Ermənistanda Rusiya casuslarını axtarırlar – “Dosye” mərkəzinin dərc etdiyi faktlar araşdırılır
Rusiyanın “Dosye” mərkəzi “Ermənistanın demək olar ki, bütün dövlət strukturlarında yerləşdirilmiş” Rusiya agentləri haqda qalmaqallı məqalə dərc edib.
Mərkəz vaxtilə Rusiyanın ən varlı biznesmenlərindən olan, Kremlin tənqidçisi, hazırda emiqrant Mixail Xodorkovski tərəfindən maliyyələşdirilir.
Məqalədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri, iri sahibkar Qaqik Sarukyan kimi şəxslərin adları var.
Üstəlik araşdırmada deyilir ki, “Rusiyanın dostları” casus kimi ifşa olunmaqdan qorxmamalıdırlar, çünki Ermənistanın Milli Təhlükəsizlik Xidmətini çoxdan “Lubyankanın filialı” adlandırırlar.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib ki, məqalə artıq araşdırılır. Arqişti Kəramyanın sözlərinə görə, tezliklə “araşdırmada yer alan bütün faktlara hüquqi qiymət veriləcək”.
Bütün təfərrüatlar – araşdırmada kimlərin adları qeyd olunub, yerevanlı “Saqqal” kimdir və Ermənistan müxalifəti Milli Təhlükəsizlik Xidmətini nədə ittiham edir?
•Şərh: Ermənistan və Azərbaycan sərhədində gərginliyi kim təhrik edib? Bu, Rusiya ola bilərmi?
Adlar, parollar, məxfi görüşlər
“Dosye” mərkəzinin məqaləsində deyilir ki, Rusiyanın prezident administrasiyası Ermənistanın baş naziri Nikol Paşinyanın hər addımını diqqətlə izləyir. Və onun burada qısa ləqəbi var – “Saqqal”.
Araşdırma müəllifləri Rusiya Xarici Kəşfiyyat Xidməti generalı Vladimir Çernovun katibliyindəki sənədləri nəzərdən keçiriblər. Bu sənədləri necə əldə etdikləri məqalədə qeyd olunmayıb.
Ancaq o məlumdur ki, Çernov sovet illərində DTK zabiti olub, 2012-ci ildən isə Rusiya prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr üzrə İdarəsinə rəhbərlik edir.
“Əslində bu struktur MDB məkanında rəngli inqilablarla mübarizə və Rusiyanın maraqlarının təbliği… üçün” yaradılıb. General ən böyük uğurlara Ermənistanda nail olub, burada “Rusiya dostlarının” bütöv bir şəbəkəsi mövcuddur – həm açıq, həm də konspirasiya olunmuş”, – “Dosye” yazır.
Araşdırma müəllifləri bildirirlər ki, “Rusiyanın dostları” demək olar ki, bütün dövlət strukturlarında yerləşdirilib – hökumətdə, parlamentdə, xüsusi xidmət orqanlarında, XİN-də. 2018-ci il “məxməri inqilabdan” sonra isə “Soros fondunun təyin etdiyi” adlandırılan Ermənistanın baş naziri Nikol Paşinyan general Çernovun əməkdaşlarının xüsusi nəzarəti altına düşüb.
“Mişanın söz verdiyi kimi avqusta qədər Nikolu neytrallaşdırmaq mümkün olmadı. İndi görünən odur ki, sərt ssenari işə salınacaq”, – Svetlana Maksimova adında biri məruzə edir. Yaxud “Belə çıxır ki, Paşinyan “bespredelşikdir”… yaxşı, gözləyək, görək necə büdrəyəcək. Birdən-birə bu qədər qərbyönlü yaltaqları üzə çıxardığına görə də təşəkkür edərik”, – “Dosye” sənəddən sitat gətirir.
Maksimova Ermənistanın baş naziri haqda kompromat göndərən yeganə casus deyil – araşdırmada deyilir. “Kandidat” kod-adlı ikinci mənbə də var.
“Paşinyan postsovet birliyindən uzaq durur. O, hətta yersiz şəkildə koronavirusla bağlı problemləri əsas gətirərək Moskvaya Qələbə Paradına da gəlməyib. Rusiyadan uzaqlaşmaq kursu Paşinyan üçün xarakterik idi. Üstəlik onunla birlikdə hakimiyyətə ABŞ-la əlaqələrdə şübhəli bilinən amerikayönlü siyasətçilər gəldilər”, – “Kandidat”ın “məlumatlarından” birində deyilir.
“Dosye” mərkəzinin materialına görə, əsas casuslardan və “Rusiya dostlarından” biri Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Karlos Petrosyandır. O, quruma Robert Koçaryan dövründə rəhbərlik edib.
“Dosye”yə əsasən, general-leytenant Petrosyan 2004-cü ildə istefasından dərhal sonra xüsusi qaydada Rusiya vətəndaşlığı alıb və indi Moskvada Bəstəkarlar Binasında 200 milyon rubla aldığı mənzildə yaşayır.
Bundan başqa, Putinin göstərişi ilə Moskvaətrafı Malaxovka qəsəbəsində DTK-nın keçmiş bağ evi də ona verilib. Hansı xidmətlərinə görə – aydın deyil, çünki Rusiya prezidentinin bu qərarı məxfi olub.
General Çernovun sənədləri arasında “Çiçəklənən Ermənistan” partiyasının banisi və Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Sarukyanın pasportunun surəti də var.
“Çiçəklənən Ermənistan Partiyasının lideri Moskvada tez-tez qonaq olur, 2019-cu ilin fevralında isə onun partiyası “Vahid Rusiya” ilə əməkdaşlıq haqda protokol imzalayıb”, – “Dosye” yazır.
Sarukyanın pasportunun surəti Rusiyanın Xarici Kəşfiyyat generalının qovluğuna necə düşüb və niyə orada saxlanıb, araşdırmada qeyd olunmayıb. Əvəzində məqalədə vurğulanır ki, “məxməri inqilab” zamanı Sarukyan Paşinyanı dəstəkləyib, amma sonra onun əsas opponentinə çevrilib və həmin vaxtdan baş nazirin istefasını tələb edir.
MTX-nin reaksiyası
“Biz bu araşdırmanı cinayət haqda məlumat kimi dəyərləndiririk və müvafiq hüquqi addımları işə salırıq… MTX hüquq-mühafizə strukturu olaraq əlbəttə ki, burada əks olunan bütün faktların hüquqi dəyərləndirməsini aparacaq”, – Ermənistan MTX rəhbəri bildirib.
Arqişti Kəramyanın sözlərinə görə, hələlik cinayət işi qaldırılmayıb.
Jurnalistlərin strukturda lüstrasiyanın mümkünlüyü haqda sualına MTX direktoru belə cavab verib:
“Milli Təhlükəsizlik Xidmətində şəxsiyyətli zabitlər çoxdur, hansılar ki, öz işlərini Ermənistanın rifahı üçün görürlər və əlbəttə, bütün strukturlarda olduğu kimi burada da normal proses zamanı MTX sıralarını tərk etməli olan şəxslər də var. Bu proses artıq başlayıb və mən istəyərdim ki, sözlərim doğru qəbul edilsin. Bu, normal prosesdir, insanlar gəlirlər və gedirlər”.
Müxalifət nədən narazıdır?
Müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat İveqa Tonoyan MTX-nı günahlandıraraq bildirib ki, “əgər MTX müxalifətçiləri dinlədiyi səylə xarici təhdidlərin qarşısını almaqla və ifşa etməklə məşğul olsaydı” belə bir problem yaranmazdı.
Onunla eyni partiyadan olan Arman Abovyan “Dosye” mərkəzinin rusiyalı müxalifətçi Mixail Xodorkovski tərəfindən maliyyələşdirildiyini xarıtladıb. Onun fikrincə, “Dosye”nin təqdim etdiyi məlumatlarda cavablardan çox suallar var.