Gürcüstan aeroportlarında sərnişinləri koronavirusla bağlı müayinə edirlər
Batumi və Kutaisi aeroportlarında tibb işçiləri növbəyə başlayıblar, onlar sərnişinləri koronavirusla bağlı müayinədən keçirirlər.
Yalnız Çindən gələnlər yox, digər ölkələrdən gələnlər də müayinə olunurlar. Müayinə temperaturun məsafədən yoxlanılması, qısa müsahibə, o cümlədən də koronavirus və xəstəliyin xarakterik simptomları haqda məlumatların yer aldığı bukletlərin paylanmasından ibarətdir.
Tbilisi aeroportunda analoji növbətçilik yanvarın 25-dən tətbiq olunur. Çin reysləri yalnız Tbilisi aeroportundan həyata keçirilir.
•Qripə necə yoluxmamalı? Təfərrüatı ilə izah edirik
•Yenilənib: Çində naməlum virus – 56 nəfər ölüb, iki mindən çox insan xəstələnib
Səhiyyə Nazirliyinin məlumatına əsasən, indiyə qədər yüksək temperaturlu və ya təhlükəli virusa yoluxmanın digər simptomları olan bircə sərnişin də üzə çıxarılmayıb. “Interpressnews” saytının İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbayaya istinadən yazdığına görə, Tbilisi aeroportuna həm bilavasitə Çindən gələn, həm də digər ölkələrdən gəlsə də, daha əvvəl Səma Altında olmuş sərnişinlər yoxlanılır. O, həmçinin bildirib ki, əgər Gürcüstana gələn bir insanda qızdırma və ya şübhəli simptomlar aşkarlanarsa, o, mütləq şəkildə tam müayinə üçün infeksion xəstəxanaya gəlməli olacaq.
Koronavirusa yoluxmanın əsas əlamətləri: respirator simptomlar, yüksək temperatur, öskürək, təngnəfəslik. Ağırlaşmış hallarda – pnevmoniya, kəskin respirator sindrom, ağciyər yetməzliyi.
Koronavirusdan qorunmaq üçün gürcüstanlı həkimlər standart tövsiyələr verirlər:
•Respirator infeksiyalı xəstələrlə ünsiyyətə girməmək;
•Gigiyena qaydalarına əməl etmək;
•Heyvanlarla ünsiyyətdən qaçmaq;
Koronavirusun yeni növünə (2019-nCoV) ilk yoluxma halı 2019-cu ilin dekabrında Çinin Hubey vilayətinin Uhan şəhərində qeydə alınıb.
Yanvarın 27-ə qədər 80 halda yoluxma ölümlə nəticələnib, klinik şəraitdə müəyyən edilən koronavirusa yoluxma halları isə ümumilikdə 2700 olub. Yoluxma halları yalnız Çində yox, Tayvand, Avstraliya, Vyetnam, Kanada, Malayziya, Nepal, Sinqapur, Tayland, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiyada da baş verib.