Gürcüstanlı həkim 1 il 9 ayını Sxinvali həbsxanasında keçirəcək
Tsxinvalidə “sərhədi qanunsuz keçmə” ittihamı üzrə iki aylıq həbsdə olan tbilisili həkim-travmotoloq Vaja Qaprindaşvili 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmü dekabrın 20-də Cənubi Osetiyanın de-fakto məhkəməsi çıxarıb.
Həkim Vaja Qaprindaşvili Cənubi Osetiyanın de-fakto hakimiyyəti tərəfindən “dövlət sərhədi”nin qəsdən pozulmasında ittiham olunur. Cənubi Osetiyanın dövlət təhlükəsizliyi komitəsinin bəyanatında deyilir ki, Qaprindaşvili barəsində istintaq sərhədin qanunsuz keçilməsini nəzərdə tutan “Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə aparılıb”.
Qaprindaşvili özünü günahkar hesab etmir. O, noyabrın 9-da münaqişə zonasında, Orçosani kəndinin yaxınlığında saxlanılıb. Tbilisili həkimin saxlanılmasının təfərrüatları məlum deyil. Ən çox yayılmış versiyaya əsasən, Vaja Qaprindaşvili münaqişə zonasına pasiyentə yardımın göstərilməsi üçün gedibmiş.
Saxlanıldıqdan sonra ona bir telefon zənginə icazə veriblər və o, öz ailəsinə hadisə ilə bağlı qısa məlumat verib. O da məlumdur ki, “dövlət sərhədi”nin yaxınlığında Vaja Qaprindaşvilini heç kim gözləməyib. Adəti üzrə, Gürcüstan tərəfdən Cənubi Osetiyanın Axalqor rayonuna yollanan insanları buraxılış məntəqəsinin yaxınlığında mütləq yerli sakinlərdən kimsə qarşılayır.