Gürcü-abxaz müharibəsinin bitməsindən 25 il keçir. Gürcüstanda 27 sentyabr Suxuminin işğal günü kimi qeyd olunur
Gürcüstanda bu gün ən yeni tarixin faciəvi günü – Suxuminin işğalının, Gürcüstan ordusunun Abxaziya paytaxtını tərk etdiyi günün 25 illiyi xatırlanır.
Bütün Gürcüstan ərazisində dövlət qurumları üzərindəki bayraqlar endirilib.
Səhər saatlarından hərbi əməliyyatlar zamanı həlak olanların xatirəsini yad etmək üçün onların ailə üzvləri və yaxınları Tbilisidəki Qəhrəmanlar Memorialının qarşısına gəlib.
Müharibə iştirakmçıları və Gürcüstan hökumətinin üzvləri də memorialı ziyarət edib, – “Novosti Qruzii” məlumat verir.
• Abxaziyada hərbi münaqişə 1992-ci il avqustun 14-də başlayıb, 13 ay və 13 gün davam edib, 1993-cü il sentyabrın 27-də abxaz və Şimali Qafqaz qüvvələrinə qarşı Gürcüstan qoşunlarının məğlubiyyəti ilə başa çatıb. Bəzi məlumatlara görə, hərbi münaqişə 13 mindən çox can alıb, böyük hissəsi etnik gürcü olmaqla 300 min insan qaçqın düşüb.
• 2008-ci ildə, avqust müharibəsindən sonra Rusiya hökuməti Abxaziyanı müstəqil dövlət olaraq tanıyıb. Gürcüstan hökuməti öz növbəsində bu ərazini rəsmən işğal olunmuş elan edib.