“Forbes”: Gürcüstanda qırıcı təyyarələrin istehsalını Azərbaycan maliyyələşdirə bilər
“Forbes” nəşri iddia edir ki, Azərbaycan özünün kiçik hərbi-hava qüvvələrini gücləndirmək üçün Türkiyədən və Gürcüstandan yeni qırıcı təyyarələr ala bilər. Qeyd olunur ki, Gürcüstan özünün “Ge-31 Bora” adlı qırıcı təyyarəsini istehsal etmək niyyətindədir və bunun üçün qonşu Azərbaycandan maliyyə vəsaitləri cəlb edə bilər.
- Britaniya məhkəməsi azərbaycanlı deputatın ailəsinin hesablarındakı milyonlarla vəsaiti müsadirə edib
- İnəklər, müharibə və inanc: Azərbaycan kəndindən Krişna Şüuru davamçısı fermerin hekayəsi
- Laçın dəhlizinə alternativ yolu kim çəkir? Bakıdan şərhlər
İngilis dilli “Forbes” nəşrində dərc edilmiş məqalədə Azərbaycanın kiçik HHQ-ni gücləndirmək üçün Türkiyədən və Gürcüstandan qırıcı təyyarələrin alınması niyyətindən bəhs edilir.
Mənbə qeyd edir ki, 2021-ci ilin sentyabr-oktyabr aylarında sosial şəbəkələrin Türkiyə seqmenti Türkiyənin Gürcüstandakı “Tbilisi Aircraft Industries” şirkətinin istehsal etdiyi 50 ədəd təyyarəni almaq planları barədə şayiələrlə dolu idi. Gürcüstandakı müəssisə hələ sovet dövründən həmin təyyarələrin istehsalı ilə məşğuldur. Bir müddətdən sonra Türkiyənin dövlət kanalı olan “TRT Haber” bu şayiələrin yalan olduğunu bildirmişdi.
Lakin türkiyəli hərbi ekspert Tolqa Özbəyin sözlərinə görə, Türkiyə Gürcüstanda istehsal edilən Su-25 təyyarələrini Azərbaycana satılmaq üçün avionika və Türkiyə istehalı silahlarla təchiz edə bilər.
Məqalədə vurğulanır ki, daha öncə, 2002-ci ildə Bakı özünün bir çox Su-25 təyyarələrini məhz Gürcüstandan almışdı.
Nəşr qeyd edir ki, Gürcüstan Su-25 təyyarəsinin bazasında tamamilə yeni və Rusiya komponentlərinin olmadığı “Ge-31 Bora” adlı qırıcı təyyarənin yaradılmasını planlaşdırır. “Bora”nın göyərtəsi və qanadları Gürcüstanda hazırlanacaq. Öz HHQ sıralarına əlavə etməkdən başqa, Gürcüstan həmin təyyarələrin ixracatı barədə də düşünür.
2021-ci ilin mart-aprel aylarında Gürcüstan özünün modernləşdirdiyi Su-25 təyyarələrinin sınaq uçuşlarını da keçirib. Bu modernləşdirilmiş Su-25 təyyarələri “həm döyüş, həm də təlim uçuşları üçün nəzərdə tutulur”.

Analitiklərin bildirdiyinə əsasən, Ge-31 istehsalı “yalnız o vaxt mümkün olacaq ki, Gürcüstan maraqlı tərəfdaşlarından əhəmiyyətli həcmdə investisiya cəlb edə bilsin”.
Məqalənin müəllifi qeyd edir ki, investisiyalar üçün İsrail və Ukrayna daha ehtimal olunan namizədlər adlandırılsa da, Azərbaycan da bu rol üçün kifayət qədər uyğundur. “O (Azərbaycan), layihəni maliyyələşdirə bilərdi və hətta “Tbilisi Aircraft Industries” ilə özü üçün tələb olunan xüsusiyyətlərə malik Ge-31 variantının istehsalına aid müqavilə də bağlaya bilərdi ki, həmin təyyarə Türkiyədə istehsal edilən silahlarla və sistemlərlə asan təchiz edilə bilsin”, – məqalədə deyilir.
Bu cür müqavilə bütün iştirakçılar üçün sərfəli olardı. Son nəhayətdə, bu, Azərbaycan HHQ-ni ən yeni zərbə təyyarələri ilə təmin edəcək, Gürcüstan isə Ge-31 layihəsini gerçəkləşdirmək üçün pul qazanacaq:
“Türkiyənin hərbi sənayesi də öz silahlarını ən yaxın qafqazlı müttəfiqinə tədarük etmək yolunda daha bir sərfəli müqaviləni alqışlayardı”.