Gürcüstan, Azərbaycan və Türkiyə hərbi əməkdaşlıq haqda memorandum imzalayıb
Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri – Zakir Həsənov, Levan İzoriya və Nurettin Canikli aprelin 1-də Türkiyənin Giresun şəhərində altıncı üçtərəfli görüşü keçirib. Görüşün yekununda nazirlər üç ölkənin müdafiə sahəsində daha sıx əməkdaşlığını dəstəkləyən memorandum imzalayıblar. Bu haqda Civil.ge yazır.
Danışıqlardan sonra birgə mətbuat konfransında Gürcüstanın müdafiə naziri Levon İzoriya üçtərəfli əməkdaşlığı nümunəvi adlandırıb və qeyd edib ki, “regionda istənilən layihələrin – enerji, ticarət və hər hansı digər – həyata keçirilməsi bir çox hallarda bizim əməkdaşlığımızın keyfiyyətindən asılıdır”.
İzoriya vurğulayıb ki, ötən il müdafiə sahəsində əməkdaşlıq sarıdan, “xüsusən də birgə hərbi təlimlər keçirilməsi nöqteyi-nəzərindən” ən uğurlu illərdən biri olub.
Nazirlər zirvəsi çərçivəsində Levan İzoriya və Nutettin Canikli ayrıca görüş də keçirib, ikitərəfli əməkdaşlıq və Gürcüstanın NATO-ya inteqrasiyası ilə bağlı məsələləri müzakirə ediblər, Gürcüstanın Müdafiə Nazirliyi xəbər verir.
Bu cür üçtərəfli formatda ilk görüş 2014-cü ilin avqustunda Azərbaycanın Naxçıvan şəhərində baş tutub. O zaman tərəflər bu cür görüşləri mütəmadi keçirmək qərarına gəliblər. Üçtərəfli danışıqları xarici işlər nazirləri də keçirir. Bu format 2012-ci ildə yaradılıb.