Freedom house beynəlxalq hüquq müdafiə təşkilatının hesabatına görə, Gürcüstan yenə də qismən azad ölkələr sırasında qalmaqdadır. “Dünyada azadlıq 2017” hesabatında bildirilir ki, Gürcüstanın ümumi göstəricisi 100-dən 64 təşkil edir. Ötən ildən təşkilatın Gürcüstanla bağlı dəyərləndirməsi dəyişməyib.
Freedom House-un hesabatına görə, Gürcüstan demokratiya nöqteyi-nəzərindən qonşuları ilə müqayisədə daha yaxşı vəziyyətdədir, Gürcüstanda 2012-ci ldəki hakimiyyət dəyişikliyindən və hakimiyyətə “Gürcü arzusu” koalisiyası gələndən sonra isə ölkədə demokratiya səviyyəsi bir qədər yaxşılaşıb.
“Gürcüstanda telekanal sahiblərilə [əsas müxalif kanal olan “Rustavi-2” üzərində sahibkarlıq hüququ ilə bağlı məhkəmə prosesi], həmçinin qanunun aliliyi ilə bağlı problemlər var. Zaman-zaman siyasi motivli hökmlərlə bağlı ittihamlar ortaya çıxırdı. Bununla belə Gürcüstan qonşuları ilə və digər Avrasiya ölkələrilə müqayisədə yetərincə yaxşı durumdadır. Biz ümumilikdə Gürcüstanın [inkişaf] istiqamətindən və onun mürəkkəb mühitdə demokratik mühitə sahib olmasından razıyıq”, “Rustavi-2” telekanalı ilə söhbətində Freedom House təşkilatının nümayəndəsi Arçi Padinqton deyib.
Freedom House azadlıq səviyyəsinə görə ölkələri üç kateqoriyaya bölür: azad, qismən azad və azad olmayan ölkələr. 2017-ci i hesabatına görə, 195 ölkənin 87-i (45 faiz) azad, 59-u (30 faiz) qismən azad, 49-u isə (25 faiz) azad olmayan ölkələrə aiddir.
Gürcüstanın qonşularına gəlincə, Rusiya 100-dən 20, Azərbaycan isə 14 xalla azad olmayan ölkələr kateqoriyasına daxil olub. Türkiyə (38 xal) və Ermənistan isə (45 xal) qismən azad ölkələrə aid edilib.