Gürcüstan: azı on qadın hüquq müdafiəçisini tacizdə günahlandırıb
Ən azı on qadın “Vətəndaş İnkişafı Agentliyi” (CIDA) qeyri-hökumət təşkilatının rəhbəri Zviad Devdarianini tacizdə günahlandırıb.
İşə qəbul qarşılığında seks, işdə taciz, seksual xarakterli arzuolunmaz təkliflər dolu yazılı ismarıclar – qadınların Devdarianinin ünvanına səsləndirdiyi ittihamlar bunlardan ibarətdir.
Taciz qurbanları adlarını açıqlamırlar, amma onların kimliyi müsahibə verdikləri ən azı iki jurnalitə, o cümlədən də bir neçə hüquq müdafiəçisi və artıq onlarla görüşüb, hekayələrini dinləyən ombudsmenə məlumdur.
Ombudsmenin rəsmi saytında dərc olunan bəyanatda bildirilir ki, onun eşitdiklərində “seksual taciz və seksual zorakılıq əlamətləri var”.
Zviad Devdariani cavab bəyanatında bütün ittihamları qəti şəkildə rədd edib və deyib ki, məqsədyönlü şantaj qurbanı olub. Devdariani bildirib ki, haqlı olduğunu məhkəmədə sübut edəcək.
“Qəbul edirəm ki, ailədən kənarda münasibət qurmaq yanlışdı. Amma mən hər hansı zorakılıq və ya təzyiq faktını qətiyyətlə rədd edirəm”, – Devdariani yazıb.
Zviad Devdariani uzun illər boyu insan haqları sahəsində çalışır. O, həmişə qadınlara qarşı zorakılıq, söz azadlığı, azlıqların hüquqları kimi məsələlərlə məşğul olub. Devdariani tez-tez televiziya tok-şoularında iştirak edib.
Hekayələr
Səkkiz qadın “Tabula” internet nəşrinə müsahibəsində Devdariani tərəfindən tacizə məruz qaldığını danışıb. “Netqazeti” internet nəşri isə iki qadının hekayəsini dərc edib . Onların hamısı ailə üzvlərinin və cəmiyyətin yanlış reaksiyası ilə qarşılaşmamaq üçün konfidensiallıqlarını qorumaq qərarına gəliblər.
“Tabula”nın dərc etdiyi bir hekayədə qadın danışır ki, Devdariani onu ofisə müsahibəyə dəvət edib və arasında “seksual əlaqə” də olmaqla “müəyyən tələbləri yerinə yetirərsə” onu işə qəbul edəcəyini bildirib.
“Mən gələndə artıq axşam idi. O, qapını özü açdı, dərhal da ardımca qapını bağladı. Ofisdə başqa heç kim yox idi… O, məni işə götürəcəkləri təqdirdə mənim nə etməli olduğumu izah etməyə başladı… O dedi ki, mən onun o dərəcədə xoşuna gəlirəm ki, o hətta arvadından boşana bilər, bu mənim üçün şok idi. O fiziki təmasa keçdi, mənə toxunurdu, öpüş istəyirdi. Mən dedim ki, özümü pis hiss edirəm və getmək istəyirəm. O da dedi ki, onun bir xahişini yerinə yetirim. Dedi ki, qadın pəncələrindən ötrü dəli olur və əgər getmək istəyirəmsə, ayaqqabımı çıxarıb ayaqlarımı göstərməliyəm. Mən o dərəcədə ordan getmək istəyirdim ki, razılaşdım və ayaqqabımı çıxardım. Ayaqlarımı öpməyə başladı, özümü çox pis hiss edirdim. Dedim ki, vaxtım yoxdur, məni evə aparmasını xahiş etdim və söz verdim ki, sabah yenə gələcəm. O məni evə apardı, yol boyu mənə hədiyyə etmək istədiyi kitab haqda danışdı. Səhəri gün mən onun yanına getmədim…”
“Netqazeti”nin dərc etdiyi digər hekayədə CIDA-nın keçmiş əməkdaşı Devdarianinin onu taciz etdiyini danışıb:
“Devdariani mənim rəisim idi. O vaxt 23 yaşım vardı. Mən bir işin öhdəsindən gələ bilmədim, o da mənə yazdı ki, növbəti dəfə mənimlə birlikdə gedəcək. Dedi ki, otur maşına, qorxma mən dişləmirəm – əmr tonunda danışırdı. Düşündüm ki, məni işdən çıxara bilər, bu iş isə ailəm üçün gəlir yeri idi, buna görə də gərgindim. Bu andan bizim Facebook yazışmalarımız başladı – iki, ya üç gün o mənə fasiləsiz yazırdı. Yeganə bir şeyə görə utanıram ki, sanki mən təslim oldum. Mən doğrudan da işdən qovulacağımdan qorxurdum. İsterik vəziyyətdə bütün təşkilatlara rezüme göndərirdim ki, oradan qaçım”.
Hər şey necə başladı?
Qalmaqal xalq müdafiəçisi Nino Lomcariya CIDA direktoru Zviad Devdarianinin namizədliyini “Gürcüstanın İctimai Yayım” (İctimai televiziya və radio) Şurasının üzvlüyünə irəli sürəndən sonra başlayıb.
Bu xəbər Facebook-da 1900-dən çox qadını birləşdirən “Qadın hərəkatı” qapalı qrupunda fəal müzakirə olunmağa başlayıb. İstifadəçilər bu qrupda qadınların Gürcüstandakı vəziyyətinə, onların hüquqlarının qorunmasına dair məsələləri müzakirə edir, müxtəlif tədbir və aksiyaları planlaşdırırlar. O vaxt bir neçə qadın bu vəzifəyə Devdarianinin seçilməsinin qəbuledilməz olduğunu yazıb.
“Zviad Devdariani qadınlara münasibətdə çox yanlışlara yol verib və nə vaxtsa bir çox qadınlar hər şeyi danışacaqlar”, – qrup üzvlərindən biri yazıb, çoxları da onu dəstəkləyib.
Yetəri qədər hekayə toplandıqdan sonra isə “Qadın hərəkatı” rəsmi bəyanat dərc edərək, ombudsmeni Devdarianinin namizədliyini irəli sürməməyə və onu tacizdə günahlandıran qadınların hekayələri ilə maraqlanmağa çağırıb.
Devdariani ittihamları rədd edir
Zviad Devdariani səhəri gün namizədliyini geri götürüb. Amma təqsirini qəbul etməyib və bildirib ki, onun Şuraya daxil olmasını istəməyən “Qadın hərəkatı” tərəfindən şantaj qurbanı olub.
“Zorakılıq və cinayətlə bağlı əsassız ittihamlar səslənir… Yanlış hərəkətlərim mənə aydın olanda heç vaxt yanlışlarımı etiraf etməkdə çətinlik çəkməmişəm. Əgər bu ittihamlar ümumi bəyanatdan daha irəli getsə, mən mübahisəni məhkəmə yolu ilə davam etdirməyə hazıram”, – Devdariani cavab bəyanatında yazıb.
İş məhkəməyə qədər uzana bilərmi?
Hələ ki, qadınlardan heç biri məhkəməyə müraciət etməyib. Amma hüquq müdafiəçiləri və QHT-lər taciz qurbanlarını mübarizəni davam etdirməyə səsləyir və dəstək vəd edirlər.
„Bərabərlik naminə Koalisiya” bütün QHT-lərlı birlikdə bəyan edib ki, seksual taciz faktlarının aşkarlanması və onlara hüquqi reaksiya verilməsi “qadın diskriminasiyasının ən yayılmış və gizlin formalarından birinə” qarşı mübarizə nöqteyi-nəzərindən çox vacibdir.
Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası taciz qurbanlarına hüquqi yardım təklif edib.
Cəmiyyətin reaksiyası: mümkün qədər çox səs-küy!
Bu hadisə sosial şəbəkələrdə böyük əks-səda doğurub. Patriarxal cəmiyyətli Gürcüstanda qadınlar demək olar ki, yaşadıqları seksual zorakılıq haqda danışmırlar, çünki çox vaxt cəmiyyətin yanlış reaksiyası ilə qarşılaşırlar. Cəmiyyətin təcavüzkarı yox, qurbanı günahlandırması halları tez-tez təkrarlanır.
Artıq çoxları Devdariani tərəfindən sıxışdırılmaqdan şikayətçi olan qadınların ünvanına narazılıqlar səsləndiriblər, səbəb isə “indiyə qədər susmaqlarıdır”.
Bəziləri onları “anonimşik” adlandıraraq, dərhal kimliklərini açıqlamalarını və sübut təqdim etmələrini tələb edib. Bəziləri isə hesab edir ki, söhbət zorakılıqdan yox, “pərəstiş etməkdən” gedir.
“On “anonimka” əsasında insanın həyatını məhv edirlər! Görünür, Devdariani onlardan birini rədd edib, o da əsəbiləşib, qisas alır”.
“Mən gözələm, həmişə də yaxşı geyinirəm, amma heç vaxt heç kim mənimlə belə rəftar eləməyib. Yəqin onlar özləri təhrik ediblər”.
“Sübut hanı? Bir də onlar indiyə qədər harda idilər? Niyə susurdular?”
Zviad Devdariani ətrafında qalmaqal demək olar ki, qadınların bu mövzuda jurnalistlər və hüquq müdafiəçilərilə danışmağa razı olduğu ilk hadisədir. Gürcüstanın #metoo kampaniyasının əleyhinə olanlarla yanaşı, bu kampaniyanın Gürcüstanda qadın hüquqları uğrunda mübarizənin daha bir səhifəsi hedab edərək dəstəkləyənlər də oldu.
“Artıq üç gecədir ki, qadınlar yatmırlar. Bizim aramızda belə həmrəylik çoxdan olmamışdı. Biz səsimizi hər kəsə çatdıra biləcəyik! Qadınlar, mümkün qədər çox səs-küy!”
“Qadınlara seks qarşılığında karyera təklif edən kişilər pozğundur. Onlar normal cəmiyyət tərəfindən rədd edilməlidir, istər Devdariani olsun, istərsə də super-marketdə menecer”.
“Bura qadınların öldürüldüyü, çirkaba batırıldığı, həmişə günahkar olduğu ölkədir! Təcavüzkarları müdafiə edən kişilər qızlarının gözünə necə baxacaqlar?! Onlar bunun hesabıını sizdən soracaqlar, sizin isə cavabınız olmayacaq”, – Facebook istifadəçiləri yazır.