“Gürcüstanda 2-3 həftə sonra minlərlə insan xəstələnə bilər” – Xəstəliklərə Nəzarət Mərkəzi
Paylaşmaq
Paylaşmaq
Gürcüstanda çoxları hökumətdən koronavirusun yayılması üçün əsas təhlükələrdən biri kimi kilsələrdə kütləvi ayinlərin qadağan olunmasını tələb edir.
Aprelin 15-də Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze əhaliyə sərt müraciət edib.
“Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 300 nəfəri keçib. Bu o deməkdir ki, növbəti 2-3 həftə ölkə üçün çox ağır keçəcək. Əgər əhali sosial məsafəyə ciddi əməl etməsə, minlərlə insan koronavirusa yoluxmuş olacaq”, – Qamkrelidze xəbərdarlıq edib.
Aprelin 15-ə qədər Gürcüstanda 306 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 69 nəfər sağalıb, üç nəfər ölüb. 4,990 nəfər karantində, 462 nəfər isə xəstəxanada nəzarət altındadır.
Qamkrelidze hesab edir ki, Tbilisi küçələrində hələ də çox sayda insan və maşın var, bir yerdə toplaşanlar da az deyil.
“Bu, odla oynamaqdır”, – Qamkrelidze deyib.
“Dünya təcrübəsi göstərir ki, yoluxanların 20-30 faizinin intensiv terapiyaya ehtiyacı olacaq. Bu, səhiyyə sistemi üçün böyük yükdür və o zaman itkilərə hazır olmaq lazımdır”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri bildirib.
Yeni yoluxanlar arasında “təcili yardım” briqadasından beş nəfər var. Kobuleti Tibb Mərkəzinin həkimində və tibb bacısında da diaqnoz təsdiqlənib.
Daxili epidemiya təhlükəsinə görə artıq Marneuli, Bolnisi və Lentexi şəhərləri, o cümlədən də dənizkənarı Kobuleti rayonunun dörd kəndi karantin altına alınıb. Aprelin 15-dən Kaspi rayonunun Xolva kəndi də onların sırasına qatılıb.
Aprelin 15-i axşam saatlarından etibarən paytaxt Tbilisi və daha üç böyük şəhərə: Kutaisi, Batumi və Rustaviyə giriş və çıxışlar bağlanıb.
Ölkədə martın 21-dən fövqəladə vəziyyət qüvvədədir və böyük ehtimalla mayın 10-a qədər uzadılacaq.
Martın 31-də ölkə ərazisində komendant saatı tətbiq edilib.
Ola bilər ki, Pasxa (19 aprel) ilə əlaqədar olaraq insanların kütəvi toplaşmasının qarşısını almaq üçün bütün ölkədə məzarlıqlar müvəqqəti olaraq ziyarətə bağlanacaq.
Gürcüstanda açıq şəkildə fövqəladə vəziyyət rejiminin şərtlərinə və qoyulan qadağalara əməl etməyəcəyini bildirən yeganə institut Gürcüstan Patriarxlığıdır.
Yüksək mövqeli din xadimləri açıq bəyan edirlər ki, Pasxa gecəsi – aprelin 18-dən 19-a keçən gecə kilsə camaatının iştirakı ilə liturgiya keçirmək niyyətindədirlər. Həmçinin kilsə “priçişenie” ayinini ənənəyə uyğun olaraq hamı üçün bir qabdan istifadə etməklə həyata keçirməkdə israrlıdır.
“Zanbaq satmağa görə cərimə – amma yüzlərlə insan kilsələrdə toplaşa bilər” – cəmiyyətdə etiraz
“Biz insanları evə qapadıb, evdə olduqları müddətdə nə yeyəcəklərini belə deməmişik. Hökumətin öz tələblərini böyük fiqurlara çatdırmaq cəsarəti yoxdur, amma çörək pulu qazanmaq üçün zanbaq satan 73 yaşlı adamı cərimələyir”, – “Avropa Gürcüstanı” partiyasının təmsilçisi Akaki Boboxidze deyir.
Boboxidze Telavi şəhərinin yaşlı sakini Mişa Karaulaşvili ətrafında baş verən qalmaqallı hadisəni nəzərdə tutur. O, öz bağında becərdiyi zanbaqları “Söyüdlü bazar” günü kilsənin yanında satdığı üçün 3000 lari [1000 dollar] həcmində cərimələnib.
Polis ona yaxınlaşdığı zaman Karaulaşvili cəmi 9 çiçək satmağa macal tapıbmış.
Bu hadisə haqda Azadlıq Radiosu xəbər verib. Facebook-da dərhal yaşlı adamın cəriməsini ödəmək üçün pul toplamağa başlayıblar. Jurnalistlərin bildirdiyinə görə, artıq Mişa Karaulaşvilinin hesabına beş min laridən çox pul köçürülüb.
“İndi mən həqiqətən qorxuram. Bir gündə çox sayda yoluxma baş verib, amma aydın olur ki, hökumət kilsənin öhdəsindən gələ bilmir. Məndən evdə qalmağımı tələb edirlər, amma bununla belə çoxlarına küçəyə çıxmaq olar [kilsəyə getmək bəhanəsi ilə]”, – Facebook-dakı çoxsaylı şərhlərdən biri.