“Roma Papasından daha çox katolik olmaq”. Gürcüstanlı ekspertlər iqtisadi böhrandan çıxış yolları haqda
Gürcüstan hökuməti böhran əleyhinə planı təsdiqləyib. Bu plana əsasən, koronavirus pandemiyasının səbəb olduğu böhrandan ziyan çəkmiş həm vətəndaşlara, həm də sahibkarlara yardım ayrılır. Müxalifət planı tənqid edib – əsasən müavinətlərin həcminin az olmasına görə. Eksperlər – “Transparency International Georgia“ təşkilatının analitiki Beso Namçavadze və iqtisadçı Andria Qvidiani JAMnews-a müsahibələrində hökumətin proqramına dair, həmçinin iqtisadi böhrandan mümkün çıxış yollari ilə bağlı suallara cavab veriblər.
— Dövlətin vətəndaşlara yardım üçün ayırdığı vəsait yetərlidirmi və bu vəsaiti daha səmərəli istifadə etmək olardımı?
Andria Qvidiani: Gəlin, unutmayaq ki, biz ehtiyatları məhdud olan ölkəyik, bizim böyük büdcəmiz yoxdur, təəssüf ki, biz varlı deyilik və buna görə də maliyyə yardımı bu gün ölkəmizdə mövcud olan reallığa müvafiq paylaşdırılmalıdır.
Xərclərin səmərəliliyinə gəlincə, düşünürəm ki, böhran əleyhinə plan kifayət qədər çox qrupları əhatə edir, o cümlədən də özünü işlə təmin edənləri. Həmçinin əməkhaqlarını itirən insanları.
1 milyard 35 milyon lariyə yaxın bilavasit sosial yardıma sərf olunur və mən düşünürəm ki, bu, kifayət qədər böyük rəqəmdir, büdcəmizin gəlirləri əhəmiyyətli dərəcədə azaldığı halda.
Beso Namçavadze: Birincisi, (hökumətin təklif etdiyi) yalnız planın bir hissəsidir, çünki bu, əslində sosial paketdir. Bu, uzun müddətli plan deyil. 2021-ci ildə nə olacaq? Biz bütün planı bilmirik, pandemiyadan sonra necə yaşayacağıq və hansı iqtisadi siyasəti yürüdəcəyik, bilmirik.
Təəssüf ki, hələ də insanların böyük hissəsinin pulsuz və tamamən gəlirsiz qalacağı təhlükəsi mövcuddur. Özünü işlə təmin edənlər arasında yalnız 30 faizə yaxını 300 larilik birdəfəlik yardımı ala biləcəklər. Bunun üzərində işləmək lazımdır, insanları aclığa məhkum etmək olmaz.
- Gürcüstan: turizmin aqibəti necə olacaq?
- Şərh: Gürcüstanda koronavirusla mübarizə – qaranlıqda dolaşmaq kimi
- Ermənistan: biznes koronavirusdan nə dərəcədə ziyan çəkəcək və fövqəladə vəziyyətdən sonra iqtisadiyyatı nə gözləyir?
Hökumət “kəmərləri sıxmalı” olacaqmı və xərclər azaldılacaqmı? İnfrastruktura pul xərcləməyə və vergiləri azaltmağa dəyərmi?
Andria Qvidiani: Bu mərhələdə hökumət cari xərcləri 300 milyon lariyə qədər azaldıb.
Mən hesab edirəm ki, hökumət bürokratiyaya sərf edilən xərcləri minimuma endirmək üçün bütün ehtiyatları tapmalıdır və bu ehtiyatları infrastruktur layihələri üçün istifadə etməlidir.
Ümumilikdə, mənim nəzərimcə, hökumət həcmcə nə qədər kiçikdirsə, bürokratiyaya da bir o qədər az pul xərclənir, bu, nəinki pandemiya şəraitində, ümumiyyətlə daha yaxşıdır.
Beso Namçavadze: İndi sosial şərtlər o qədər mürəkkəbdir ki, yəqin insanları dövlət sektorundakı işindən belə asanlıqla azad etmək lazım deyil. Amma məsələn, mükafat və maaşa əlavə ödənişləri kəsmək olar.
Gələn il hökumət çıxılmaz vəziyyətdə olacaq, xərcləri azaltmaq zorunda qalacaq, çünki büdcə kəsirini 3 faizlə məhdudlaşdıran qanun hökuməti bu addımı atmağa məcbur edir.
Müxalifət vergilərin azaldılması haqda danışır, amma hazırkı məqamda bu, heç nə gətirməyəcək. Amma bizim 2021 və 2022-ci illərdə necə iqtisadi siyasət aparmalı olduğumuz haqda danışsaq, o zaman mən düşünürəm ki, bizim daha çox xarici investisiya cəlb etməyimiz üçün vergi həcmlərini maksimum azaltmağa dəyər.
Amma indi onsuz da fəaliyyəti dayanmış şirkətlər ADV-dən azad edilsə, nə dəyişəcək? Heç nə. Onsuz da onlar nə ƏDV, nə gəlir vergisi ödəyəcəklər. Şirkətlər ziyan çəkdiyi bir zamanda gəlir vergisinin ləğv edilməsini tələb etməyin mənası nədir? Ən yaxşısı elə eləmək lazımdır ki, ziyan olmasın.
Gürcüstanın həm turizmdən gələn gəlirlərini itirdiyi, həm də miqrantların pul köçürmələrinin azaldığı bir zamanda itkiləri kompensasiya etmək üçün nə etmək olar?
Andria Qvidiani: Əlbəttə ki, zərbə təsirli olacaq, xüsusən də turizm və köçürmələr sahəsinə. Bu amillər bizdən asılı deyil və buna görə də dünya iqtisadiyyatı ümumilikdə bərpa olunmağa başlayana qədər konkret proqnozlar vermək praktiki olaraq mümkün deyil.
Amma əgər iqtisadi siyasət dəyişsə və hazırkı reallığa adaptasiya edilsə, biz nəinki pandemiyanın fəsadlarının öhdəsindən gələ biləcəyik, həmçinin bu imkandan gələcək inkişaf üçün də istifadə edə biləcəyik.
Bu imkanlardan biri Çin şirkətlərinin relokasiyasıdır.
Bundan başqa, bizim hidroenergetika sahəsində böyük ehtiyatımız var və burada hökumət güzəştsiz addımlar atmalıdır. Bəzi qrupların maraqlarına görə bir sıra layihələr dayandırılıb, bu isə qəbuledilməzdir.
Bundan başqa, bu gün tam elektron idarəçilik rejiminə keçmək və elektron hökumət modelini tətbiq etmək imkanının olması çox vacibdir.
Bəzən biz eşidirik ki, guya pandemiya liberal iqtisadiyyat doktrinasının işləmədiyini göstərdi. Bu belə deyil. Əksinə, indi biz həmin bu liberal islahatların keçirilməsində Roma Papasından daha çox katolik kimi davranmalıyıq və iqtisadiyyatımızı daha açıq olmasına nail olmalıyıq.
Bu gün biz əvnəbi investorlar üçün ona görə cəlbediciyik ki, digər amillərlə yanaşı iqtisadiyyatımız açıqdır, bizim çox böyük bazarlarla azad ticarət haqda razılaşmalarımız var.
Mən düşünmürəm ki, biz vergiləri azaltmağa davam etməliyik. Biz onsuz da liberal vergi siyasəti nöqteyi-nəzərindən dünyanın aparıcı ölkələrindən biriyik.
Beso Namçavadze: Mən vergilərin azaldılması haqda deyəndə, əsasən gəlir vergisini nəzərdə tuturdum. İşsizlik ölkədə ən böyük problemdir. İşçi qüvvəsi üzərindən xərclərin azaldılması isə işsizliyi azaltmaq vasitələrindən biridir.
Amma hətta əgər vergilər azaldılsa da, sərmayəçilər üçün yetərli olmayacaq. İrlandiyada vergilər bizimlə müqayisədə çox daha yüksəkdir, amma kaş ki, biz də İrlandiyanın aldığı qədər sərmayə ala biləydik.
Mən hesab edirəm ki, təhsil səviyyəsi, yəni işçi qüvvəsinin ixtisaslaşması və hüquqi sistemin nizamlanması uzunmüddətli iqtisadi yüksəliş yolunda Gürcüstan qarşısında duran bir nömrəli maneələrdir.