Gürcü jurnalistləri Əfqan Muxtarlı ilə həmrəydir – ABŞ səfiri ilə görüş və parlamentdə aksiya
Gürcü jurnalistləri Əfqan Muxtarlı ilə həmrəyliklərini nümayiş etdirərək, parlamentdə aksiya keçiriblər. İnsan haqları üzrə parlament komitəsinin iclasında onlar başlarına polietilen paketlər taxaraq, “Keçməyəcək”, “Əfqan Muxtarlıya azadlıq!” yazılı kiçik plakatlar qaldırdılar.
Bu şəkildə onlar Gürcüstanda azərbaycanlı həmkarlarının itməsi ilə bağlı suallara cavab tələb ediblər. Muxtarlının özünün bildirdiyinə görə, onu oğurlayan adamlar başına torba keçirib, bu şəkildə Azərbaycan sərhədinə qədər gətiriblər.
Təsvir olunan etiraz formasına gürcü jurnalistləri onların baş verənlərlə əlaqədar İnsan haqları üzrə parlament komitəsinin sədri Sofiya Kiladze və parlament sədri İrakli Kobaxidze ilə görüşməklə bağlı xahişləri cavabsız qalandan sonra müraciət etdilər. Sofiya Kiladze jurnalistlərin aksiyasından sonra bildirib ki, görüşdən imtina etməyib, sadəcə ölkədə olmadığını deyib.
Bu gün isə gürcü jurnalistləri ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ilə görüşüb. Görüşün əsas mövzusu Əfqan Muxtarlı ilə bağlı hadisələr olub. Jurnalistlər səfirə azərbaycanlı həmkarlarına dəstəklərinin vacibliyini dilə gətiriblər. Yan Kelli vurğulayıb ki, vəziyyətin inkişafını diqqətlə izləyir, Gürcüstanda söz və KİV azadlığını dəstəkləyir.
Jurnalist Əfqan Muxtarlı Azərbaycanı 2014-cü ildə hakimiyyət tərəfindən göstərilən təzyiqlər səbəbindən tərk edib. Onun insan haqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə etdiyi bir neçə müraciət baxılma mərhələsindədir. Son zamanlar IWPR və Meydan.tv beynəlxalq media və təşkilatları ilə əməkdaşlıq edib.
Muxtarlı Tbilisidə 29 may 2017-ci il tarixində itib. Sonradan məlum olub ki, o, Azərbaycanın hüquq-mühafizə orqanlarındadır. Muxtarlının özünün sözlərinə görə, Gürcüstanda o, yerli xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən oğurlanıb, başına torba keçirilib və Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarına verilib. Azərbaycan məhkəməsi Muxtarlının barəsində sərhədi qanunsuz keçməsinə və qaçaqmalçılığa görə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Muxtarlının sözlərinə görə, onun cibinə 10 min avro qoyublar