Gənc fəal Bayran Məmmədov azadlığa çıxıb – o, əfv fərmanından az sonra aldığı yeni cəzanı başa vurub
Gənc fəal Bayram Məmmədov 30 sutka inzibati cəzanı başa vurandan sonra azadlığa çıxıb. O, əfv fərmanı ilə azadlığa çıxandan az sonra polisə müqavimətdə ittiham olunaraq həbs edilmişdi. Məmmədov saxlanılan zaman işgəncəyə məruz qaldığını bildirmişdi. Çoxları hesab edir ki, onun həbsinin səbəbi əfv olunandan sonra yenidən hakimiyyəti media və sosial şəbəkələrdə kəskin tənqid etməsi ilə bağlıdır.
• Bayram Məmmədovun həbsinin və bununla bağlı yaranan qalmaqalın təfərrüatları
2016-cı ildə gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov narkotik alverində günahlandırılaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həbslərindən bir gün öncə isə onlar Azərbaycanın eks-prezidenti, hazırkı prezidentin atası Heydər Əliyevin heykəlinin postamentinə hökumətə qarşı şüar yazmışdılar.
Amnesty International hüquq müdafiəsi təşkilatı onları vicdan məhbusu elan etmişdi.
Hər ikisi 2019-cu il martın 16-da prezidentin imzaladığı 50 nəfəri siyasi məhbus olmaqla 399 nəfərə şamil edilən əfv fərmanı nəticəsində azad edilmişdi.
• Niyə Qiyas İbrahimov əfvdən az sonra polisə çağırılıb?
2019-cu il martın 30-da Bayram Məmmədov polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
Məmmədov bildirib ki, saxlanılandan sonra onu istintaq təcridxanasında amansızlıqla döyüblər. Vəkili iki dəfə apellyasiya şikayəti versə də, hər ikisində şikayət rədd edilib.