Fransada Azərbaycan prezidentinin bacısına məxsus bahalı mülklər aşkarlanıb
Sevil Əliyevanın Fransadakı mülkləri
Fransada jurnalistlər Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın 52 milyon avro dəyərində mülklər aldığına dair sübutlar ortaya çıxarıblar. Mülklər 1999-cu ildən 2008-ci ilə qədər əldə edilib. Qeyd olunur ki, Sevil Əliyeva Londonun ən bahalı rayonlarından birində də bir neçə evin sahibidir.
- Azərbaycan prezidentinin əmisi qızı həbs oluna bilər
- Zamirə Hacıyevanın işi: Böyük Britaniya “izaholunmaz varidatı” olan əcnəbilərə qarşı ova başlayıb
- Azərbaycanın keçmiş nazirinin mənbəyi məlum olmayan çoxmilyonluq daşınmaz əmlakı aşkarlanıb
Fransanın “L’Obs” jurnalının dərc etdiyi “Elit mülk: Fransa bütün dünyadan şübhəli pulları necə cəlb edir” başlıqlı məqalədə qeyd olunur ki, 60-dan çox xarici ictimai xadim, dövlət başçısı, nazir və ya şübhəli biznesmen Fransada dəbdəbəli ev və ya mənzil almaq üçün yüz milyonlarla avro xərcləyib.
“Dəniz mənzərəsi göz oxşayır. Dünyanın nəhəng sərvətlərini cəlb edən açıqcalar üçün həmin bəzəklərdən biri. Sen-Tropenin populyar bucaqlarından birində şam ağacları ilə əhatə olunmuş villa və onun hovuzu seyrə dəvət edir. Yəqin məkanın sahibi bu yerləri o qədər bəyənir ki, hətta qonşuluqdakı evi də alıb.
“Zebra” və “La Grenouille” adlanan iki mülki daşınmaz əmlak şirkəti vasitəsilə Sevil Əliyeva adında şəxs 1999-cu ildə 5,2 milyon avroya nəzarətçinin beşotaqlı mənzilindən başqa on beş otaqdan ibarət ilk, 2008-ci ildə isə 15,9 milyon avroya ikinci rezidensiyasını alıb”, – məqalədə deyilir.
Sevil Əliyeva Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin yeganə qızı, hazırkı prezident İlham Əliyevin bacısıdır. 1955-ci ildə Bakıda anadan olub.
Sevil Əliyeva bəstəkardır, Azərbaycanın “Space” telekanalının rəhbəridir. Bu teleşirkət Azərbaycanda Sevil Əliyevanın adı ilə bağlı olan yeganə müəssisədir.
O, Londonda yaşayır.
Fransa nəşrinin yazdığına görə Sen-Tropedəki bu iki ev Sevil Əliyevanın Fransada daşınmaz əmlak sahəsindəki aktivlərinin sadəcə bir hissəsidir.
2005-ci ildə o, Parisin 16-cı dairəsində “SCI Taureau” vasitəsilə qapalı hovuzu olan mülk alıb. Əməliyyat məbləği 11,5 milyon avro təşkil edib, mümkün kredit zəmanəti üçün ipoteka götürülmədən ödənib, demək olar ki, bütün satın almalarında olduğu kimi.
Amma bu da hələ son deyil. Fransalı jurnalistlər bildirirlər ki, Sevil Əliyeva Yelisey çöllərinin yaxınlığında “Uğur”, “Böyük uğur” və “Şans” adlanan binalarda dəyəri 14 milyon avronu aşan dörd mənzilə də sahibdir:
Bildirilir ki, onun Londonun ən bahalı rayonlarından birində – Boltonda da evləri var. Ofşor zonalarda qeydiyyatdan keçən şirkətlər vasitəsilə əldə edilən bu evlərdə onun bildirdiyinə görə, o özü yaşayır – məqalədə qeyd olunub.
Fransada onun həyata keçirdiyi daşınmaz əmlak əməliyyatları ilə bağlı bəzi rəsmi sənədlərdə Sevil Əliyeva özünü “bəstəkar” kimi təqdim edib – təxminən on il əvvəl o, iki kompakt-disk buraxıb, amma onlar artıq satışda mövcud deyil. Digər sənədlərdə isə o bildirir ki, onun “peşəsi yoxdur”.
“Sevil Əliyevanın Fransada daşınmaz əmlaka yatırdığı 52 milyon avro (ən azı) haradandır? Öyrənmək mümkün deyil. Əlaqə saxladıq, Azərbaycan prezidentinin bacısı zənglərimizə cavab vermədi”, – jurnal yazıb.