Gürcüstan artıq “demokratiya mayakı” deyil
Beşinci gündür ki, Gürcüstandan müxalifətçi azərbaycanlı jurnalist Əfqan Muxtarlı itib, sonra da onun Bakıda kamerada olduğu məlum olub. Əsas sual hələ də cavadsız qalır: Tbilisidə itən məşhur jurnalist necə Bakıda peyda olub? Əlində hələ də Tbilisidə qalan pasportu olmadan, dövlət sərhədini necə keçib?
Muxtarlının Tbilisidə itməsinin arxasında kimlər durur? Gürcüstanın xüsusi xidmət orqanları bunu bilirdimi və Azərbaycan tərəfi ilə əlbir idilərmi? Yoxsa Muxtarlınu Tbilisidən elə oğurlayıblar ki, bu, Gürcüstanın hüquq-mühafizə orqanları üçün sürpriz oldu?
Suallardan heç birinin cavabı yoxdur.
Tbilisidə səsləndirilən bəyanatlar məsələyə aydınlıq gətirmir, əksinə – yeni şübhələr və fobiyalara səbəb olur.
Azərbaycan tərəfi bildirir ki, Muxtarlının özü sərhədi qeyri-qanuni yolla keçib, bu vaxt da üstündə 10 min avro varıydı.
Gürcüstan tərəfi eyni şeyləri təkrar edir.
Daxili işlər naziri Giorgi Mqebrişvili dünən keçirilən brifinqdə jurnalistlərə Gürcüstanın dövlət institutlarına qara yaxan qiymət verməyə və insidenti birtərəfli qaydada interpretasiya etməyə tələsməməyi məsləhət gördü.
Mqebrişvili jurnalistlərə heç bir əlavə detal – nə sərhəddəki videokameralardan yazılar, nə də Muxtarlının sərhədi keçməsi ilə bağlı məsələyə aydınlıq gətirə biləcək başqa bir fakt təqdim etmədi. Bundan əlavə, Mqebrişvili dünən daha bir mühüm məsələnin yaranmasına səbəb oldu. Nazir dedi ki, sərhədçilərin nəzarətindən yayınaraq, sərhədi keçmək ehtimalı az olsa da var. Belə çıxır ki, Gürcüstanın sərhədləri lazımi qaydada qorunmur? – dünən jurnalistlər sual edirdilər.
Baş nazir Giorgi Kvirikaşvilinin mətbuat konfransı məzmununa görə nazirin brifinqinin davamı oldu. Onun sözlərinə görə, ictimaiyyət tələsik nəticələr çıxarmağa tələsməməlidir və Azərbaycan tərəfinin istintaqının nəticələrini gözləmək lazımdır.
Gürcü jurnalistləri və QHT nümayəndələri həyəcan təbili vurur: onlar hesab edir ki, Muxtarlının məsələsi ölkənin imicinə zərər yetirən ciddi insidentdir. İnsan haqlarının müdafiəsi məsələsində regionun lideri hesab olunan Gürcüstan bu mövqeyini itirə bilər.
Bundan başqa, Muxtarlının vəkili Strasburq məhkəməsinə həm Azərbaycan, həm də Gürcüstan hakimiyyətinə qarşı iddia ilə müraciət etmək niyyətindədir.
Gürcüstan Azərbaycan və Türkiyənin girovu?
Ekspertlər hesab edir ki, Muxtarlının işində daha çox zərər çəkən Gürcüstan oldu. Bir jurnalistin işi Gürcüstanın gələcəyi və beynəlxalq imiciylə sıx bağlı oldu. Ya Gürcüstan jurnalistin Tbilisidən necə itməsini araşdıracaq və günahkarları cəzalandıracaq, ya da avtoritar qonşularının oyunlarına sürüklənəcək.
Azərbaycan və Türkiyə bu gün Gürcüstanın ən mühüm qonşuları və tərəfdarlarıdır. Azərbaycanın enerji daşıyıcıları Gürcüstan üçün Rusiya enerji daşıyıcılarının alternativi oldu. Gürcüstanı Azərbaycan və Türkiyə ilə həm də bir sıra çox vacib enerji layihələri birləşdirir. Bundan başqa, Türkiyə Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biridir.
Halbuki bu gün Rusiyadan enerji asılılığından azad edən bu strateji tərəfdaşlıq Gürcüstan üçün artıq təhlükə yaradır – Türkiyə və Azərbaycanın avtoritar rejimləri Gürcüstanı özlərinin siyasi opponentlərlə mübarizələrinə qoşmağa çalışır. Tbilisi isə indiki mərhələdə bu cür təzyiqə müqavimət göstərə bilmir və ya iqtidarında deyil.
Muxtarlının itməsi ilə yanaşı Gürcüstan tezliklə daha bir testdən keçməli olacaq – Türkiyə Tbilisidən Dəmirəl adına kollecin müdiri Mustafa Əmrə Çabukun təhvil verilməsini tələb edir. Çabuk mayın sonlarında Türkiyə tərəfinin istəyiylə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanmışdı. Ankara onu baş tutmayan çevrilin təşkilində ittiham etdiyi Fətullah Gülənin məsləkdaşı hesab edir. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Fətullah Gülənin tərəfdarlarını dünyanın hər yerində təqib edir və artıq bir neçə dəfə Avropa ölkələrinə bu və ya digər şəxsin ekstradisiyası tələbi ilə müraciət edib. Amma Tbilisi avropalılar kimi edə və Ankaraya Çabukun ekstradisiyasından imtina edə biləcəkmi? Çabukun Türkiyə tərəfinə təhvil verilməsi Gürcüstanın beynəlxalq imicinə xələl yetirəcək, çünki türk müəllimini vətənində təkcə işgəncələr deyil, hətta edam da gözləyir. “Qonşularımızın Gürcüstana çox sayda təzyiq rıçaqları var, amma Gürcüstan nə qədər çox güzəştə gedərsə, Türkiyə və Azərbaycanın iştahası bir o qədər də artacaq”, – Xatuna Laqazidze hesab edir.
Onun sözlərinə görə, Gürcüstan qonşuları ilə bərabərhüquqlu tərəfdaş münasibətlərini qura bilməsə, şantajın sonu olmayacaq: “Belə bir gün gələcək ki, biz bu gün Rusiya üçün olduğu kimi Türkiyənin də qurbanı olacağıq, onda nə edək – Rusiyaya tərəf qaçaq? Gürcüstanın xilası Avropada və Avropa dəyərlərindədir. Başqa alternativ yol yoxdur”.