Qarabağda gərginləşmə Gürcüstanın ermənilər yaşayan regionuna necə təsir edib?
Artıq beşinci gündür ki, Gürcüstanın etnik ermənilərin yaşadığı cənub regionu Cavaxetiyada gərginlik yaşanır. Yerli əhali nəinki Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasındakı gərginliyi diqqətlə izləyir, hətta Ermənistanı dəstəkləmək üçün konkret addımlar atmağa çalışır.
Gənclər müxtəlif təşəbbüslər irəli sürürlər – könüllülər dəstəsinə yazılmaq, pul, dərman, ərzaq və rezin təkər toplamaq kimi.
İş o yerə çatıb ki, sentyabrın 29-da Axalkalaki bələdiyyəsinin Kartsaxi kəndində Cavaxetiya sakinləri Gürcüstan-Türkiyə beynəlxalq yolunu bağlayıblar. Onların sözlərinə görə, “Tütkiyə bu yolla Azərbaycana silah göndərir”.
Kartsaxidə min nəfərə yaxın insan toplaşıb.
Türkiyə nömrə-nişanlı yük maşınları Kartsaxi kəndinin yaxınlığında dayanmalı olublar.
Gənclər “Ermənistan!”, “Artsax!” şüarları səsləndiriblər.
Etirazçılar Ermənistan-Gürcüstan sərhədinin açılmasını tələb ediblər ki, humanitar yardımı maneəsiz göndərə və özləri də könüllü olaraq Qarabağa gedə bilsinlər.
“Bizim yardımımız Ermənistana çatsın deyə Ermənistan-Gürcüstan sərhədi açılmayınca Türkiyənin yük maşınları Gürcüstana girməyəcək”, – aksiya iştirakçıları bildiriblər. Amma bir neçə saatlıq etirazdan sonra yerli siyasətçilər və hüquq-mühafizə orqanları onları maşınları buraxmağa razı sala biliblər.
Qarabağda hərbi əməliyyatların başladığının artıq ikinci günü Cavaxetiyada vəziyyət gərginləşib.
•Azərbaycanda və Ermənistanda hərbi vəziyyət elan olunub. Bu nə deməkdir?
•Qarabağda hərbi əməliyyatlar, yenilənir. Reportajlar, video/foto
Sentyabrın 28-də Axalkalaki və Ninotsmindada lazım olarsa, döyüşməyə getmək üçün könüllülərin qeydiyyatı başlayıb.
Könüllülərin qeydiyyatını gənclər Facebook-da təşkil edib. Bundan başqa, bir neçə nəfər Axalkalaki və Ninotsminda stadionlarında oturub könüllülərin məlumatlarını – adı, soyadı, vətəndaşlığı (Cavaxetiyada bəzilərinin ikili vətəndaşlığı var – həm Gürcüstan, həm Ermənistan) dəftərə qeyd ediblər.
Könüllülər dəstəsinə yazılmağın mümkünlüyü haqda informasiya o qədər tez yayılıb ki, hətta növbələr yaranmağa başlayıb. Təşkilatçıların sözlərinə görə, siyahıları Ermənistana göndərəcəklər və ehtiyac olduğu halda çağırmağa başlayacaqlar.
Artıq sentyabrın 28-də ərzaq və təkər dolu dörd yük maşını Axalkalakidən Ninotsminda-Bavra keçid məntəqəsinə, oradan isə Ermənistana getməyə hazır olub.
Amma yük maşınları sərhədə çatmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıb və bildiriblər ki, koronavirusa görə sərhəd bağlıdır.
Bu, regionda böyük gərginliyə səbəb olub – bir saat ərzində Ermənistanla sərhəddə beş minə qədər gənc toplaşıb. Onlar Gürcüstan hakimiyyətini humanitar yardımın qarşısını almaqda günahlandırıblar.
Hər dəqiqə vəziyyət gərginləşib, insanlar sərhədin açılmasını tələb edib, topladıqları humanitar yardımın maneəsiz Ermənistana göndərilməsini istəyiblər.
Ən sonunda hüquq-mühafizə orqanları ərzaqla dolu iki yük maşınını sərhəddən buraxıb. Təkər dolu yük maşınları isə Gürcüstanda qalıb.
Sərhədə toplaşan yerli ermənilər vətənpərvərlik mahnıları oxuyublar.
“Saakaşvili erməni əhalinin dəstəyini almayacaq!”. Siyasətçilərin və yerli sakinlərin şərhləri
Regionda keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin Facebook-da paylaşdığı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna dair bəyanatı da qızğın müzakirə olunub.
Çoxları Axalkalakidə hesab edir ki, onlar oktyabrın 31-də keçiriləcək parlament seçkilərində Saakaşvilinin partiyasına səs verməməlidirlər.
“Kim onun partiyasına səs versə, satqındır”.
“Bu, bütün mənalarda satqınlıqdır. Cavaxetiyada onun partiyasını kim təmsil edirsə, etsin, ona səs verməməliyik. Onlar türklərin müttəfiqləridir”.
“Onun partiyasını Cavaxetiyaya buraxmayın”, – Ninotsminda küçələrində belə şərhlər toplaya bildik.
“Vahid Milli Hərəkat” partiyasının Axalkalaki və Ninotsminda dairəsindən majoritar namizədi Melik Raisyan deyir ki, Saakaşvilinin sözləri onun üçün qəbuledilməzdir, amma bunda yeni heç nə görmür:
“Mən Gürcüstanda Azərbaycanın maraqlarını açıq şəkildə qorumayan lider görməmişəm. İnsanlar bu haqda açıq və aydın bildirirlər. Mən bunu anlamıram, amma onların bu məsələyə yanaşmasını anlayıram. Saakaşvili artıq 15 ildir ki, eyni şeyi deyir. Burada pis olan odur ki, 17 yaşlı oğlanlar döyüşür. Saakaşvilinin dedikləri heç kim üçün yenilik deyil, bunda təəccüblü heç nə yoxdur, o, prezident olduğu zaman bunu Ermənistanın yüksək vəzifəli şəxslərinə də bildirib”, – Raisyan deyib.
Amma o, Saakaşvilinin bu sözlərinin seçkilərdə müxalifətin şansına mənfi təsir edəcəyini inkar etmir:
“Müharibə getdiyi zaman, mən hesab edirəm ki, seçkilər haqda danışmaq yolverilməzdir. Əlbəttə ki, Saakaşvilinin bəyanatının bizim rayonumuza böyük təsiri olub və bizim seçkilərdə şansımız kritik dərəcədə azalıb, bu, danılmaz faktdır”, – Raisyan deyib.
Raisyanın özü bir gün öncə Facebook səhifəsində Ermənistanı dəstəkləyən status yazıb, Qarabağda baş verənləri “Türkiyənin kömək etdiyi Azərbaycanın növbəti qanlı təxribatı” adlandırıb.
Seçkilərdə namizəd olan digər siyasətçilər də Ermənistanı dəstəkləyən birmənalı bəyanatlar səsləndiriblər.
“Ermənilər dinc xalqdır, amma onları müharibəyə təhrik etdikləri zaman onlar bu çağırışı qəbul edirlər”, – “Vətənpərvərlər Alyansı” partiyasının siyahı üzrə namizədi Samvel Petrosyan deyir (bu partiya Türkiyə əleyhinə açıq mövqeyi ilə tanınır).
Petrosyan gürcü xalqına xatırladıb ki, “Azərbaycan Gürcüstanın ərazisinə iddialıdır”:
“Birmənalı şəkildə bildiririk ki, Azərbaycan Gürcüstan üçün təhlükədir, çünki Azərbaycan bu gün David Qareci gürcü tarixi abidəsinin yerləşdiyi Gürcüstan ərazisini işğal edib”, – Samvel Petrosyan Facebook-da yazıb.
•Dağlarda yerləşən qədim monastır kompleksi Azərbaycan və Gürcüstanın arasını vura bilər
“Gürcüstan vətəndaşı olan ermənilər Artsax və Ermənistanla tam həmrəydilər və gücləri çatan və çatmayan istənilən yardımı göstərməyə hazırdırlar”, – “Avropa Gürcüstanı” partiyasından olan deputatlığa namizəd Arsen Karapetyan deyib. Hərbi yardımdan da söhbət gedirmi – siyasətçi bunu dəqiqləşdirməyib.
Gürcüstan parlamentinin “Gürcü arzusu” partiyasından olan deputatı Enzel Mkoyan Facebook-da Cavaxetiya gənclərinə Ermənistan ordusuna mane olmamaq çağırışı ilə müraciət edib.
“Ermənistan hakimiyyətinin bildirdiyinə görə, bu gün Artsaxın müdafiəsi əmin əllərdədir, ordu istənilən təcavüzün qarşısını almağa qadirdir, buna görə də əziz cavanlar, mən sizi gərəksiz yerə müəyyən addımlar atmamağa və Müdafiə Ordusuna müqəddəs missiyasını yerinə yetirməkdə mane olmamağa çağırıram”, – Mkoyan Facebook-da yazıb.
Sentyabrın 29-da Kvemo Kartli və Samtsxe-Cavaxetiya Erməni Qeyri-Hökumət Təşkilatları Şurası da xüsusi bəyanatla çıxış edib.
Gürcüstan hakimiyyətinə yazdıqları məktubda Şura üzvləri də Gürcüstan və Azərbaycan qarşısında dayanan David Qareci ərazi problemini xatırladıblar:
“Azərbaycan hərbçilərinin Gürcüstan ərazisində yerləşən və Gürcüstan zəvvarları üçün ən hörmətli xristian məbədlərindən biri olan David Qareci monastırına doğru hərəkəti qadağan etməsini xatırlatmaq yerinə düşər”, – bəyanatda deyilir.