"Güc tətbiqinə bəraət qazandırmaq cəhdi": Ermənistanda Solovyovun bəyanatına reaksiya
Solovyovun Ermənistan haqqında çıxışına reaksiya
Ermənistanlı siyasətçilər və politoloqlar rusiyalı teleaparıcı Vladimir Solovyovun növbəti təxribat xarakterli bəyanatına sərt reaksiya verərək, Ermənistanın suverenliyinə yönələn hədələrin absurdluğunu və yolverilməzliyini vurğulayıblar.
Kremlə yaxın təbliğatçı, anti-Ermənistan məzmununa görə müəllifi olduğu iki proqramı artıq Ermənistanın ictimai multipleksində bloklanan Solovyov bu dəfə Rusiya-Ermənistan münasibətlərinə toxunub. O, Ermənistanın itirilməsini Rusiya üçün Ukraynada təsir zonasının itirilməsi ilə eyni səviyyədə problem adlandırıb. Bundan əlavə, Solovyov faktiki olaraq Ermənistan ərazisində “Xüsusi Hərbi Əməliyyat”a başlamaqla bağlı hədə-qorxu gəlib.
“Biz məqsəd və vəzifələrimizi çox aydın şəkildə formalaşdırmalıyıq. İzah etməliyik ki, oyunlar bitib. Beynəlxalq hüquqa, beynəlxalq nizama məhəl qoymuruq. Əgər milli təhlükəsizliyimiz üçün Ukrayna ərazisində Xüsusi Hərbi Əməliyyata başlamaq zəruri idisə, niyə eyni məntiqlə təsir zonamızın digər nöqtələrində də Xüsusi Hərbi Əməliyyata başlamayaq”, – deyə o bildirib.
Ermənistanın ekspert dairələrində Solovyovun bəyanatının tənqidi ilə yanaşı, ölkənin Xarici İşlər Nazirliyinin Rusiya səfirinə etiraz notası təqdim etməsi tələbi də səsləndirilir.
- Putin və Paşinyan arasında açıq mübahisə: statistika Ermənistan baş nazirinin sözlərini təsdiqləyir
- Rusiya vətəndaşları Ermənistanda casusluqla məşğul olublar: işlərdən biri üzrə nələr məlumdur
- Ermənistanda hakimiyyət-kilsə qarşıdurması: Paşinyan Katolikosun kənarlaşdırılması istiqamətində atılan addımlardan danışıb
Solovyov: “Ermənistanın itirilməsi nəhəng problemdir”
Rusiyalı teleaparıcı ilin əvvəlindən Venesuelada baş verən hadisələrə toxunduqdan sonra diqqətini Ermənistana və Ukraynaya yönəldib:
“Biz mövqelərimizi itirməməliyik, lakin bizim üçün ən vacib məsələ yaxın ölkələrdir. Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən qat-qat ağrılıdır. Ermənistanın itirilməsi nəhəng problemdir. Asiyamızda, Orta Asiyada, mərkəzi Asiya adlandırılan bölgədə problem yaranması bizim üçün dəhşətli nəticələrə səbəb ola bilər. […]
Bəlkə milli doktrinamızı formalaşdırmalı və təsir zonamızın haradan ibarət olduğunu açıq şəkildə deməliyik. O zaman hər şey aydın olacaq.
Biz Avropanın nə düşündüyünə əhəmiyyət verməyi dayandırmalı, donuzların qarşısına mirvari səpməməliyik. Ukraynalılara yazığımız gəlməsini də dayandırmalıyıq. İlk həftədə göstəriləcək sərtlik münaqişənin artıq başa çatmasına gətirib çıxara bilərdi. Həm bir, həm də digər tərəfdən itkilər xeyli az olardı”.
Şərhlər
“Respublika naminə” Partiyasının lideri Arman Babacanyan hesab edir ki, Solovyov sadəcə şəxsi fikrini səsləndirməyib, Rusiyanın xarici siyasət doktrinasını təqdim edib.
O, Solovyovun Rusiyanın “təsir zonaları”nı öz “milli maraqları”nın obyekti kimi elan etdiyini vurğulayıb. Üstəlik, suveren dövlətlərin seçimi və beynəlxalq hüquq rusiyalı jurnalist tərəfindən bu məqsədlərə mane olan xırda detal kimi qiymətləndirilir.
“Rusiya dövlət kanalında açıq şəkildə təkcə Ukraynada deyil, həm də RF-in digər “təsir zonaları”nda “xüsusi hərbi əməliyyat” aparılmasından danışılır və üstəlik “beynəlxalq hüquqa məhəl qoymuruq” deyilir. Bu, birbaşa siqnaldır. Bu, güc tətbiqinə, məcburetməyə haqq qazandırmaqdır. Məntiq belədir: digər xalqların dövlətçiliyi onlara təsir aləti kimi nəzərdən keçirilir”, – deyə o bildirib.
Babacanyan xatırladıb ki, hələ 2024-cü ildən Ermənistanda Solovyovun proqramlarının yayımı “düşmən təbliğatı” səbəbilə bloklanıb. Lakin siyasətçi hesab edir ki, bu, problemi həll etməyib:
“Eyni şəxs Ukraynadakı müharibə, Aİ və ABŞ-la münasibətlər barədə danışmağa davam edir və Ermənistanın maraqlarına diametral şəkildə zidd mövqe tutur. Bu kontent isə Ermənistan ərazisində “susdurulmur”.
Babacanyanın sözlərinə görə, bu cür “sayıqlama”nın hətta Ermənistan hüdudlarından kənarda yayılması belə milli təhlükəsizlik məsələsidir, çünki bu, aşağıdakıları nəzərdə tutur:
- “dövlətə qarşı səslənən aqressiyanın normal hal kimi təqdim olunması,
- Ermənistanın subyektliyinin inkarı,
- ölkəyə qarşı növbəti təzyiqlərə haqq qazandırmaq cəhdi”.
Arman Babacanyan dövlət qurumlarından “institusional” cavab gözləyir. Xüsusilə, yüksək texnologiyalar sənayesi nazirinə Ermənistan ərazisində Rusiya dövlət təbliğatı kontentinin təkrar yayımı və əlçatanlığı risklərini azaltmaq üçün texniki tədbirlərin görülməsini təklif edir.
“XİN isə Rusiyanın Ermənistandakı səfirini dəvət etməli və rəsmi diplomatik etiraz notası – note verbale təqdim edərək aydın izahatlar tələb etməlidir”, – deyə siyasətçi hesab edir.
Onun fikrincə, XİN güc tətbiqinə çağıran təbliğatın qəbuledilməz olduğunu bəyan etməlidir. Üstəlik, belə təbliğat hətta “şəxsi fikir adı altında” təqdim edilsə belə, düşmənçilik hərəkətlərinin təşviqi kimi qiymətləndiriləcək. O əmindir ki, Ermənistan öz “qırmızı xətlərini” müəyyən etməlidir:
“Əgər biz beynəlxalq hüququ açıq şəkildə rədd edən və başqa bir suveren dövlətin ərazisində “əməliyyat”ı legitimləşdirən dövlət təbliğatından ictimai efir və informasiya məkanımızı qorumuruqsa, onda biz Ermənistanın suverenliyinin qoruyucu qatlarını özümüz zəiflədirik”.
“Respublika” Partiyasının lideri Aram Sarqsyan vurğulayır ki, “rəsmi dövlət təbliğatçısı” Vladimir Solovyov Ermənistandan dövlət kimi deyil, Rusiyanın təsir zonası kimi danışır:
“Belə çıxır ki, onlara tabe olan beşinci kolon da Ermənistanın keçmiş prezidentləri, din xadimləri və ya oliqarxlar deyil, Rusiya təsirinin elementləridir”.
Bununla yanaşı, Sarqsyanın qeyd etdiyi kimi, Ermənistan vətəndaşları 2018 və 2021-ci illərdə keçirilən seçkilər zamanı “Rusiyanın təsir zonası” ilə bağlı mövqelərini artıq ifadə ediblər. O, insanların Rusiyanın öz gündəmini diqtə edə bilmədiyi mövcud hakimiyyətə səs verdiyini nəzərdə tutur:
“Solovyov əsəbiləşir, çünki bilir ki, xalq 2026-cı il parlament seçkilərində də öz mövqeyində qalacaq. Beşinci kolon, yəni keçmiş prezidentlər, din xadimləri, xilaskar oliqarxlar Ermənistanı RF-in təsir zonasına çevirmək və ölkəni hərbi güclə tabe etdirmək təklifləri ilə bağlı mövqelərini müəyyənləşdirsələr, pis olmazdı. Onlar da Solovyovun mövqeyini dəstəkləmiş olmasınlar, özlərinin yalnız bu yolla yenidən istehsal oluna biləcəyini düşünməsinlər”.
Ekspert rəyi
Siyasi analitik Ovsep Xurşudyan vurğulayıb:
“Əgər burada agentlərdən və satqınlardan ibarət, Kremlin kölələri olan böyük bir dəstə, yəni beşinci kolon olmasaydı, hər cür solovyovlar və simonyanlar [Russia Today agentliyinin baş redaktoru Marqarita Simonyanı nəzərdə tutur] Ermənistana qarşı bu qədər həyasız və uzun dillə danışa bilməzdilər.
Ona görə də onları mümkün qədər tez neytrallaşdırmaq vacibdir – keşiş obrazında çıxış edən KQB-çilərdən tutmuş, Rusiya və Rusiyaya tabe olan oliqarxlar formasında çıxış edən “xeyriyyəçi” cibgirlərə qədər. Bu beşinci kolon onlarla birlikdə Rusiyanın “burjua-demokratik inqilabı” barədə xəyallar qurur”.
Politoloq Lilit Dallakyan isə qeyd edib:
“Təəccüblənirəm ki, niyə Ermənistan cəmiyyəti Solovyovun sözlərindən qıcıqlanır. Onun dünyadakı “müsbət reputasiyasını” nəzərə alsaq, o, Ermənistanın reklamını edir.
Düşünürəm ki, Ermənistan sevgisinə görə ona pul ödəyənlərin hazırda problemləri olduğundan, o, başqa gəlir mənbəyi tapıb.
Üstəlik, sən öz ailən daxilində ciddi problemlərin ola-ola hər gün İranda, Venesuelada, Suriyada ənənəvi dəyərlərdən danışarkən alçaldılırsansa, “sevimli” ABŞ prezidenti sənin tankerlərini ələ keçirirsə və sən səsini çıxara bilmirsənsə, sənin prezidentin Əliyevin qarşısında özünə bəraət qazandıraraq ona təsir agentini təhvil verirsə, beş dəfə ələ keçirildiyi deyilən Kupyansk hələ də tam ələ keçirilə bilmirsə, haradasa hirsini çıxmalısan.
Bir sözlə, o, Rusiya siyasətini tənqid edənlər üçün əsl hədiyyədir. Üstəlik, daim erməni həmkarlarını çətin vəziyyətdə qoyur”.
Solovyovun Ermənistan haqqında çıxışına reaksiya