“Cənubi Qafqazda müharibə: kim lehinə, kim əleyhinədir?” Bakıdan baxış
Fərhad Məmmədov müharibə ehtimalı haqqında
Azərbaycan bütün ərazisi üzərində suverenliyini tam bərpa etdikdən sonra uzun müddət Ermənistanla sərhəddə atəşkəs rejiminin pozulması halları baş vermirdi. Amma son günlərdə hələ də delimitasiya olunmayan dövlətlərarası sərhədin müxtəlif hissələrində bir neçə insident baş verib. Nəticədə ölən və yaralananlar, eləcə də saxlanılanlar var. Azərbaycanlı politoloq Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə ehtimalı haqqında fikirlərini bölüşüb.
- Qubad İbadoğluna qarşı yeni ittihamların ola biləcəyi deyilir
- “Novruzla bağlı əfv sərəncamı az gözləniləndir”
- Azərbaycanda Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunur. Sağ qalanların hekayələri
Politoloq Fərhad Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara paralel olaraq ekspertlər arasında və mediada gələcək müharibə mövzusu müzakirə olunur.
“Müxtəlif dövlətlərin rəsmi nümayəndələri, ekspertlər və media gələcək müharibə haqqında diskurs təqdim edir və bu diskursdan öz məqsədləri üçün istifadə edirlər. Etiraf etmək lazımdır ki, bu cür nəticəyə gəlmək üçün obyektiv əsaslar var:
• Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb;
• Azərbaycana qarşı ərazi iddiaları Ermənistan qanunvericiliyində qalır;
• Silahlanma yarışı gedir;
• Regionda xarici qüvvələr arasında geosiyasi qarşıdurma getdikcə güclənir”.
Mümkün eskalasiyada maraqlı olanlar və hədəfləri
“Beynəlxalq mediadakı mətnlərin və ekspert çıxışlarının məzmun analizi aparılarsa, məlum olur ki, gələcək müharibə haqda ən çox Fransa və Rusiyanın ötürdüyü “pas”la danışırlar.
“Beynəlxalq mediadakı mətnlərin və ekspert çıxışlarının məzmun analizi aparılarsa, məlum olur ki, gələcək müharibə haqda ən çox Fransa və Rusiyanın ötürdüyü “pas”la danışırlar.
Fransa Ermənistanı öz və Hindistan silahları ilə doldurmaq, ordu idarəetmə sisteminə və dövlət aparatına sızmaq, Rusiyanın Ermənistandakı mövcudluğunu pozmaq üçün “Azərbaycanın gələcək hücumu” mövzusunu təbliğ edir.
Rusiya da öz növbəsində Qərbə üz tutacağı təqdirdə Ermənistanın Azərbaycanın qərbinə çevriləcəyini açıq şəkildə bəyan edir, rusiyalı ekspertlər Moskvanın qırmızı xətlərini aydın şəkildə vurğulayırlar.
Yəni Fransa da, Rusiya da əmindirlər ki, müharibə qaçılmazdır və Azərbaycan hərəkətə keçəcək.
Rəsmi Bakı isə əksinə, danışıqları davam etdirmək üçün əzmkar səbr və qətiyyət nümayiş etdirir: Sankt-Peterburq və Münhendə ikitərəfli formatda iki görüş, sərhəd komissiyalarının iclasları, xarici işlər nazirlərinin hazırkı görüşü, Qərb və Rusiya rəsmiləri ilə görüşlər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqda müzakirələr. Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddə erməni təxribatlarına cavab verilməyəcəyini bəyan edir və rəsmi Bakı araşdırmaların aparılmasını tələb edir.
“Azərbaycanın cavab verməsi və qeyri-mütənasib cavab verməsi üçün nə baş verməlidir?!”
“Fevraldakı yerli atışma göstərdi ki, Ermənistan hökuməti bəzi hissələrdə sərhədi “Yerkrapa” özəl hərbi şirkətə etibar edib, 2021-ci ildən isə şərti sərhədin müəyyən hissələrini Rusiya FTX-nə verib. Beləliklə, Azərbaycan əleyhinə siyasəti nəticəsində Ermənistan şərti sərhədin bütün perimetri üzərində tam nəzarətə malik deyil ki, bu da eskalasiyada maraqlı olan xarici qüvvələrin tədbir görməsi və Bakını cavab verməyə təhrik etməsi üçün şərait yaradır.
Bununla yanaşı, Rusiya da, Fransa da həm Ermənistanda, həm də xaricdə olan revanşist qüvvələrlə flört edir. Fransa Paşinyanla Fransa daşnaklarının başçısı Papazyan arasında görüş təşkil etməklə daha da irəli gedib. Məqsəd daşnakları Paşinyanla barışdırmaq və ikincini revanşist kontentə yönəltməkdir.
Bütün bu hərəkətlər Bakıda qeydə alınır. Rəsmi Bakı fevral ayında açıq şəkildə bəyan etmişdi ki, itkilər olarsa, qeyri-mütənasib cavab verəcək. Yəni, eskalasiyada maraqlı olanlar insan tələfatı ilə təxribat törətməlidirlər ki, Bakı cavab versin. Əgər Ermənistan əldə etdiyi silahların məhv edilməsini, yeni qurban və itkilərin olmasını istəmirsə, o zaman şərti sərhəddə öz silahlı qrupları üzərində nəzarəti gücləndirməli, Ermənistan XİN rəhbərinin məzmunu üzərində işləməli, Ermənistan Ali Sovetinin 1992-ci ilə aid qərarlarını ləğv etməyə başlamalıdır.
Paşinyan və ətrafı başa düşməlidirlər ki, Fransanın “şərti sərhəddə bəzi mövqelərə nəzarətin bərpası naminə uğurlu eskalasiya” yolu ilə danışıqlarda Ermənistanın mövqeyini gücləndirmək haqda vədləri növbəti itkilərə səbəb ola bilər. Hərbi eskalasiya Azərbaycanın danışıqlardakı mövqeyini də dəyişə bilər, buna son üç ildə şahid olduq. Paşinyan təkcə Rusiya ilə deyil, Fransa ilə də münasibətlərdə subyekt kimi davranmalıdır ki, daha çox itirməsin…”