz yenidən biznesdə və özəl sektorda yanlış gözləntilər yaradırıq”, – Maya Sidamonidze deyib.
Dövlətin dəstəyi
Hökumət turizm sahəsində fəaliyyət göstərən sahibkarlara yardım tədbirləri haqda elan edib. Onlar 2020-ci il ərzində əmlak vergisindən azad ediləcəklər və onlara ilin sonuna qədər gəlir vergisinin ödənməsində möhlət veriləcək. Bundan başqa, dövlət onların kreditlər üzrə bank faizlərinin bir hissəsini kompensasiya edəcək, həmçinin güzəştli kreditlər təqdim edəcək.
Bu tədbirlər yetərlidirmi? Sidamonidze hesab edir ki, sahibkarlar üçün ən əsası onları müflisləşmədən qoruyacaq sxemdir. Əsas problem isə bank borclarıdır. Onun fikrincə, beynəlxalq yardım vəsaitləri məhz bu problemin həllinə yönəldilməlidir.
“Digər tərəfdən turistlərin cəlb edilməsi üçün fəal tədbirlər görülməlidir. Belə tədbirlərdən biri uçuşların bərpa olunmasıdır, amma işlərin artıq indidən başlaması və yeni sanitar qaydaların mümkün qədər tez elan olunması lazımdır. Çünki əgər biz iyulun 1-dən işin bərpa olunması haqda danışırıqsa, müvafiq hazırlıq işləri üçün zamanımız olmalıdır.
İkincisi, artıq indidən biz fəal satış prosesində olmalıyıq, aviaşirkətlərlə danışıqlar aparmalıyıq, yeni bazarlara çıxmalıyıq, çünki bugün biz əvvəl sahib olmadığımız və yaxın illərdə yarana biləcək unikal imkanlarla qarşılaşa bilərik”, – Sidamonidze hesab edir.