“Fantastik məşğuliyyət”. Jurnalistikadan arıçılığa transfer
“Balçı” Elvin Bayramlı
Səhər saat 6. Bakı avtovağzalında Elvini gözləyirik, Yevlaxa yola düşmək üçün.
Elvin Bayramlı jurnalistdir. Amma bir neçə ildir ki, tamamilə başqa işlə məşğuldur. Arıçılıqla. Elə Yevlaxa getməyimizin səbəbi də hazırda orda olan arılarını görmək, həmkarımızı bir də arıçı kimi tanımaqdır.
- Gürcü şərabı: uğurun arxasında nə dayanır?
- İnəklər, müharibə və inanc: Azərbaycan kəndindən Krişna Şüuru davamçısı fermerin hekayəsi
- Zərqavanın sirri: qəribə və xəlvət ənənəsi olan Azərbaycan kəndi
Arı köçü – dağdan arana
“Biz tamamən təbiətdən asılıyıq. Gəlir (arıların yemini nəzərdə tutur – müəl.) az olanda, məcbur oluruq arıları başqa yerlərə daşıyaq. Arıçılıqda hər saatın öz qərarı var. Qərar verildi, axşam şələmizi yığdıq, səfərə çıxdıq. Bir gün tez və ya bir gün gec arılara ziyan edə bilər. Odur ki, arıların çəkisini yoxlayırıq, azalma varsa, deməli, yemləri azalıb və ya yoxdur, dərhal onları köçürürük”, – Elvin danışır.
Əslində biz Elvinlə onun doğma rayonunda – Ağstafada görüşməli idik. Arıları adətən Bakıdan azı 500 km məsafədə yerləşən Ağstafanın ya Muğanlı, ya da Köhnə Qışlaq kəndində olur. Amma bu il yağıntı çox olduğu üçün ətrafda çiçəklər qalmayıb. Arılar ac qalmasın deyə onları Yevlaxa (Bakıdan təxminən 300 km) aparıblar.
Elvin həyat yoldaşı və iki övladı ilə birlikdə Bakı kənarındakı Albalılıq qəsəbəsində yaşayır. Həftədə ən azı bir dəfə arılarına nəzarət etmək üçün təsərrüfatına baş çəkir. Bu dəfə biz də ona yol yoldaşı oluruq.
Saat 10-da mənzil başına çatırıq. Səhərin hələ erkən saatları olmasına baxmayaraq, gün adamı yandırır. Kölgədə azı 40 dərəcə isti var. Hərçənd bu düzəngahda kölgə tapmaq da çətindir. Amma aran ərazilərdə arıların nektar topladığı bitkilər boldur: yağçiçəyi, yulğun, yovşan və sairə.
“Bura arandır, yayda çox isti olur. Ona görə səhər tezdən gəlirəm ki, işlərimi uzağı 12-ə qədər yekunlaşdırıb geri qayıdım. Heyif deyil bizim dağlı, meşəli, gözəl mənzərəli kəndimiz. Təəssüf ki, bu yay arıları öz kəndimizdə saxlaya bilmədik”, – deyir.
Etiraz hissi ilə peşə seçimi
Elvinlə təxminən on il əvvəl, bir media layihəsində tanış olmuşdum. Yeni başlayan, hədsiz həvəsli, kifayət qədər istedadlı, ümidverici gənc jurnalist idi. Ölkənin aparıcı informasiya agentliklərindən birində çalışırdı.
Deyir ki, jurnalistikanı planlı şəkildə seçməyib. Məktəbi bitirdiyi ilk il özəl universitetlərdən birinin hüquq fakültəsinə qəbul olub. Amma birinci semestrdən sonra təhsilini dayandırıb. İkinci il yenidən qəbul imtahanına girib və bu dəfə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini qazanıb.
Əslində isə onu yönləndirən yeniyetməlik illərində içində yaranan etiraz hissi olub.
“Orta məktəbin son illərində fikirləşirdim ki, Bakıya gedəcəm, hər kəsə etiraz edəcəm, mitinq keçirəcəm, Fransa səfirliyinin qabağına çıxacam. O zaman yadınızdadırsa, parlamentdə bir məsələ olmuşdu – “Jak Şirak qudurub” (gülür). [2000-ci ildə Milli Məclisin deputatı Şamil Qurbanov Fransa prezidentini ermənipərəst mövqeyinə görə kəskin tənqid etmişdi – JAMnews].
Biz kənddə əsasən AzTV-ni izləyirdik, digər televiziyalar onsuz da AzTV-nin sanki balaca balaları idi. Bütün bu kanallarda Fransa siyasətinin erməniləri dəstəklədiyi təbliğ olunurdu. Əslində elə belə idi. 17 yaşında bir yeniyetmə kimi bu, məni narahat edirdi. Fransa səfirliyi qarşısında etiraz etmək ideyası yaranmışdı”.
“Etiraz etdin Fransa səfirliyi qarşısında?”, – deyə soruşuram.
“Yox, etmədim (gülür). Başqa etirazlarım oldu. Yazı şəklində. Hansısa mitinqlərdə də olmuşam. Universitetdə tələbə təşkilatı yaratmışdıq dostlarla”.
“Jurnalistikada arıçı, arıçılar arasında jurnalist”
Elvin deyir ki, bu müddət ərzində içində jurnalistikaya sevgi yaransa da, dörd illik universitet təhsili ona demək olar ki, heç nə verməyib. Təhsilini bitirib, əsgərliyə yollanıb. Qayıdandan sonra isə beynəlxalq təşkilatların keçirdiyi müxtəlif media layihələrinə qatılıb. Deyir ki, peşəkar jurnalistikanı da əsasən bu layihələrdə öyrənib. Eyni zamanda informasiya agentliyində işə başlayıb. Amma beynəlxalq jurnalistikada öyrəndiklərini yerli mediada tətbiq etmək imkanı olmayıb.
“Yaxşı, ədalətli, prinsiplərə uyğun, qərəzsiz yazını hiss edirəm. İşlədiyim yerdə bu şərait yox idi, bəlli maneələr var idi, malliyyə cəhətdən də qane etməyə bilirdi. Bilmirəm, bəlkə başqa ölkədə olsaydım, doğrudan da peşəkar jurnalist olardım, heç balçı olmazdım. Ya da iştirak etdiyim kiçik layihələr uzun müddət davam etsəydi, yəqin ki, mən daha peşəkar jurnalist olardım. Alınmadı və hiss elədim ki, arıçılıqda mənə daha çox ehtiyac var. İndi jurnalistikada arıçı kimi, arıçılar arasında jurnalist kimi tanınıram”.
Elvin indi də mediadan tam uzaqlaşmış sayılmaz. Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat katibidir. Arıçıların üzləşdikləri problemləri ictimailəşdirir, onların hüquqlarının müdafiəsi üçün çalışır. Eyni zamanda yaratdığı “Balçı” brendinin sosial media səhifələrini idarə edir. Həmin səhifələr sadəcə “Balçı” məhsullarını satmır, eyni zamanda abunəçilərə arıçılığa dair həm yazılı, həm video, həm foto formatında maraqlı kontent təqdim edir.
Azərbaycanda “Balçı” olmaq
“Balçı”dan söz düşmüşkən, Elvindən soruşuram ki, Azərbaycanda brend yaratmaq nə dərəcədə asandır?
“Brend deyəndə ki, “Balçı” kiçik ailə biznesidir. Amma uğurlu layihə adlandırmaq olar. Bu sahənin adamı deyilsən, təhsilin tam başqa, maddi baza yoxdur və bunun fonunda kiçik də olsa, ailə biznesini ortaya qoya bilmisənsə, bunu artıq uğurlu saymaq olar”.
Elvin deyir ki, atası ən başından oğlunun arıçılıq təsərrüfatında ona kömək etməsini istəyib.
“Uşaq vaxtından arıçı ailəsində böyümüşəm. Atam hər il deyirdi ki, balı satmağa kömək elə. Düşünürdüm ki, balı necə sata bilərəm? Bir jurnalist bal sata bilməz. Bal bazarda satılar, özümü bal satan qismində təsəvvür edə bilmirdim. Bir dəfə Facebook-da qarşıma çıxdı ki, bir bal firması öz məhsulunu qablaşdırıb, bu mənim xoşuma gəldi. Düşündüm ki, mən də bu cür bir şey edə bilərəm.
Dostlarla başladım maraqlanmağa. Necə ad seçə bilərəm, qablaşdırmanı necə dizayn edə bilərəm, bankaları haradan tapa bilərəm? Bu işləri asta-asta öyrənməyə çalışdım. Ad seçimi, saytın, sosial şəbəkələrdə səhifələrin yaradılması, bunlar hamısı çətinliklə öyrəndiyim şeylər idi”.
İnsanlar arıçılara inanmır
Arıçılıq çox zəhmət tələb edən sahədir. Problemləri, çətinlikləri də saysız-hesabsızdır. Elvinin sözlərinə görə, əsas problemlərdən biri insanların arıçılara qarşı inamsızlığıdır.
“Arıçılar istehsal etdikləri balın keyfiyyətini Qida Təhlükəsizliyi Agentliyində yoxladıb, sertifikat alır. Həmin sənədi müştəriyə təqdim edəndə, deyir ki, bunu hər kəs ala bilər. İnamsızlıq var. Çünki bal qidalar içərisində ən çətin yoxlanılandır.
Məsələn, gənc insanların bal satması bir ayrı çətin məsələdir. Azərbaycanda bal alıcısı əsasən yaşlı nəsildir. Tutaq ki, yarmarkada on nəfər bal satan düzülüb. Baxırlar ki, bu yaşlı insandırsa, deməli, arıçı ola bilər, yaxşı bal sata bilər. 30-35 yaşında insana baxanda isə deyirlər, bu cavan uşaqdı, bundan arıçı olmaz. Onların fikrincə, arıçı yaşlı kişi olmalıdır, köhnə kostyum geyinməlidir, önlüyünün üstü bal ləkələri olmalıdır, bal doldurandan sonra da əlinin balını ağzına yaxmalıdır. Bankalar da köhnə olmalıdır.
Sən ona zavoddan alınmış, xüsusi selofanlarda gətirilmiş, səliqə ilə doldurulmuş, etiketli bankalarda, qaydalara uyğun olaraq əlində əlcəklə, təmiz önlüyünlə bal təqdim eləyəndə, satmaqda çətinlik çəkirsən. Bazar bir yana, Azərbaycan insanı marketdən ümumiyyətlə bal almaq istəmir”.
Təbii balı necə tanımaq olar?
Hər kəsi düşündürən məsələ – təbii balı necə tanımaq olar? Elvinin dediyinə görə, el arasında balın təbiiliyinin yoxlanması ilə bağlı çeşid-çeşid yöntəmlər yayılsa da, bunun ancaq bir real yolu var, o da laboratoriya.
“Adamlar var düşünürlər ki, onların ağız aparatları milyon dollar dəyərindədir, balı dadan kimi təmiz olub-olmadığının diaqnozunu qoya bilirlər. Əgər bir insanın ağız dadı ilə bunu müəyyənləşdirmək mümkündürsə, onda dövlətlər laboratoriyalara milyonlarla dollar yatırım eləməz ki.
BBC-nin bir filminə baxmışdım arılar haqda, böyük qəsəbə boyda bir laboratoriyada dünyanın müxtəlif ölkələrindən neçə milyonlarla nüsxə yoxlanılır. Bahalı bir mərkəzdir. Orda xanım deyir ki, biz Çindən göndərilən balları hər il yoxlayırıq, yeni nəsə səhvini tuturuq, növbəti il artıq Çin arıçıları yeni saxta bal nümunəsini hazırlayırlar, biz onu yoxlayana kimi zaman keçir və insanlar bu müddətdə həmin balı alıb istifadə edirlər.
Bizim ölkədə ən yaxşı laboratoriyalar belə balın yüz faiz təbii olduğunu, tərkibində qarışığın olmadığını müəyyən edə bilmir, edə bilirsə də, çox çətinliklə. Bu üzdən kimsə deyirsə ki, balın dadına baxıb təmiz olub-olmadığını anlayıram, yanılır”.
Ümumiyyətlə “təmiz bal və saxta bal nə deməkdir?” sualına gəlincə isə Elvin deyir ki, təmiz bal arıların çiçəyin nektarından, yarpağından və yarpaqlar arasında olan bəzi həşəratların şirəsindən yığıb gətirdiyi, ona müəyyən fermentlər qatdığı, suyunu buxarlandırıb, 17/21 faiz ölçüsünə saldığı və öz kiçik yuvacıqlarına doldurduğu şirin maddədir.
Saxta bal isə iki yolla əldə edilir: birincisi, arıya saxaroza, şərbət verirlər, arı fermentlərlə zəngin təbiətdən gələn qidanı yox, süni olaraq əldə edilən şəkəri bala çevirir. İkincisi isə şəkərin qaynadılması ilə əldə olunur. Ona müəyyən rəng, dadverici maddələr qatılır. Hər ikisi faydasız, hətta insan sağlamlığı üçün ziyanlıdır.
Elvin məsləhət görür ki, vətəndaşlar şübhəli balla qarşılaşanda mövcud özəl laboratoriyalarda yoxlatsınlar. Həmin laboratoriyalarda belə analizlər ucuz başa gəlir.
Əngəllər
Arıçı həmkarımın sözlərinə görə, Azərbaycanda bu sahənin inkişafına imkan verməyən bir sıra əngəllər var. Məsələn, yerli arı genefondunun – Qafqaz arısının sovetlər dağılandan sonra məhv olması. Azərbaycan arıçıları hazırda arıları xaricdən alırlar. Düzdür, ölkənin müxtəlif dağlıq bölgələrində seleksiya işlərinə başlayıblar, amma bu proses zaman alacaq.
“Üstəlik peşəkar seleksiyaçı arıçılarımız yoxdur. Arı xəstəliklərinə qarşı dərmanların çeşidi azdır. Arıçı baytarımız yoxdur. Təsəvvür edin, ölkədəki bütün baytarlar heyvana, toyuğa uyğun təhsil alıb, biz arıçıların isə baytarı yoxdur. Xaricdə təhsil alan arıçılarımız azdır, gənclər yoxdur ümumiyyətlə. Bizdə arıçılıq deyərkən, ancaq insanların öz gücünə öyrəndiyi, təcrübə etdiyi şeylər nəzərdə tutulur. Elm mərkəzimiz yoxdur”, – Elvin bildirir.
O deyir ki, dövlət arıçılığa dəstək institutları yaratmalıdır, amma bu iş naməlum səbəbdən ləngiyir.
“Bu yaxınlarda Arıçılar Assosiasiyası olaraq Türkiyədə bir universitetlə danışdıq. Onlar balın müxtəlif qarışımlarını elmi şəkildə (faydası, içindəki inqridiyentlərin nisbəti müəyyənləşdirilərək) hazırlayırlar. Bu məhsulu hansı şəraitdə, nə qədər saxlamaq mümkündür, onu müəyyən edirlər. Və bu hazır reseptləri balçılara təklif edirlər ki, onlar məhsul istehsal edib satsınlar. Bunun qarşılığında isə rəmzi ödəniş alırlar, məsələn, on minlik satış üçün əlli manat. Ya da universitetə lazım olan hansısa avadanlığı hədiyyə kimi qəbul edirlər. Biz isə bu qarışımları özümüz hazırlayırıq. Məsələn, fındıq əzməli bal, zəncəfilli bal, quru meyvə qarışımlı ballar”.
Bunun üçün Elvin alman, ingilis, rus balçılarını izlədiyini, məlumatlanmağa çalışdığını deyir. Hətta quru meyvəli bal hazırlamaq üçün xaricdən meyvə qurudan aparat da alıb.
“Bütün bunları özümüzün etməyi maliyyə cəhətdən bizim üçün çətindir. Xeyli borc almışam. Tutaq ki, bir məhsulu hazırladıq, kimə yoxladaq, faydası nədir? Necə saxlamaq olar? Bütün bunları arıçılar özləri etməlidir. Sıfırdan”.
30 ildən sonra “Kəlbəcər balı”
Müxtəlif səbəblərdən arılar üçün yem yerlərinin azalması da arıçılıq qarşısında duran vacib problemlərdən biridir. Kürqırağı bitki zolağının məhv olması, qazla təmin olunmamış kəndlərdə meşələrin odun üçün qırılması…
Elvin deyir ki, Qarabağın uzun müddət Ermənistanın nəzarəti altında qalması da arıçılıqda yem bazasının itirilməsinə səbəb olub.
“Azərbaycanda arılar üçün həm keyfiyyət, həm kəmiyyət cəhətdən ən böyük yem bazası Qarabağ idi. Ümumiyyətlə Azərbaycanda Qarabağ arıçılığı birinci yerdə olub. Sonra Şəki-Zaqatala gəlib. Qarabağın işğalından sonra Şəki-Zaqatala önə keçib”.
2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində həmin ərazilər üzərində nəzarət Azərbaycana qayıdandan sonra orada arıçılıq təsərrüfatı yaradılmağa başlayıb. Elvinin hazırda ən böyük arzusu öz arı ailələrini Azərbaycanın nəzarəti altına qayıdan rayonlardan birinə aparmaqdır. Amma qarabağlı olmadığı üçün bu mümkün deyil.
“Keçən il ilkin olaraq Kəlbəcər və Laçına çox az sayda arı ailəsi apardılar. Bu il isə bütün Qarabağ sakinləri Ağdam, Şuşa, Xocavənd, bütün icazə verilən ərazilərə arı ailəsi apara bilərlər. Arıçının ən azı 50 arı ailəsi olmalıdır və subsidiya almalıdır, yəni qeydiyyata düşməlidir. Bu mənim razılaşmadığım bir qərardır. Etiraz elədim. Mənə bildirdilər ki, qərar prezident aparatından gəlib.
Mən anlayıram, orada bir sıra problemlər var – mina təhlükəsi, əraziləri tanımamaq məsələsi, yolunu azıb qarşı tərəfə gedib çıxa bilərsən, orda separatçılar, rus sülhməramlıları var. Amma gərək kənar rayonlardan da 5-10 arıçıya icazə verərdilər. Kim ki, nümunəvidir, daha aktivdir, arı ailələrinin sayı çoxdur, daha düzgün iş qurur, gələcəklə bağlı planları var, ortaya bir məhsul qoyur. Bunu istəyərdim, amma razılaşmadılar”.
Buna baxmayaraq, Elvin artıq satışa “Kəlbəcər balı” adı altında məhsul çıxarıb.
“Öz balım deyildi, arılarını Kəlbəcərə aparmış başqa arıçıdan almışdım. 30 ildən sonra üzərində Kəlbəcərdə istehsal olunduğu göstərilən yeganə məhsul budur. Xarici ölkədən daha bahalı bankalar aldım, xüsusi qaydada dizayn olundu, qablaşdırıldı və üzərində “Kəlbəcər balı” yazıldı. İndi də bir planım var, Qarabağ bölgələrinin ballarından ibarət bir dəst hazırlayacağam. Bir dizayner dostumla indi onun üzərində işləyirik”.
İnhisar qurbanı olmayan yeganə sahə
Həmsöhbətimin sözlərinə görə, arıçılıq ölkədə bəlkə də yeganə sahədir ki, inhisarçılıq qurbanına çevrilməyib. Bunun əsas səbəbi arıçılığın çox spesifik sahə olmasıdır.
“Azərbaycanın ən böyük qida istehsalçısı şirkəti uzun illərdir ki, arıçılığa girişmək istəyir, amma bunu edə bilmir. Hektarlarla qarğıdalı əkə bilərsiz. Bu işi hansısa aqronoma tapşırarsız, yaxşı maaşa bu işi görər. Arıçılıqda bu mümkün deyil. Arıçı işinin başında olmalıdır. Mümkün deyil ki, başqası sənin üçün arı saxlasın. Məsələn, mən atamdan ayrı təsərrüfat qurmuşam. Atama zəng vururam, müəyyən işləri deyirəm ki, eləsin. Oğluyam, əlbəttə, istəyir ki, mənim uğurlarım özündən çox olsun, amma o mənim işimi mənim kimi görə bilmir. Buna görə də məmurlar, nazirlər, oliqarxlar arıçılığa böyük yatırımlar etmirlər. Həmin nazir, oliqarx gedib arının başında durmayacaq çünki. Çox qəliz, spesifik sahədir. Bu mənada inhisarçılıq yoxdur”, – Elvin danışır.
Dəyişkən maya dəyəri və stabil qiymət
Bir kilo balın qiyməti hazırda 30 manatdır. Hardasa 2-3 il öncəyə qədər 25 manat idi. Ölkədə bütün məhsullarda sürətlə bahalaşma getsə də, balın qiymətini stabil hesab etmək olar.
“Digər məhsullar bəlkə də 3-4 qat bahalaşıb, balda bahalaşma 10-20 faiz ola, ya olmaya. Maya dəyəri isə bir az fərqlidir. Bir kiloqramın maya dəyəri 10 manat da ola bilər, 25 manat da. İlə görə dəyişir. Sənin qazancın 3-5 manat da ola bilər, 10-20 manat da. Hər şey təbiətdən, fəsillərin necə keçəcəyindən asılıdır”.
“Arıçılıqla bağlı böyük planlarım var”
Elvindən nə vaxtsa jurnalistikaya qayıtmaq ehtimalı haqda soruşuram. Deyir ki, elə indi də özünü jurnalist hesab edir.
“Harada bir hadisə görsəm, istəyirəm, çəkim, yazım ki, filan yerdə filan şey olub. Nə vaxtsa boş vaxtım olanda fotolar çəkməyi istəyərəm. O sahəni bir qədər inkişaf etdirmək olar. Amma indən belə düşünürəm ki arıçılıq mənə daha uyğun sahədir. Arıçılıqla bağlı böyük planlarım var.
Fantastik bir işdir. Həzz alırsan. Bəzən saatlarla kölgədə uzanıram, arılar işləyir, onları izləyirəm və bütün stresim keçir. İşlədikləri zaman onları dinləmək, möhtəşəm səsdir, çox möhtəşəm hissdir, prosesin özü möhtəşəmdir”.
“Mediaşəbəkə”nin dəstəyilə