Gürcüstan hökuməti geri çəkildi: avtomobil nəqliyyatı ilə buğda daşınması qadağan edilməyəcək
Gürcüstan hökumətinin avtomobil nəqliyyatı ilə buğda daşınmasının qadağan edilməsi barədə sərəncamı bir il müddətinə ləğv edilib.
Maliyyə naziri Vano Maçavariani bu qərarı buğda idxal edən sürücülərin etiraz aksiyası zamanı iştirakçılardan birinin öz üstünə benzin tökərək yandıracağı ilə hədələməsindən sonra verib.
Sentyabrın 15-də Gürcüstan hökumətinin verdiyi sərəncama əsasən, avtonəqliyyat vasitələri ilə Gürcüstan ərazisində buğdanın və unun daşınmasının qadağan edilməsi barədə qanun qüvvəyə minmişdi. Bu sərəncama görə, sözügedən daşınmaları yalnız dəniz limanları və dəmiryol magistralları vasitəsilə həyata keçirmək hüququ verilirdi. Avtonəqliyyat daşıyıcılarını, eyni zamanda, tranzit şirkətlərini buğda və un daşınması imkanlarından məhrum edən sərəncam oktyabrın 1-dən qüvvəyə minməli idi.
Tətbiq edilən tənzimləmənin zəruriliyi üçün hökumətin yeganə arqumenti gömrük-keçid məntəqələrindəki növbələr idi ki, bunların da yaranmasına səbəb buğda ilə yüklənmiş maşınlar olurdu, eyni zamanda həmin maşınlar yollarda tıxaclar törədərək, ilbəil artan turist axınına narahatlıq doğururdu.
Hökumətin qərarı buğda daşınması ilə məşğul olan yüzlərlə yük maşını sürücüsünü işsiz qoyurdu. Sentyabrın 17-də sürücülər Liloda – iqtisadi fəaliyyətin rəsmiləşdirilməsi zonasında toplaşaraq nazir Maçavariani ilə görüş tələb etdilər.
Üç gün davam edən etirazdan sonra onlar hökuməti güzəştə getməyə məcbur etdilər. Bu hal ondan sonra baş verdi ki, aksiya iştirakçılarından biri Liloda buğda terminalının üstünə çıxaraq özünü yandıracağı ilə hədələdi.
“Biz sürücülərin vəziyyətini nəzərə aldıq və qərara aldıq ki, tənzimlənmənin tətbiqini bir il təxirə salaq. Gələcəkdə daşınma qadağaları mövsümi xarakter daşıyacaq, yaxud da başqa qərar veriləcək – bu, yük maşınlarının sürücüləri ilə məsələnin müzakirəsindən sonra müəyyənləşdiriləcək”, – özünü yandırmaqla hədələmiş sürücü ilə görüşdən sonra maliyyə naziri bildirib.
Yük maşını sürücülərindən və buğda daşınması ilə məşğul olan şirkətlərdən savayı, Gürcüstan hökumətinin qərarı qonşu Ermənistanı da çətin vəziyyətdə qoyurdu.
Ermənistan üçün Gürcüstan buğdanın tranzit yolu ilə ölkəyə nəql edildiyi yeganə ərazidir. Buna görə də, Gürcüstan ərazisi ilə buğdanın avtomobil nəqliyyatı ilə daşınmasına qadağa qoyulması Ermənistanda çörəyin nəzərə çarpacaq dərəcədə bahalaşmasına səbəb ola bilərdi.
• Ekspertlərin bir qismi hesab edir ki, Gürcüstan hökumətinin qərarı Gürcüstan Dəmir Yolları (GDY) dövlət şirkətinin maraqlarını güdürdü, belə ki, bu halda həmin şirkət özünün yük daşımaları həcmini artıracaqdı. 2012-ci ildən bəri GDY-nın yük daşımaları həcmi praktiki olaraq iki dəfə azalıb.
• Gürcüstan Dəmir Yollarının dərc edilmiş maliyyə hesabatına əsasən, 2018-ci ilin birinci yarısında şirkətin xalis gəliri 36 faiz (74 milyon lari) azalıb. 2017-ci ilin eyni dövründə şirkətin gəlirləri 116 milyon laridən çox idi.
• Gəlirlərlə yanaşı, Gürcüstan Dəmir Yollarının daşınma həcmləri də azalıb və cəmi 5 milyon ton yük təşkil edir.
• Maraqlıdır ki, 2013-cü ilin aprel ayından 2017-ci ilin noyabr ayının 13-də maliyyə naziri təyin olunana qədər Gürcüstan Dəmir Yollarına hazırda ölkənin baş naziri vəzifəsində çalışan Mamuka Baxtadze rəhbərlik edib.