Freedom House beynəlxalq insan haqları təşkilatı “İnternet azadlığı 2021” illik hesabatını açıqlayıb. Bu hesabatda Azərbaycan internet azadlığı olmayan ölkələr sırasına daxil edilib.
Hüquq müdafiəçilərinin hesabatında dünyanın altı regionundan 70 ölkədə dünya şəbəkəsinin azadlığı ilə bağlı vəziyyət analiz edilib. Freedom House son 11 ildə ümumilikdə qlobal azadlıqla bağlı vəziyyətin pisləşdiyini qeyd edir.
35 şərti bal toplamaqla Azərbaycan interneti azad olmayan ölkə adlandırılıb. Türkiyədə (34), Qazaxıstanda (33), Belarusda (31), Rusiyada (31) və İranda (16) da vəziyyət eynidir.
Qafqaz dövlətlərindən Gürcüstan 77, Ermənistan 71 bal toplayıb. Bu ölkələrdə vəziyyət Azərbaycandan daha yaxşı qiymətləndirilir.
Hesabatda qeyd olunur ki, 2021-ci ilin yanvarında Azərbaycanda polis məşğulluq idarəsinin işçiləri kimi sosial şəbəkə istifadəçisi Sərdar Əsgərovun evinə gəliblər. Bundan sonra istifadəçi saxlanılıb, döyülüb və Facebook-da yerli hakimiyyətlə bağlı tənqidi paylaşımına görə üzr istəməli olub.
Rəsmi Bakı internetdə senzura ittihamını rədd edir və bildirir ki, Azərbaycanda ümumdünya şəbəkəsi tam azaddır.
Bununla belə hazırda Azərbaycanda yerli məhkəmələrin qərarı ilə müstəqil KİV-lərin bir neçəsinin saytına giriş bloklanıb.
Az əvvəl Azərbaycan hakimiyyətinin onlarla siyasi fəal vətəndaşı və jurnalisti Pegasus casus proqramı vasitəsilə izlədiyi üzə çıxıb.
“Mən hesab edirəm ki, müasir dövrdə internet azadlığı və sürəti rifahın vacib tərkib hissəsidir. Bu yaxında isə bir başqa beynəlxalq hesabat göstərdi ki, sürətə görə də dünya ölkələri arasında quyruqda gələnlər arasındayıq.
Azadlıq şəraitində yaşaya bilməyən hökumətlər çıxış yolunu insanların azadlıqlarını əlindən almaqda, məhdudlaşdırmaqda görürlər. Azadlığı olmayan cəmiyyətin tərəqqisi isə sadəcə illyuziyadır. Azadlığı olmayan cəmiyyət tərəqqi etmir, özü üçün gələcəkdə düşəcəyi dərin bir quyu qazır”, – Freedom House-un hesabatını şərh edən azərbaycanlı tarixçi Altay Göyüşov Facebook səhifəsidə yazıb.