Fotoqraf müharibədə
Fotojurnalist Anastasiya Vlasovanın cəmi 23 yaşı var. Onun fotoları isə artıq The New York Times, Time, Newsweek, NBC News, The Guardian və The Wall Street Journal dərc edilib.
“Bird in Flighta müsahibəsində Anastasiya Vlasova Ukraynadan müstəqilliklərini elan edən, Kiyevin anti-terror əməliyyatı apardığı Donetsk və Luqanskda (ATO zonası) şəkil çəkməyi barədə danışır.
2013-cü ildə o “KyivPost qəzetində foto-müxbir işləməyə başlayıb. Elə həmin vaxt onun karyerasına təkan verən Avromaydan hərəkatı yenicə qızışmışdı.
Krım və ATO zonasındakı işi haqqında
– Müharibə başlayanda baş verən hadisələrdə öz rolumu dərk etdim. Fotoşəkil mənə özümü dərk etməyə və çərçivələrdən qurtulmağa kömək etdi.
Mənə Donbassa getmək maraqlı deyil, başqa mövzular üzərində işləmək istəyirəm. ATO zonasına gedəndə isə orada yaşayan insanlar haqqında əlavə materiallar hazırlamaq daha maraqlıdır. Növbəti blokposta və ya əsgər bazasına gələndə və mənə yüzüncü dəfə yay hamamı və mətbəxləri göstərəndə bezirəm.
Fotoqraf Alan Çinlə birlikdə tutulandan sonra Donetskə getməkdən vaz keçdim. O, master-klassla Kiyevə gəlmişdi, biz görüşdük və Donetskə getmək qərarına gəldik.
Orada biz beş dəqiqəyə mülki akkreditasiya aldıq, bu akkreditasiya ilə bizə şəhəri gəzməyə və sərbəst şəkil çəkməyə icazə verildi. Sürücümüz Saşa xəstəxananın yerində düzəldilən bombadan qorunma sığnağına getməyi təklif etdi.
Girişdə içkili növbətçi oturmuşdu. Yəqin o bizim könüllü olduğumuzu düşünüb, içəri buraxdı. Bir neçə dəqiqədən sonra rəhbərlik gəldi, bizi tutub, “xüsusi şöbəyə apardılar.
Məni dindirməyə başladılar. Onlar üç nəfər idi, amma əsas danışan biriydi. Adi şaxtaçı olduğunu dedi, amma necə danışdığından dindirmədə kifayət qədər təcrübəsi olduğu görünürdü.
Əvvəlcə üçümüzü də güllələmək istəyirdilər, sonra da amerikalı casusa qoşulan səfeh qız olduğumu düşündülər. Bizi buraxmaq üçün dilə tutmağımız bir neçə saat çəkdi. Bu zaman bütün əşyalarımızı qaytardılar, kameralardan da heç nəyi silmədilər.
Bu hadisədən sonra ora qayıtmaq istəmirəm. Orada mən gördüyüm işlə tam məşğul ola bilmirəm. Həmişə ətrafıma boylanıram, artıq addım atmağa qorxuram. Debaltsevoda olanda və mərmilər bizdən 500 metr aralıda düşəndə özümü psixoloji pressinq şəraitindən daha rahat hiss edirdim. Mən qızam və “zirzəmiyə əsir götürülsəm, nələr baş verə biləcəyini anlayıram.
Fərqlər haqqında
“Magnum Fellowshipdə bizə deyirdilər ki, mövzu axtarışı ilə bağlı baş sındırmağa dəyməz – ən maraqlı mövzular elə burnunuzun ucundadır.
Gözəl material hazırlamaq üçün portretlər seriyası çəkmək və ya iki həftə ATO çadırında yaşamağa ehtiyac yoxdur. Bu, ən primitiv üsuldur.
Post-sovet məkanı ölkələri yaxşı görünən hadisələri seçir və ancaq bundan sonra məzmun barədə düşünürlər.
Qərbdə tam əksinədir – əsası seçdiyin mövzuyla bağlı narahatlıqdır. Əvvəlcə konsept olmalıdır və ancaq bundan sonra onu necə yaxşı göstərmək barədə düşünürsən.
Bizdə isə mühüm bir hadisədən yapışanda, vizual görüntü barədə düşünmürlər. Hesab edilir ki, maraqlı mövzu varsa, onu maraqsız çəkmək də olar.
Fotojurnalistika və fotojurnalistlər haqqında
Hazırda fotojurnalistikanın 60%-i şəxsi hadisələrdir.
Yaxşı iş diskussiyaya səbəb olmalıdır.
Mən hələ indi öz vizual dilimi formalaşdırıram, nədən xoşum gəldiyini anlamağa və reportyor bekqraundumu sındırmağa çalışıram.
Qəhrəmanlarımı aldatmamağa çalışıram. Cəmi iki dəfə ailəli olduğumu demişəm: Dağlıq Qarabağda çəkiliş edəndə və Qaliçinada yaşayan Krım tatarları haqqında material hazırlayanda.
İnsanların mənə etibar etməsini istəyirəmsə, onlarla səmimi olmalıyam. Elə hallar olub ki, tanımadığım adamlara ən yaxın dostlarımla belə bölüşə bilmədiyim əhvalatları danışmışam.
Heç vaxt insandan kadr yaratmaq üçün istifadə etmirəm, onu nəyəsə məcbur etmirəm. Başını necə yuduğunu çəkməyimi istəmirsə, geri çəkilirəm. Onunla vaxt keçirəcəm, o mənə daha çox etibar edəcək və tək başını necə yuduğunu deyil, hətta özünü vannada çəkməyə də icazə verəcək.
Həmişə fotoqrafiyanın necə alınacağı, hansı emosiyalar oyadacağı barədə düşünürəm. Məqsədim nifrət deyil, dəhşət hissi oyatmaqdır.
Hansısa mitinqi, ya da müsahibəni çəkəndə, şəkillər peşəmə çevrilir. Milliyyətçi marşlar, misal üçün Banderanın ad günü ilə bağlı reportajlara görə xəcalət çəkirəm.
Çəkirəm, çünki sənətim budur, axı kimsə çəkməlidir. Bu göz dağı olsa da, var axı, onu gizlətmək olmaz.
Axı fotoqraf özünün təkcə gəlişi ilə insanı hərəkətə təhrik edə bilər.
Mən istənilən yaradıcı adam kimi şöhrətpərəstəm. Amma şöhrət məqsəd deyil. Sadəcə məni utandırmayacaq materiallar hazırlamaq istəyirəm.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
Dərc olunub 30.08.2016