Gürcüstan Ermənistana gündəlik 1000 PCR test və tibb personalı ilə yardım edəcək
Gürcüstanın baş naziri Giorgi Qaxariya koronavirusla mübarizədə Ermənistana yardım vəd edib. Eyni zamanda səhiyyə naziri Yekaterina Tikaradzenin sözlərinə görə, məhz necə və hansı formada yardım ediləcəyi iki ölkə mütəxəssislərinin iştirakı ilə keçiriləcək video-konfransdan sonra bəlli olacaq.
Ermənistan və Gürcüstanın səhiyyə nazirləri arasında artıq telefon danışığı baş tutub. Tikaradze bildirib ki, danışıq əsnasında həmkarına ağciyərlərin süni ventilyasiyası aparatları və tibbb personalı ilə bağlı yardım təklif edib.
“Əgər Ermənistanın laboratoriyaları işin həcminin öhdəsindən gələ bilmirsə, biz həmçinin laborator gücümüzlə də kömək edə bilərik. Bütün bunlar və digər detallar video-konfransdan sonra müəyyən ediləcək”, – nazir bildirib.
Xəstəliklərə Nəzarət Mərkəzi də Ermənistana yardım təklif edir. “Testlə kömək edə bilərik – sutkada 500-dən 1000 testə qədər. 10 min PCR-test hədiyyə edə bilərik”, – mərkəz rəhbəri Amiran Qamkrelidze bildirib.
İyunun 11-ə oolan məlumata əsasən, Ermənistanda 14669 koronavirusa yoluxma halı təsdiqlənib. 245 nəfər ölüb.