Futbol üzrə Dünya çempionları Azərbaycanda inamlı qələbə qazanıb
Futbol üzrə dördqat Dünya çempionu Almaniya yığması Bakıda Dünya Çempionatının seçmə turu çərçivəsində meydan sahibləri üzərində 4:1 hesabla qəti qələbə çalıb. Azərbaycanlıların hücumçusu Nəzərov tərəfindən almanların qapısına vurulan qol onların seçmə turunda və ümumilikdə son səkkiz oyun zamanı buraxdıqları ilk qoldur.
Oyunun əvvəlində Azərbaycan yığması yeddi xalla qrupda altı komanda arasında üçüncü yeri tuturdu. Əlbəttə ki, itkiyə yol verməyən və qol buraxmayan almanlar birinci idi.
Azərbaycan çempionatın seçmə turunu “Niyə də yox?” sloqanı ilə başlayıb. Həqiqətən də üç turdan sonra Azərbaycan yığması özü üçün rekord olan 7 xal toplayıb və bir müddət hətta turnir cədvəlində ikinci yeri də tutub. Amma Şimali İrlandiyaya böyük fərqlə məğlub olması azarkeşlərin eyforiyasını bir qədər azaldıb.
Azarkeşlər də, oyunçuların özləri də anlayırdılar ki, Almaniya ilə oyunda məğlubiyyətdən qurtulmağa ancaq möcüzə kömək edə bilərdi. Üstəlik “alman maşını” Bakıya əsl döyüş tərkibi ilə gəlmişdi. İtiriləcək heç nə yox idi, buna görə də azərbaycanlılara ləyaqətlərini qorumaq qalırdı. Onlar bunu bacardılar.
“Stadionda gözəl atmosfer vardı. Azarkeşlərə minnətdaram. Biz çoxdandır ki, belə bir şey görmürdük. Komandanın oyunundan razı qaldım. Baxmayaraq ki, güclü rəqiblə mübarizə aparırdıq, müdafiədə oturmadılar. Yəqin siz də razılaşarsız ki, bu 90 dəqiqədən sonra komanda ilə qürur duymaq olar. Rəqiblərimizi isə qələbə münasibətlə təbrik edirəm”, – oyundan sonrakı mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Almaniya yığmasının baş məşqçisi İoahim Löv azərbaycanlıların oyununu tərifləyib: “Biz başqa Azərbaycan gördük. Ötən illərlə müqayisədə hazırkı komanda daha yaxşı idi. Onlar tərifə layiqdirlər”.
Azarkeşlər də öz komandalarının oyunundan razı qalıblar. Sosial şəbəkədə dərc olunan şərhlərdən bəziləri:
“Onlar vuruşurdular. Onlar çalışırdılar. Pis oyunçulardır, amma çox çalışırdılar. Ölkə üçün. Onlar Dünya çempionuna qol vurdular və yenə vurmaq istəyirdilər”.
“İndi biz əminliklə deyə bilərik ki, Azərbaycan yığması Braziliya yığmasından daha güclüdür. Axı almanlar braziliyalılara 4 deyil, yeddi qol vurdular, həm də onların öz meydançasında”.
Bu, hazırkı Dünya çempionlarının Azərbaycana ikinci səfəri idi. Birinci səfər 2002-ci ildə İtaliyanınkı olmuşdu. Azərbaycan yığması növbəti oyunu Bakıda Şimali İrlandiya komandasına qarşı keçirəcək.