Gürcüstanın keçmiş fövqəlgüclü DİN rəhbəri Vano Merabişvili yeddi ilə yaxın həbsdən sonra azadlığa çıxıb
Yeddi ilə yaxın həbsdən sonra Gürcüstanın keçmiş fövqəlgüclü daxili işlər naziri, Mixail Saakaşvili hökumətində keçmiş baş nazir Vano Merabişvili azadlığa çıxıb.
Həbsxananı tərk edən kimi Merabişvili siyasi bəyanat verib.
O, hansı partiyaya və ya siyasi komandaya birləşəcəyini, yaxud da hansı siyasi planlarının olduğunu dəqiqləşdirməyib, lakin bildirib ki, İvanişvilinin hakimiyyəti bir ildən sonra bitəcək və şəxsən onun özünün bu işdə payı olacaq.
Vano Merabişvilini həbsxananın qarşısında qarşılamaq üçün yüzlərlə insan, o cümlədən də onlarla jurnalist toplaşıb.
“Şadam ki, güzəştə getmədim və bütün həbs müddətini sona kimi başa vurdum. Mən burada toplaşmış fanatlara və bütün uzaqdan pərəstişkar olmuş insanlara minnətdarlığımı bildirmək istəyirəm. Bu dəstək sayəsində mən özümdə güc, enerji və Gürcüstanda hakimiyyətdə olan rejimin artıq bu il devrilməsi uğrunda mübarizəni davam etdirmək əzmimi saxlamışam.
Zəmanət verirəm ki, bu hökumət bir ildən sonra gedəcək”, – Merabişvili deyib.
2013-cü il mayın 21-də Merabişvili büdcə vəsaitini talamaqda günahlandırılaraq həbs edilib.
Sonra isəona qarşı deputat Valeri Gelaşviliyə fiziki hücum, 26 may 2011-ci il tarixində mitinqin yatırılması və Sandro Girqvlianinin qətli ilə əlaqədar səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.
2014-cü ildə məhkəmə onu bütün bu işlərlə bağlı təqsirli bilmişdi.
Vano Merabişvili son nəticədə cəmlənmə prinsipi üzrə 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Merabişvili Matrosov həbsxanasında təkadamlıq kamerada həbs müddətini tam başa vurub.
• Saakaşviliyə Gürcüstanda üç il iş kəsilib, onu Ukraynadan Tbilisiyə ekstradisiya edə bilərlər
• Mixail Saakaşvili haqqında gürcülərə vermək istədiyiniz 6 sual
52 yaşlı Merabişvili “Qızılgül inqilabı” nəticəsində hakimiyyətə gəlmiş Mixail Saakaşvilinin dövründə ən uğurlu nazirlərdən biri hesab edilirdi. Digər qonşu ölkələrin bu günə qədər uğurlu nümunə hesab etdiyi Gürcüstan polisində aparılan islahatlar onun adı ilə bağlıdır. Eyni zamanda çoxları deyir ki, o, daxili işlər naziri və baş nazir olduğu zaman vəzifə səlahiyyətlərindən həddən artıq sui-istifadələrə yol verib.