Fasiləsiz əlaqə
‘- Allo, İndira, necəsiz? Nə yenilik var?
– Qar yağıb. Siz necəsiz?
– Necə olacağıq?! Uşaqlar necədir?
– Normaldır hər şey, çox pul sərf etmə. Hamıya salam, uşaqları öp.
Evelina telefonu söndürür. Telefon nömrələrinin yazıldığı vərəqi səliqəylə dörd qatlayıb, rəfdəki kitabın içində gizlədir.
“Vərəqi itirmək olmaz. Bu nömrələrlə özümüzünkülərlə əlaqə saxlayıram. Valideynlərim, bacı-qardaşlarımla hal-əhval tuturam, – o deyir.
Evelina Qobuzova hündür, arıq qadındır. Bal rəngində gözləri var, saçlarını da təxminən eyni rəngə boyayır. Əlləri torpaqda işləməkdən qabar bağlayıb. Üzündə gündəlik ağır iş və qayğıların izi görünür. Cavan yaşlarına baxmayaraq, Evelinanın üzündə – alnında və gözlərinin ətrafında qırışlar əmələ gəlib, ona kədərli görüntü verir.
Bir neçə gün əvvəl Evelinanın 43 yaşı tamam oldu. Artıq səkkizinci ildir ki, o öz ad gününü doğma kəndindən uzaqda qeyd edir. Evelina yoldaşı və övladları ilə Skra qaçqın qəsəbəsində yaşayır.
“Bəzən zarafatla deyirəm ki, iki ailəm var. Biri mənə həyat verib, ikinci ailə mənə həyatı davam etdirmək üçün güc verir, – o deyir və izah edir ki, birinci ailə deyəndə valideynlərini və bacı-qardaşlarını nəzərdə tutur. Onlar bu gün də Satixaridə yaşayırlar.
Satixari gürcü tərəfinin 2008-ci il müharibəsindən sonra üzərində nəzarəti itirdiyi kəndlərdən biridir. 35 il yaşadığı kəndi Evelina yoldaşı və uşaqları ilə müharibədən sonra tərk etdi.
“Yoldaşım gürcüdür və müharibədən sonra kənddə qalmağa qorxduq. Valideynlərim, qardaşlarım və bacılarım isə orada qaldı. Əvvəlcə düşünürdüm ki, ayrılıq bir neçə gün çəkəcək. Amma artıq bir neçə il keçib, mənsə heç cür razılaşa bilmirəm, indi də ayrılığın müvəqqəti olmasına inanmaq istəyirəm. Kənddən çıxandan sonra bütün həyatım xiffətə dönüb. Daimi doğmalarım üçün darıxıram, – Evelina deyir.
Skra qaçqınlar qəsəbəsi Gürcüstan xəritəsində 2009-cu ildə yaranıb. Burada 200-ə yaxın qaçqın yaşayır. Səkkiz il əvvəl onlar üçün 89 kottec tikdilər. Əvvəlcə bütün kotteclər eyni cür idi, süd rəngli divarlar və tünd qırmızı rəngə boyanmış damlar. Bu gün onların bəzilərinə əlavə otaqlar artırılıb, başqa rəngə boyananlar da var, bəzi həyətlərdə isə qarajlar qoyulub.
Evelinanın da ailəsi bir otaq əlavə edib. Amma yaşayış sahəsi hələ də kifayət etmir: üç otaqda ər-arvad, övladlar və nəvələr birtəhər yerləşməli olur.
Ailə üzvlərindən heç biri işlə təmin olunmayıb. Yaz və payız aylarında onlar qonşulara torpaq becərməyə və məhsul toplamağa kömək edirlər, buna görə də cüzi pul alırlar. Hər ay ailə sosial təminatsız ailələr üçün yardım, cəmi 360 lari alır.
Qarışıq gürcü-osetin ailələrinin sayını aparan statistika yoxdur, amma tam dəqiq demək olar ki, bu iki xalq arasında bir əsrlik sülh şəraitində yaşayış bu cür ailələrin çox olmasına səbəb oldu.
“Çox acıyıram ona. Həmişə öz doğmalarına görə narahatdır. Elə hey telefonunu yoxlayır ki, sönməsin, təsadüfən onların zəngini ötürməsin. Hər zəng gələndə yerindən dik atılır, doğmalarının zəng etdiyinə ümid edir, – Evelinanın həyat yoldaşı Cemal Okropidze deyir.
Evelinanın səkkiz qardaş-bacısı var. Daha tez-tez ona İndira və Emma zəng edirlər. Evelinanın özünün dediyi kimi, öz aralarında onlar daha çox gürcü dilində danışırlar.
“Qardaşlarımdan birini müharibə zamanı itirdik. Bunu mənə telefonda xəbər etdilər. O vaxt artıq bu tərəfə keçmişdik, amma məni nə saxlaya bilərdi ki?! O tərəf keçib, yazıq qardaşımı ağladım. Geri Qırmızı Xaçın əməkdaşlarının köməyi ilə qayıtdım. Onda da dağıdılmış və yandırılmış evləri, bədbəxt insanları gördüm. Mən səliqəli və təmiz kəndi qoyub getmişdim, onu tanımaq mümkün deyildi. Bundan sonra o tayda olmamışam. Yuxumda tez-tez evimin qapısının ağzında durub, anamla danışıram, bacımı-qardaşımı qucaqlayıram, – Evelina paltarının qolu ilə göz yaşını silərək, danışır.
Söhbətə onun 21 yaşlı qızı Natiya qoşulur. O, anasını qucaqlayır: “Elə bilməyin ki, ondan sonra anam o taya keçməyə çalışmayıb. Üç il əvvəl onu keçməyə cəhd etdiyi vaxt tutdular. İki gün Sxinval təcridxanasında saxladılar, biz də burada həyəcandan bir təhər olduq. Xalalarım pul verməmiş, buraxmadılar. Amma biz xəbərdar etmişdik ki, keçməsin o tərəfə, – Natiya danışır.
Evelina gülümsəyərək, qızının kürəyini sığallayır və deyir ki, onun özü də qohumları üçün darıxsaydı bu cür hərəkət edərdi.
“Ora da nəhayət internet çəksəydilər, daha az xiffətlərini çəkərdin, – Natiya anasını ovundurmağa çalışır. – İnternetlə bu gün hətta sevdiyin adamın səhər nə geyindiyini və nə yediyini də bilmək olur. Misal üçün, mən “Facebookda çoxlu sayda eyni soyadı daşıdığımız adamla tanış oldum. Əksəriyyəti ilə şəxsən tanış olmasam da, onlar haqqında çox şey bilirəm.
Bütün bacı-qardaşlarından Evelina ancaq Emma ilə görüşür, o da ildə bir dəfə, payızda. Emma gürcü ilə evlidir, ailəsi Kaxetidə yaşayır. Deyir ki, Kaxetiyə səfər əməlli-başlı bayramdır. Üzüm yığımı başa çatandan sonra bütün qohumlar bir böyük süfrə arxasında yığışır.
Gürcü mətbəxinin yeməkləri ilə bərabər süfrəyə həmişə mütləq osetin habizginləri də gətirilir. Qohumlara sağlıq demək vaxtı çatanda Kaxetidən Satixari kəndinə zəng edilir.
Evelina mobil telefonunu götürüb, Emmanın nömrəsini yığır. Bacısının səsini eşidən kimi, üz ifadəsi dəyişir, gözləri parıldayır. Danışandan sonra da dəstəyi mənə ötürür.
“İl boyu Evelinanın gəlməyini gözləyirəm. Bütün gecəni danışırıq. Uşaqlığımızı, gürcülərlə osetinlər arasında düşmənçiliyin olmadığı vaxtları xatırlayırıq; kəndimizi, valideynlərimizi, bacı-qardaşlarımızı xatırlayırıq, onlar üçün çox darıxırıq, – Emma mənə deyir.
Gürcülərlə osetinlər arasında nifaq onun şəxsi faciəsinə çevrildi. Deyir ki, tək bir arzu tutmaq imkanı olsaydı, bu iki xalqı barışdırardı.
“Mən osetinəm, ərim gürcüdür, övladlarım da gürcüdür. Bacımda da eyni vəziyyətdir. Ərimlə neçə ildir ki, sevgi içində yaşayırıq və heç nəyə baxmayaraq, ayrılmadıq. Ərimin qohumları ilə də münasibətlərim yaxşıdır, xətrimi çox istəyirlər. Heç vaxt osetin olduğum üçün pis münasibətlə üzləşməmişəm. Məgər mənim ailəm onun göstəricisi deyil ki, gürcülər və osetinlər bir-birinə qarşı yaxşı münasibət bəsləyə bilərlər?! Ətrafa baxın, axı burada az qala hər ikinci ailə qarışıqdır, heç kimin o tayda qalan qohumları ilə əlaqəsi kəsilməyib, – Emma telefon söhbətimizin sonunda deyir.
Evelina telefonu söndürərək deyir:
“İndi telefon mənim üçün ən vacib əşyaya çevrilib. O, xilas edir, xiffət dözülməz həddə çatanda yaxınlarımın səsi məni bir az ovundurur.
Evelinanın kiçik evində telefona xüsusi, şərəfli bir yer ayrılıb – masanın başında, qalın kitabın yanında. Ailənin hər bir üzvü bir qaydaya riayət edir – telefondan istifadə edəndən sonra onu mütləq yerinə qaytarmaq lazımdır.
Söhbətimizi bitiririk. Telefonumda səsyazma proqramını söndürürəm və təbəssümlə ev sahibəsinə təsdiq edirəm ki, telefon həqiqətən də vacib bir kəşfdir.
Evanın kotteci qəsəbənin qırağında yerləşir. Trasa qədər piyada gedirəm. Çantamdakı telefonda səslər, telefon zəngləri və qorunub saxlanılan qarşılıqlı münasibətlər haqqında hekayələr yazılıb.
Məndən bir neçə kilometr aralıda Rusiya hərbiçiləri tərəfindən inzibati sərhədin işarə olunması üçün tikanlı məftil çəkilib.