Peyvənddən imtina, homofobiya, Rusiyadan sentimentlər – kilsə Gürcüstanın Qərbyönlü kursuna mane olurmu?
Kilsə Gürcüstanda ən nüfuzlu institutdur. Amma onun bir çox ideyaları hakimiyyətin Qərbyönlü kursu ilə demək olar ki, üst-üstə düşmür. Ekspertlər kilsədə homofobiyadan, onun Rusiyayönlü simpatiyalarından və başqa aspektlərdən danşırlar. Ölkə üçün vacib olan və 2020-ci ilə təyin edilən parlament seçkiləri yaxınlaşdıqca, bu gizli münaqişə kəskinləşə bilər.
Koronavirus pandemiyasına görə bir çox ölkələrdə xristian məbədlərinin qapıları aylardı bağlıdı. Amma Gürcüstan bəlkə də yeganə pravoslav ölkəsi oldu ki, burada nəinki ibadətləri ləğv etmədilər, hətta dindarları məbədlərə gəlməyə çağırırdılar.
Ölkənin ən nüfuzlu institutu olan pravoslav kilsəsi faktiki olaraq, fövqəladə vəziyyətin şərtlərinə əməl etməkdən imtina etdi və hətta karantin günlərində ibadətləri dayandırmadı.
Kilsənin bu cür davranışı cəmiyyəti yenidən parçaladı və Gürcüstan pravoslav kilsəsi qanundan kənarda durubmu – mövzusunda müzakirələrə səbəb oldu.
Bundan başqa, nüfuzlu ruhanilər özlərinin moizələrində bəyan etdilər ki, əhalinin hələ mövcud olmayan peyvəndlə koronavirusdan vaksinasiyasına imkan verməyəcəklər.
Yepiskoplardan biri isə Qərb ölkələrinin Gürcüstanın işlərinə qarışmağına qarşı çıxış etdi və ölkənin xarici siyasi kursu məsələsi ilə bağlı referendum keçirməyi tələb etdi.
Oktyabrda baş verəcək parlament seçkiləri yaxınlaşdıqca ekspertlər kilsənin Gürcüstan siyasətində daha da fəallaşacağını gözləyirlər.
Kilsə və koronavirus
2020-ci ilin mart ayında Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı elan ediləndə və şəxsi avtomobillərdə hərəkət qadağan olunanda, ruhanilər öz maşınlarından istifadə edirdilər – onların xüsusi icazələri varıydı.
«Adamın başı bəlada olanda, dua xüsusilə vacibdir. Kilsə koronavirusa görə bağlı olanda ümudsiz qalan insanlar nə etməlidir?», – 30 il ərzində hər istirahət günündə Müqəddəs Nikolay kilsəsinə gələn 65 yaşlı Manana Kvantaliani deyir.
• Gürcüstan və koronavirus – uğur yoxsa bəxt?
• Pandemiya Gürcüstanda hakim partiya üçün şansdır?
O deyir ki, diabetinin olmasına və risk qrupuna daxil olduğuna baxmayaraq, fövqəladə vəziyyət zamanı bütün ibadətlərdə iştirak edib.
“Facebook”da haqqımızda dəhşətli şeylər yazırdılar. Deyirdilər ki, biz qatilik, “kilsə klasteri” yaranacaq, hamımız yoluxacağıq. İndi bu klaster hardadır? Heç kim kilsədə yoluxa bilməz. İnamınız varsa, virus sizin üçün qorxulu deyil”.
Həqiqətən də proqnozlar və əndişələr özünü doğrultmadı. Keşiş və ipadiakonun yoluxmasından başqa, kütləvi yoluxmalardan qaçmaq mümkün oldu.
Amma ekspertlər deyir ki, kilsənin ümumi qaydalara riayət etməməsi ilə bağlı qərarı başqa mənada vacid ibi – kilsə göstərdi ki, bu yaxınlarda baş verən bir neçə səs-küylü qalmaqala baxmayaraq, o hələ də ölkədə ən güclü nüfuzlu qüvvə olaraq qalır və onun sözünün böyük çəkisi var.
«Kilsə öz nüfuzunu bərpa etməyə və kütlələrə təsir etməyə çalışır.
Əslində söhbət lazım olarsa, hökumətə müqavimət göstərə biləcək fanatik və ekstremist qüvvələri birləşdirməkdən gedir ki, hökumətlə alver etmək mümkün olsun.
Beləliklə də onlar daha böyük xeyir götürəcəklər», – teoloq Giorgi Tiqinaşvili deyir.
Həlledici seçkilərin ərəfəsində, ekspertlərin fikrincə, hakimiyyətin dindarlara və cəmiyyətin mühafizəkar hissəsinə qarşı durmağa nə gücü var, nə istəyi.
«Dövlət praktiki olaraq, öz funksiyasını yerinə yetirməkdən imtina etdi. Hakim “Gürcü arzusu” partiyası dərk edir ki, ona kilsənin köməyi lazımdı və onunla münaqişəyə girə bilmir», – politoloq Giya Nodiya deyir.
Ən güclü, zəngin və nüfuzlu
Gürcü pravoslav kilsəsinin intibahı 1990-cı illərdə Gürcüstan müstəqillik əldə edəndən sonra başladı, din isə Sovet İttifaqının dağılması ilə yaranan ideoloji vakuumu doldurdu.
Bu gün pravoslav kilsəsi Gürcüstanda ən zəngin və yaxşı təşkilatlanmış qurumlardan biridir. Hər il o, mərkəzi büdcədən təxminən 25 milyon lari [təxminən $8 milyon] alır. Onun həm də böyük miqdarda daşınmaz əmlakı var – patriarxiyanın mülkiyyətində 62,7 kvadrat kilometrdən çox torpaq var, bu da Batumi şəhərinin sahəsinə bərabərdir.
Gürcü kilsəsinə 47 yepiskopdan ibarət sinod rəhbərlik edir. Onlardan 41 nəfəri sahibkarlıq fəaliyyəti ilə məşğuldur, vergi və başqa imtiyazlardan istifadə edir, böyük mülkiyyəti var.
2014-cü ilə aid əhalinin siyahıya alınmasına görə, 83 faiz Gürcüstan vətəndaşı özlərini pravoslav xristian hesab edir.
ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) tərəfindən 16 yanvar 2020-ci il tarixində dərc olunan sorğuya əsasən, 66,3 faiz respondent Gürcüstan patriarxına tam etibar edir, kilsənin reytinqi isə 50 faiz təşkil edir.
Bundan əvvəlki sorğularla müqayisədə, bu, ən aşağı göstəricidir.
Son iki-üç il ərzində kilsə ağır dövr yaşayıb – onu dəfələrlə qalmaqallar sarsıdırdı. İş orasındadır ki, Gürcüstanın Katolikos-patriarxı İkinci İliyanın 87 yaşı var və o, tez-tez xəstələnir, buna görə də kilsədə patriarx taxt-tacı uğrunda kəskin mübarizə gedir.
İlk qalmaqal 2017-ci ilin əvvəllərində “Sianid haqqında iş” oldu, bu iş üzrə protoiyerey Giorgi Mamaladze həbs edildi. İstintaqın ilkin versiyasına görə, o, patriarxı natri sianidi ilə zəhərləmək istəyirdi. Daha sonra isə patriarxın katib-referentini zəhərləmək cəhdinə görə həbs edildi.
Bu, kilsə daxilində nəzarət olunmayan proseslərə gətirib çıxardı. Ruhanilik müxtəlif cəbhələrə parçalanaraq, bir-birini müxtəlif cinayətlərdə və ya ağır günahlarda ittiham etməyə başladı. İş o yerə çatdı ki, sinod üzvlərindən biri vladıka Petre patriarxın özünü “pedofiliyada” ittiham etdi.
Ruhanilər həm də bir-birlərini korrupsiya və “sodom günahında” ittiham edirlər.
“Bu yaxınlarda baş verən hadisələr kilsənin reputasiyasına ciddi zərər yetirdi, o, durmadan aşağı düşür, amma o dərəcədə yox ki, hökumət onunla hesablaşmasın”, – Giorgi Tiqinaşvili belə hesab edir.
Onun fikrincə, koronavirus pandemiyası, həm də irəlidən gələn seçkilər kilsə üçün onun hələ də güclü və nüfuzlu olduğunu sübut etmək üçün yaxşı şansdır.
Fövqəladə vəziyyət zamanı öz nüfuzunu göstərən kilsə artıq ilk maddi xeyrini aldı – bir neçə həftə əvvəl parlament hakim partiyanın təşəbbüsü ilə ölkədə hər bir kilsə və monastıra yaxında yerləşən 20 hektar meşə təsərrüfatınının pulsuz verilməsi haqda qanun qəbul etdi.
«Seçkilərə qədər bu cür hədiyyələr daha çox olacaq. İndiki hökumət bütün resurslardan, o cümlədən də kilsənin dəstəyindən hakimiyyəti əlində saxlamaq üçün maksimal şəkildə istifadə edəcək. Kilsə də təbii ki, heç bir hədiyyədən imtina etməyəcək», – Tiqinaşvili deyir.
Kilsə və siyasət
Seçkilərdə kilsə adətən həqiqətən də vacib rol oynayır.
Misal üçün, 2012-ci il parlament seçkilərində kilsə siyasi neytrallığını elan edəndə, ayrı-ayrı ruhanilər özlərinin moizələrində o vaxtkı Mixail Saakaşvili hakimiyyətinə qarşı, “Gürcü arzusu” və onun lideri Bidzina İvanişvilini təbliğ edən kampaniyalar keçirirdilər.
YouTube-da bu cür moizələrlə onlarla videoya rast gəlmək olar.
Ekspertlər deyir ki, bu dəfə də kilsə müstəqil müşahidəçi olmayacaq. Teoloq Levan Abaşidze bu vəziyyəti təbii hesab edir:
«Müxalifət, xüsusən də “Vahid Milli Hərəkat” (keçmiş prezident Saakaşvilinin partiyası) daha çox liberallığı ilə xarakterizə olunur. Kilsə ənənələrin tərəfdarıdır, daha çox hakim partiyaya meyllənir, çünki bu partiyanın ənənələrə daha çox dəyər verdiyi hesab olunur».
Problem təkcə kilsədə deyil, həm də əsasən, kilsədən istifadə edib, onunla manipulyasiya etməyə çalışan siyasətçilərdədir, – Abaşidze deyir.
Siyasət kilsənin müdaxilə etdiyi yeganə həyat sahəsi deyil.
Misal üçün, cinsi tərbiyə dərslərinin tədrisi məsələsi müzakirə olunan parlament sessiyalarından birinə kilsə nümayəndələri gələrək, faktiki olaraq, iclasın işini pozdular, çünki kilsə bu fənin məktəbdə tədrisinə qarşıdır.
Ruhanilər həm də anti-diskriminasiya qanununun müzakirəsinə qarşı kəskin çıxış etdilər, qanunun mahiyyəti din və seksual oriyentasiya da daxil olmaqla, müxtəlif əlamətlər üzrə ayrı-seçkiliklə mübarizədən ibarətdir.
Parlament qanunu qəbul etdi, çünki bunu beynəlxalq institutlar tələb edirdi, amma kilsənin tələbi ilə əməlli-başlı dəyişdirilmiş formada.
Kilsənin təsiri ən müxtəlif situasiyalarda özünü göstərir. Misal üçün, keşişlər dindarları elektron şəxsiyyət vəsiqələrinə qarşı aksiyalara çıxardılar, çünki bu vəsiqələrdə “şeytan işarəsi” gördülər.
Keşişlər radikal təşkilatlarla birlikdə kinoteatrlarda eyni-cinslilərin sevgisi haqqında filmin nümayişini dayandırmağa çalışdılar.
Ruhanilər LGBT-yə qarşı bütün mitinqlərdə iştirak edirlər.
Bir çox LGBT nümayəndələri ölkəni tərk etməyə məcbur olur, onların ailələrini isə təhdid və təhqir edirlər
17 may 2013-cü il tarixində keşişlərin başçılıq etdiyi kütlə Homofobiya ilə mübarizə gününə həsr olunmuş mitinqi amansızca dağıtdı. 2014-cü ildə isə patriarx bu günü Ailənin müqəddəsliyi günü elan etmək qərarına gəldi.
Həmin vaxtdan yüzlərlə insan – ruhanilər və dindarlar – mayın 17-də yığışıb, xaç və ikonalarla yürüş keçirirlər, LGBT tərəfdarları isə həmin gün küçələrə çıxmağa qorxur.
«Kilsə həmişə vətəndaşların qərarlarına veto qoya biləcək qüvvə olub. O, qanun və konstitusiyadan yüksəkdə olmaq iddiasındadır və kilsənin fikrincə, ona dəxli olan məsələlərdə dövlət onsuz qərarlar qəbul etməməlidir», – politoloq Giya Nodiya hesab edir.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq isə gürcü ruhaniləri elmlə çox az bağlılığı olan qəribə bəhyanatlar etməyə başladı
Misal üçün, yepiskoplardan biri – vladıka Nikoloz – koronavirusa qarşı gələcək peyvəndi “şeytən əməli” adlandırdı. Başqa yepiskop – Saba – moizə zamanı bildirdi ki, bu peyvənd “əsarət” üçün yaradılacaq və “bu günkü virus insanlara təsir etmək üçün şeytanın əlində vasitədir”.
Bu cür bəyanat “kilsə nümayəndələrinin savadsızlığından başqa”, həm də Rusiya informasiya gündəmi ilə diktə edilir, teoloq Giorgi Tiqinaşvili deyir:
«Rusiya kilsəsi və Kreml insanları eynicinslilərin nigahı, Qərbdə əxlaqsızlıq, Qərbin bizi yoldan çıxarma və çiplər, vaksin və s. vasitəsilə itaəti altına salma ilə bağlı cəhdləri kimi şeylərlə qorxudurlar. Bu mesajlar Kremlin onları yaymaq imkanı olan hər yerdə eynidir».
Rusiya yoxsa Qərb?
Mayın 24-də bazar günü moizəsi zamanı sinod üzvü, yepiskop Anton dindarlara danışıb ki, Gürcü kilsəsinə qarşı təşkilatlanmış hücum həyata keçirilir və bütün bunların arxasında Qərb durur.
O, Qərb tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarını tənqid edərək bildirdi ki, “onlar var gücləri ilə insanları kilsəyə nifrət etməyə və LGBT üzvlərini dəstəkləməyə məcbur etməyə çalışırlar”.
O, həm də “Biz bu cür Avropanı istəyirikmi?” sualı ilə referendum keçirmək təşəbbüsü ilə çıxış etdi.
Rəsmi olaraq, gürcü patriarxiyası Gürcüstan hökumətinin Qərbyönlü kursunu dəstəkləyir.
Bununla belə, öz moizələrində keşişlər çox vaxt tam əksini təbliğ edir – Qərbin dəyərləri gürcü ənənələri ilə bir araya sığmır, eyni dindən olan Rusiyadan fərqli olaraq.
«Ruhanilər bu cür bəyanatlar edəndə bu, kilsə daxilində müəyyən azadlıqdan xəbər verir. Onlar belə hesab edir və bunu təbliğ edirlər. Amma bu, kilsənin mövqeyi demək deyil», – patriarxiyanın mətbuat spikeri, protoiyerey Andriya Caqmaidze ruhanilərin moizələrini bu cür şərh etdi.
Gürcü patriarxiyasının Rusiya və Rusiya pravoslav kilsəsinə bu cür ehtiyatlı yanaşması Ukrayna kilsəsi avtokefaliyası mövzusunda da özünü göstərdi.
Ekspertlərin fikrincə, gürcü kilsəsi avtokefaliyanı tanımağa tələsmir və Rusiya kilsəsi ilə münasibətləri pozmağa qorxduğundan bu haqda ehtiyatlı bəyanatlar verir.
Internews-Ukraine tərəfindən Ukrayna avtokefaliyasının bir neçə post-sovet ölkəsində, o cümlədən də Gürcüstanda tanınması ilə bağlı aparılan araşdırma göstərdi ki, Ukrayna avtokefaliyası ilə bağlı Rusiya narativləri bu ölkələr üçün “universal” oldu.
Ən geniş yayılmış yanaşma budur: pravoslav dünya Qərbə qarşı durmaq üçün birləşməlidir.
Tədqiqat göstərdi ki, Kreml bütün ölkələrin zəif yerini tapıb və yerli kilsələr vasitəsilə müvafiq mesajlar yaydı. Misal üçün, Gürcüstanda Ukrayna avtokefaliyası ilə bağlı məsələ Rusiya tərəfindən Abxaz kilsəsinin müstəqilliyinin tanınmaması kontekstində nəzərdən keçirilib, Ermənistanda isə Ukrayna Türkiyənin müttəfiqi kimi təqdim olunub.
Patriarxiyaya yaxın teoloq Levan Abaşidze deyir ki, gürcü kilsəsinin mövqeyi Rusiyayönlü deyil, ehtiyatlıdır:
“Patriarx həmişə Gürcüstanyönlü olub. Rusiya eyni dindəndir və həmişə bizim qonşumuz olacaq. Hamımız başa düşürük ki, tez ya gec nəsə dəyişəcək və biz körpüləri yandırmamalıyıq”.
«Rusiyanın xüsusi xidmət orqanları bütün imkanlardan istifadə edir və yəqin ki, kilsəni də, amma bu o demək deyil ki, bizim kilsə Rusiya casusları ilə doludur və Rusiya siyasətini həyata keçirir. Bu, elə deyil», – Abaşidze deyir.
Onun fikrincə, Gürcü kilsəsinin Rus kilsəsinə konstruktiv münasibətinin nəticəsi bu oldu ki, Rusiya kilsəsi Abxaz kilsəsinin müstəqilliyini tanımır və onu Gürcü kilsəsinin bir hissəsi hesab edir.
Giorgi Tiqinaşvili kilsənin roluna başqa cür baxır. Onun sözlərinə görə, “son illər cəmiyyətdə istənilən problemlərin arxasında adətən patriarxiya dayanır”.
«Kilsə nümayəndələri açıq bildirir ki, insan haqları Sorosun kilsələrə qarşı kampaniyasının bir hissəsidir və bu, onu dağıtmaq cəhdləridir. Əlbəttə, Qərbə və tərəqqiyə qarşı bu cür münasibət ictimai inkişafa mane olur», – o deyir.
Teoloq hesab edir ki, kilsə ölkənin Qərb kursunu dəstəklədiyini bəyan etsə də, “əslində, o, dövlətin demokratikləşmə istiqamətində inkişafına və ümumilikdə Avropaya inteqrasiya prosesinə mane olur”.