“Gürcüstan vasitəsilə Fransadan Ermənistana silah. Bu nə deməkdir?” Bakıdan baxış
Fransa silahlarının Ermənistana daşınması
Fransa silahlarının Gürcüstan ərazisindən keçməklə Ermənistana daşınması Azərbaycanın ekspert çevrəsində müxtəlif reaksiyalara səbəb olub. “Bunu həm Gürcüstanın Avropa İttifaqına namizəd statusu almasının “şirinliyi” kimi, həm də son regional proseslərlə əsaslandırmaq olar ”, – azərbaycanlı analitiklər Gürcüstanın qərarını belə şərh edirlər. “Biz Fransanın Ermənistana “Bastion” hücum xarakterli zirehli texnika göndərməsini qətiyyətlə pisləyirik”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
- “Yaşamaq, körpə oğlumu böyütmək istəyirəm”
- “Bu sənəddən heç nə qalmayıb”. Bakıdan şərh
- “Zurabişvilinin petisiyası”: Nə deyir və kimlər imzalaya bilər
Azərbaycanlı politoloqlar Gürcüstan ərazisi vasitəsilə Fransadan Ermənistana silah daşınması ilə bağlı fikirlərini bölüşüblər. Şərh Azərbaycanın “Şərqə Baxış” ictimai səhifəsində yer alıb.
“Gürcüstan Azərbaycana qarşı balans oyununa daxil olub”
“Fransanın Ermənistana satdığı silahların Gürcüstanın Poti limanından daşındığı ilə bağlı vizual sübutlar paylaşılıb”, – azərbaycanlı ekspertlər yazırlar.
Onların sözlərinə görə, əvvəllər bənzər cəhdlərə imkan verməyən Gürcüstanın yeni siyasət izləməsi diqqət çəkir:
“Bunu həm Gürcüstanın Avropa İttifaqına namizəd statusu almasının “şirinliyi” kimi, həm də son regional proseslərlə əsaslandırmaq olar. Gürcüstan Azərbaycanın müzakirəyə açdığı Zəngəzur yolunun əsas itirən tərəfidir, çünki bu yol Gürcüstana alternativ yaradır, müəyyən mənada gürcüləri ofsayda salır. Zəngəzur yolu danışıqları və Gürcüstansız keçirilən “3+3” formatının görüşləri Tbilisini də manevr etməyə yönəldib. Belə görünür ki, Gürcüstan da regional aktivliyini artıran Azərbaycana qarşı balans oyununa keçib”, – təhlildə deyilir.
“Niyə Rusiya göz yumur?”
“İndi bir çoxumuza iki sual maraqlıdır.
“İndi bir çoxumuza iki sual maraqlıdır.
Birincisi, Fransanın silah-sursat karqosu Poti limanına haradan gəlib? Üç variant var. Rumıniya və ya Bolqarıstan limanları, ya da İstanbul boğazları. Açığı mən İstanbul boğazlarına ehtimal vermirəm. Çünki nə Türkiyə əsas geosiyasi rəqibi olan Fransanın Cənubi Qafqazda hərbi müstəvidə əl-qol açmasını istəyər, nə də Fransa Ermənistana hərbi yüklərini Türkiyə yoluyla göndərməyə risk edər. Məncə, Rumıniyanın Konstanta limanı ehtimalı daha yüksəkdir.
İkinci sual da budur ki, Rusiya niyə KTMT “müttəfiqi” Ermənistana Fransanın Qara dəniz üzərindən silah göndərməsinə göz yumur? Özü də erməni rəhbərliyinin açıq şəkildə KTMT-dən çıxmaq üçün alternativ axtardığını elan etdiyi bir vaxtda. Məncə, bunun da ancaq bir məntiqli açıqlaması ola bilər: Rusiya rəhbərliyində Fransa tərəfindən göndərilən bu silah-sursatın sonda öz əlinə keçəcəyi barədə əminlik var.
Regionumuzda proseslər çox sürətlə dəyişir. Düşünürəm ki, həm aktivliyi, həm də bu sürəti azaltmaq faydalı olar. Nəzarətimizdən kənar baş verən oyunun parçası olmaq çox təhlükəlidir. Gürcüstan məsələsində də təmkinli davranmaq faydalı olar. Təəssüf ki, Gürcüstan Cənubi Qafqazın ən strateji mövqedəki oyunçusudur, – azərbaycanlı ekspertlər qrupu fikrini yekunlaşdırıb.
Azərbaycan XİN-in şərhi
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə jurnalistlərin Fransanın Ermənistana hərbi texnika tədarükü ilə bağlı sualını cavablandırıb.
“Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyirik”, – deyə o bildirib.
XİN təmsilçisinin fikrincə, hərbi texnikanın ötürülməsi “Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”.
“Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir.
Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.
Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq”, – deyə Hacızadə əlavə edib.