Gürcülər atalıq məzuniyyətində: uşağa qulluq etmək üçün məzuniyyətə çıxan atalar
31 yaşlı Giorgi Balaxişvili ikinci övladının dünyaya gəlməsini gözləyir. O, Gürcüstanda cəmi bir neçə kişinin etməyə cürəti çatdığı addımı təkrarlamağa hazırlaşır. Giorgi ikinci dəfə atalıq məzuniyyətinə çıxır. İndi hər şey xeyli daha asan olacaq: pampers dəyişmək, kaşa hazırlamaq, uşağı çimizdirmək ata üçün artıq problem deyil.
Giorginin ilk övladı olan üç yaşlı İliya artıq uşaq bağçasına gedir. Ata xatırlayır ki, əvvəllər körpəyə qulluq etmək ona çox çətin gəlirdi.
“Uşağın dırnaqlarını kəsməli olduğum anı xatırlayıram. Yoldaşımla bir-birimizin üzünə baxdıq, bir müddət çaşqınlıq içində qaldıq – bapbalaca barmaqlara zərər yetirmədən onlara necə toxunasan. Amma sonra ürək elədim. Əslində çətin heç nə yoxdur – nə uşağı yatızdırmaqda, nə də əynini dəyişməkdə”.
Giorgi unikal bir şey etdiyini, qeyri-adi ata olduğunu düşünmür. O əmindir ki, Gürcüstanda bir çox kişilər bunun kişi işi olmaması ilə bağlı stereotip olmasaydı atalıq məzuniyyətinə çıxardılar. Ənənəvi Gürcüstanda uşağa qulluq sırf qadın işi sayılır və kişinin uşağın tərbiyəsi ilə bağlı vəzifələrin öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşılır.
“Kişilər sadəcə bu addımı atmağa cəsarət etmir. Elə uşaqla tək qalmağa da. Bəziləri bunu bacaracaqlarına əmin deyillər. Körpə ağlayanda, yatmayanda və ya yeməyəndə nə edəcəklərini bilmirlər. Onlar hesab edirlər ki, bunun öhdəsindən ancaq qadın gələ bilər. Mən isə əvvəldən bu prinsipi əsas götürmüşəm – əgər xanımım hər hansı işi görməyi bacarırsa, niyə mən bunun öhdəsindən gələ bilməyim ki?!” – Giorgi deyir.
•Mistər dayə: uşaqları kişilər tərbiyə edəndə. Gürcüstandan qısa film
•Seçim hüququ olmadan – Azərbaycanda kişiləri zorla evləndirəndə
Atalara aid olmayan qayğılar
Gürcüstanda belə bir fikir var ki, ailədə uşaqla bağlı əsas qayğılar qadının çiyinləri üzərinə düşməlidir, kişinin vəzifəsi isə ailənin bütün ehtiyaclarını təmin etməkdir. Uzun əsrlər əvvəl formalaşan stereotip müasir Gürcüstanda, məhz qadınların adətən kişilərdən daha çox işlədiyi və ailəni kişilərdən daha çox təmin etdiyi ölkədə hələ də “işləkdir”.
BMT-nin Əhali Fondunun (UNFPA) 2014-cü ilə olan məlumatlarına əsasən, 32 faizdən 42 faizə qədər kişilər altı yaşına qədər uşaqlara yemək hazırlamır, heç vaxt bezini dəyişmir və çimizdirmirlər. Elə həmin məlumatlara əsasən, ataların cəmi yeddi faizi 12 yaşına qədər uşaqlara yemək hazırlayır, paltar yuyur və kitab oxuyurlar. 13-18 yaşında yeniyetmələrin tərbiyəsində ataların rolu daha azdır: ataların cəmi beş faizi oxumaq üçün kitab seçimi prosesində iştirak edir, pedaqoqlarla görüşür, ev tapşırıqlarının yerinə yetirilməsində kömək edir və ya hər gün uşaqlara paltar yuyurlar.
“Ailə başçısı” qarışmır
Psixoloq Keti Tavartkiladze hesab edir ki, uşaqlara qulluq və onların tərbiyəsində ataların zəif iştirakı Gürcüstanda bərqərar olan mədəniyyət normaları və gender rolları haqqında təsəvvürlərlə sıx bağlıdır.
“Uşağın tərbiyəsində fəal iştirak edən bir çox kişilər bunu açıb-ağartmır, hardasa öz içlərində bunun yenə də kişi işi olmadığını düşünürlər”, — o deyir.
Onun sözlərinə görə, qeyd olunan gender rollarna görə, kişi qadından bir pillə yuxarıda dayanır, o, daxili işlərə, uşaqlara qulluqla bağlı işlərə qarışmalı olmayan “ailə başçısıdır”, bu zaman ailənin bütün üzvləri ondan asılıdır.
“Bu vəziyyəti ailə zorakılığından çox zəif bir sərhəd ayırır”, — Tavartkiladze deyir.
Psixoloqun sözlərinə görə, uşağın dünyaya gəlməsindən dərhal sonrakı dövr ərzində ata ilə övlad arasında emosional bağları formalaşdırmaq çox vacibdir.
“İki yaşa qədər vacib bağlılıq fenomeni formalaşır. Sağlam bağlılıq uşağa qulluq edən insanla möhkəm emosional əlaqə deməkdir və bu əlaqə bütün ömür boyu davam edir. Bu, yemək, hava qədər vacibdir”, — Keti Tavartkiladze deyir.
Amma Gürcüstanda bir qayda olaraq, atalar bu cür bağlılığı formalaşdırmır, bu da sonra onların övladları ilə münasibətlərində əks olunur. Bunun nəticəsində də yeniyetməlik dövründə övladlarla ataların münasibətləri yaxın olmur, əksinə – aralarındakı məsafə bir az da artır.
В2017–ci ildə BMT–nin Uşaq Fondu araşdırma keçirərək, Gürcüstanda yeniyetmələrin problemlərini öyrənib. Əksər sorğu iştirakçısı atalarını avtoritar fiqur kimi təsvir edib, onları tələbkar, ciddi, irad etməkdən və cəzalandırmaqdan çəkinməyən insan kimi xarakterizə ediblər. Bəzən bu cür imic sonralar də qalır.
“Tez-tez uşağın yanına qaçıb, nəfəs alıb-almadığını yoxlayırdım”
37 yaşlı Giorgi Çikovani qızı Lea dünyaya gələndən sonra atalıq məzuniyyətinə çıxıb. Bundan əvvəl onlar xanımı Mariamla birlikdə maliyyə vəziyyətini qiymətləndirərək qərara gəliblər ki, Mariam bir aydan çox analıq məzuniyyəti götürə bilməyəcək. Giorgi dövlət idarəsində işləyir və özəl universitetdə mühazirələr oxuyur, xanımı isə özəl şirkətdə işləyir.
Ata danışır ki, qızının anadan olmasından sonrakı bir ayı demək olar ki, xatırlamır. “Əsəbiləşirdim, stressdən 12 kilo atdım. Birinci ay yaddaşımda qalmadı. Nə normal yeyə bilirdim, nə də içə. Tez-tez uşağın yanına qaçıb, nəfəs alıb-almadığını yoxlayırdım”, — o xatırlayır.
Giorgi deyir ki, yaxındakı adamlarla bəxti gətirib. İşdə onun qərarına təəccüblənsələr də anlayışla qarşıladılar. Əvvəlcə dostları atalıq məzuniyyəti və atanın kişiliyi mövzusunda zarafat etsələr də, tezliklə bezdilər.
Uşaqla oynamaq, ona qulluq etmək, yeməyini hazırlamaq – bütün bu öhdəlikləri Giorgi və Mariam bu gün də öz aralarında bərabər bölür. Lea bir yaş yeddi aylıqdır. O, atası ilə rəqs etmək və onunla oynamağı sevir. Yatmazdan məhz atasından kitab oxumağını istəyir.
“Bu aylar ərzində mən həyatımda ən böyük təcrübəni əldə etdim, uşağın həyatının ilk günlərindən onun yanında olmaq elə münasibətlər qurmaq imkanı verdi ki, mən heç vaxt yad olmayacam”, — Giorgi deyir.
Doğana məzuniyyət pulu
Gürcüstan qanunvericiliyi kişilərə atalıq məzuniyyətinin verilməsini nəzərdə tutmur. Qanunda deyilir ki, dövlət xidmətində olan valideynin (cins dəqiqləşdirilmir) iki illik valideyn məzuniyyəti hüququ var, bunlardan yarım il ödənilməlidir. Özəl şirkətlər isə əməkdaşlarının valideynlik məzuniyyətlərinin rəsmiləşdirilməsi və ödənilməsi məsələlərini özləri həll edir.
Qanun formal olaraq valideynləri cinsindən asılı olmayaraq eyni vəziyyətə salır. Amma atalıq məzuniyyəti hüququndan istifadə etmək istəyən kişilərin problemləri yaranır. Övlad dünyaya gələndən sonra dövlət maksimum 1000 lari [təxminən $375] valideyn məzuniyyətini ödəyir, konkret olaraq isə məbləğ maaşdan asılıdır. Amma bu pulu atalar ala bilmir, çünki bu pul ancaq doğum evindən çıxarış əsasında verilir – yəni təcrübədə bu o deməkdir ki, pulu ancaq doğan ala bilər.
Buna görə də atalıq məzuniyyəti götürən kişilər haqqında dəqiq məlumat yoxdur. Sosial Müdafiə Agentliyi doğum evlərindən çıxarışlar və verilən pullar əsasında hesabat aparır. Kişi bu pulu ancaq bir halda ala bilər – qadın doğuş zamanı dünyasını dəyişərsə.
Buna görə də adətən atalıq məzuniyyətinə çıxmaq qərarını verən kişilər dövlət pullarından imtina etməli olur. Amma bəziləri burada da çıxış yolu tapır. Rəsmi olaraq valideynlik məzuniyyəti ananın adına rəsmiləşdirilir – o, dövlətdən kompensasiya alır. Uşağa isə işlədiyi yerlə məzuniyyətlə bağlı razılığa gələn ata qulluq edir.
Kişilərin atalıq məzuniyyəti Konstitusiya Məhkəməsində
Gürcüstanın Konstitusiya Məhkəməsinə 28 yaşlı Laşa Çaladze tərəfindən şikayət ərizəsi daxil olub. O, doğum evindən bütün lazımi sənədlərin ancaq anaya verilməsi normasının ləğv edilməsini tələb edir. Laşanın özü hüquqşünasdır. Hələ subaydır, uşaq gözləmir, bununla belə, vəziyyətlə maraqlanıb və qeyd olunan maddəni konstitusiyaya zidd hesab edir və düşünür ki, gələcək övladlarının anası qədər valideynlik məzuniyyətinə çıxmaq hüququ var.
“Bilmirəm, özüm nə vaxtsa atalıq məzuniyyətindən istifadə edəcəmmi, amma düşünürəm ki, qanunla belə bir imkanım olmalıdır. Kişi qadınla eyni dərəcədə uşaq böyüdə bilər”, — Laşa deyir.
Bu təklifi BMT–nin Əhali Fondunda da dəstəkləyirlər. Eyni zamanda UNFPA mülkiyyət formasından asılı olmayaraq, bütün şirkət və idarələrin üzərinə mütləq qaydada işçilərə 14 günə qədər valideyn məzuniyyəti vermək öhdəliyini qoymağı lazım bilir.
Fondun gender proqramının meneceri Mariam Bandzeladze deyir ki, kişilər çox vaxt heç atalıq məzuniyyətinə çıxmaq hüquqlarının olduğunu və bu məzuniyyət vaxtı öz hüquqları barədə bilmirlər də. Onun sözlərinə görə, əhalinin məlumatlandırılmasınn artırılması, cəmiyyətin bu məsələyə münasibətinin dəyişdirilməsi və kişilərin atalıq məzuniyyətinə çıxmaq hüququndan daha fəal istifadə etməsi və uşaqların tərbiyəsində iştirak etməsi üçün stimullaşdırılmasına ehtiyac var.
“Biri var qanunda nəyin əks olunduğu, biri də var onu əhaliyə necə təqdim edəsən, işdə insanların bu məzuniyyətdən real olaraq istifadə etməsi üçün istək və motivasiyanı necə tətbiq edəsən”, – Mariam deyir.
“İndiki gürcü kişiləri fərqlidir”
İrakli Kakabadze atalıq məzuniyyətinə çıxmış ən məşhur gürcü atalardan biridir. O, bu hüquqdan istifadə edən və medianın haqqında məhz bu mövzuda danışdığı ilk kişi oldu.
Bu gün İrakli ailəsi ilə birlikdə İstanbulda yaşayır. Köhnə məhəllələrdən birində balaca gürcü kafesi işlədir, işi yaxşı gedir.
Oğlu Danielin artıq səkkiz yaşı var, məktəbə gedir. İrakli danışır ki, xanımının işlə bağlı vacib təklifi oldu və məlum olanda ki, ata məzuniyyət götürə bilər, bundan istifadə etmək və Gürcüstanda presedent yaratmaq qərarını verdi.
Bunu etmək o qədər də asan olmadı. Ancaq Səhiyyə Nazirliyi ilə uzun çəkən çəkişmədən sonra İrakli və onun o vaxtkı iş yeri olan Təhsil Nazirliyi onun atalıq məzuniyyətini rəsmiləşdirə bildilər.
Ən pis reaksiya yadlardan gəldi. İraklinin hekayəsi mediada çap olunandan sonra “Facebook”da çox sayda xoşagəlməz şərhlər verildi.
“Bu şərhlər məni heyrətləndirdi. Xüsusən də qadınlar coşdular. Yazırdılar ki, indi kişi qalmayıb, dəyişiblər, hər şey dəyərini itirir”, — İrakli danışır.
Danielə qulluq etdiyi vaxtları İrakli həvəslə yada salır:
“Uşağa qulluq edən, onun tərbiyəsində iştirak edən valideynin özü də böyüyür. Şəxs kimi. Vərdişlər inkişaf edir. Uşağın necə böyüdüyünü görəndə və bu prosesdə özüm iştirak edəndə, bundan daha böyük həzz almamışam. Onların həyatında iştirak etməyəndə bəxbəxt olursan”.