Gürcüstan Frankfurt kitab sərgisinin fəxri qonağıdır. Bu niyə vacibdir?
70-ci Frankfurt kitab yarmarkası davam edir. Ən əhəmiyyətli ədəbiyyat tədbirlərindən birində fəxri qonaq olan ölkə bu il Gürcüstandır.
Oktyabrın 10-14-də Gürcüstan xarici qonaqlar qarşısında geniş ədəbi və mədəni proqramla çıxış edəcək. Bu günlərdə Frankfurtda xarici ölkələrdə dərc edilmiş bir neçə yüz gürcü kitabı sərgilənəcək. Eyni zamanda, 300 yeni tərcümə. Bir həftəlik yarmarkada Gürcüstan ədəbiyyatını 72 müəllif təmsil edəcək.
Gürcüstan ədibləri və başqaları da razılaşırlar ki, bu nə vaxtsa Gürcüstan ədəbiyyatının dayandığı ən böyük səhnədir.
_____________________
Frankfurt kitab yarmarkası hər il oktyabr ayında keçirilir. Bu, dünya üzrə kitab sənayesinə cəlb olunmuş insanlar üçün ən vacib peşəkar toplantılardan biridir. Hər il agentlər, naşirlər, tənqidçilər, yazıçılar, tərcüməçilər, rəssamlar, kitabxanaçılar və təbii ki, sadəcə qiraət həvəskarları yüzə yaxın müxtəlif ölkədən bura gəlirlər. Məlumat mübadiləsi aparılır, işgüzar görüşlər, ustad dərsləri keçirilir, əlaqələr qurulur və gələcək üçün planlar müəyyənləşdirilir.
Hər il yarmarkada 400 minə yaxın kitab nümayiş etdirilir və onu 300 minə yaxın qonaq ziyarət edir.
Bundan əlavə, hər il kitab yarmarkasının ənənəvi olaraq xüsusi qonağı var – bu ölkə ümumi diqqət mərkəzində olur.
2018-ci ildə Frankfurtda fəxri qonaq Gürcüstan oldu. Bu, ölkə üçün dünyanı öz ədəbiyyatı və mədəniyyəti ilə tanış etmək üçün böyük şansdır.
Frankfurt kitab yarmarkasında fəxri qonaq statusunu almaq asan deyil. Bu məsələ üzrində iş hələ 2010-cu ildə başlamışdı.
Gürcüstanın proqramının konsepsiyası – “Georgia Made by Characters” (Əlifba ilə yazılmış Gürcüstan) bir tərəfdən unikal gürcü əlifbasına və unikal yazı tərzinə, digər tərəfdən isə gürcü xarakterinə və personajlara söykənir.
Frankfurt yarmarkasında Gürcüstan pavilyonu 1800 kvadrat metr ərazini tutur. Burada gürcü əlifbasının hərfləri formasında və özündə şəkillər, sitatlar, hekayələr ehtiva edən heykəllər sərgilənir ki, bunlar ziyarətçilərdə Gürcüstan mədəniyyəti barədə təsəvvür yaradır.
Pavilyon yeddi müxtəlif məkana bölünüb. Bunlardan birində qonaqlar gürcü əlifbasının hər bir hərfi ilə daha yaxşı tanış ola bilərlər – çap plotteri onları gözü qarşısında seçdikləri hərfi cızıb xatirə açıqcasında çap edir. Daha bir məkan audio-video otaq üçün ayrılıb – burada qonaqlar gürcü əlifbasının səslənməsi ilə tanış ola bilərlər.
Ümumilikdə, 2016-cı ildə UNESCO-nun mədəni irs abidəsi statusu almış gürcü əlifbası hazırkı Frankfurt yarmarkasının əsas qəhrəmanına çevrilib. Bu günlərdə gürcü hərflərinə yalnız yarmarkada deyil, hətta Frankfurt metrosunda da rast gələ bilərsiniz.
Oktyabrın 14-nə kimi Gürcüstan pavilyonunda quraşdırılmış iki səhnədə 72 gürcü müəllif xarici oxucularla görüşəcəklər. Əcnəbi qonaqlar Gürcüstan ədəbiyyatı və mədəniyyəti ilə tanış ola, gürcü dilinin səslənməsini eşidə, Tbilisi haqqında, “Maqnum” agentliyinin fotoqraflarının sərgisi ilə tanış ola bilərlər.
Pavilyonda Gürcüstan kitabı milli mərkəzinin dəstəyi ilə çap olunmuş 300-ə qədər ən yeni tərcümə edilmiş Gürcüstan ədəbiyyatı nümunələri, həmçinin müxtəlif dillərdə xarici nəşriyyatlar tərəfindən dərc olunmuş Gürcüstan haqqında 600-ə yaxın kitab sərgilənir.
__________________
Ən irimiqyaslı ədəbiyyat platformalarından birində xüsusi qonaq statusunda olmaq Gürcüstan və gürcü ədibləri üçün xeyli imkanlar açır.
İlk növbədə, xaricdə hələ indi möhkəmlənməyə başlayan Gürcüstan ədəbiyyatının auditoriyası artır – gürcü kitabları başqa dillərə tərcümə ediləcək.
Yazıçı Aka Morçiladze yarmarkanın açılışında bildirib ki, bu baxımdan gürcülərin böyük üstünlüyü var:
«Əsrlər boyunca biz, xüsusilə də şərq dillərindən çox tərcümələr etmişik. Hələ ki bacarırdıq, hələ ki sülh vardı. Bizi heç kim tərcümə etmirdi. Biz hər şeyi oxuyurduq, amma siz bizi oxumurdunuz. Bunun necə üstünlük olduğunu təsəvvür edin».
Frankfurt yalnız ədəbi və mədəni deyil, həm də siyasi nöqteyi-nəzərdən vacib platformadır.
Yarmarkanın açılış mərasimində iştirak edən Gürcüstanın baş naziri Mamuka Baxtadze qeyd edib ki, “Gürcüstan Frankfurt yarmarkasının fəxri qonağı kimi Avropa ailəsinə qayıdıb”.
Mərasimdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogerini çıxış edərək deyib: “Şadam ki, Avropaya can atan və Avropa dəyərlərini bölüşən Gürcüstan yarmarkanın fəxri qonağı olub”.
Almandilli gürcü yazıçısı Nino Xaratişvili yarmarkanın açılışındakı emosional çıxışının böyük hissəsini buna həsr edib ki, Gürcüstan ərazisinin 20 faizi Rusiya tərəfindən işğal olunub və insanların münaqişə zonasında hərəkət azadlığı hüququ yoxdur.
«Qondarma Gürcüstan-Rusiya sərhədində, Gürcüstanın tərkib hissəsi olan, lakin Rusiya tərəfindən nəzarət edilən, hər həftə Rusiyanın tikanlı məftilinin Gürcüstan tərəfindən nəzarət olunan ərazini kiçiltdiyi Sxinvali rayonunda adam yaşayır ki, bir gün öz evində səhər gözünü açıb və işğal olunmuş əraziyə düşüb”, – Frankfurt tribunasından Nino Xaratişvili deyib.