Axalkalaki şəhərində iğtişaşlara səbəb olmuş qətlin törədilməsində şübhəli şəxs saxlanılıb
Gürcüstanda əsasən ermənilərin yaşadığı Axalkalaki şəhərində avqustun 8-də kütləvi iğtişaşlara və dağıntılara səbəb olmuş qətlin törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.
Polisin məlumatına görə, saxlanılmış 37 yaşlı yerli sakin odlu silahın qanunsuz əldə edilməsində, saxlanılmasında və gəzdirilməsində və qəsdən adam öldürməkdə ittiham edilir və bu cinayətlərin cəzası 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmədir. Həmçinin kütləvi iğtişaşların və qrup şəklində vandalizm aktlarının təşkili üzrə cinayət işinə başlanılıb.
Saxlanılan şəxsdən cinayətin törədildiyi silah götürülüb.
2020-ci ilin avqust ayının 8-də axşam saatlarında Gürcüstanın (Samtsxe-Cavaxeti regionu) Axalkalaki şəhərinin mərkəzində kütləvi davada 27 yaşlı kişinin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsindən sonra iğtişaşlar baş verib və yanğın hadisələri törədilib.
İlkin məlumatlara görə, davanın daha bir iştirakçısı xəstəxanaya yerləşdirilib.
Cavaxetinin İnformasiya mərkəzinin bildirdiyinə görə, ölən şəxs əslən Kulikam kəndindəndir. Tezliklə xalkalakiyə onun həmkəndlilərindən ibarət böyük qrup gəlib.
Əvvəlcə onlar “Artsek” mehmanxanasına daxil olublar, pəncərələri və qapıları sındırıb, binaya od vurublar. Hücum edənlərin bildirdiyinə görə, mehmanxana onların gənc kişinin qətlində ittiham etdikləri şəxsin atasına məxsusdur. Həmin şəxsin özü isə, güman edildiyinə görə, şəhəri tərk edib.
Bunun ardınca daha dörd evə od vurulub. Güman olunur ki, həmin evlər də qətli törədənin ailəsinə və yaxın dostlarına məxsusdur.
Həbslər barədə məlumat və hadisə ilə bağlı rəsmi şərhlər hələlik yoxdur.
Axalkalakinin mərkəzi polis qüvvələri tərəfindən mühasirəyə alınıb, xüsusi təyinatlılar şəhərə nəzarət edirlər.
• Rusiya ilə sərhədi açmasalar, bizi aclıq gözləyir — Gürcüstanın Cavaxeti bölgəsində pandemiya. Video
• Gürcüstanın Cavaxeti bölgəsindən 25 fotoşəkil: kəndlər, göllər, quşlar