Ermənistanda koronavirusa görə fövqəladə vəziyyət dövründə dayandırılan müəssisələrin bir qismi işləməyə başlayıb
Ermənistanın fövqəladə vəziyyət komendantlığı fəaliyyət sahələrinə qoyulan məhdudiyyətləri qismən yumşaltmağa başlayıb. Bu məhdudiyyətlər bir ay əvvəl koronavirus epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunduğu zaman tətbiq edilmişdi.
Ermənistanda ilkin olaraq fövqəladə vəziyyət martın 16-dan aprelin 14-ə qədər elan olunmuşdu. Eyni zamanda həyati əhəmiyyətli və strateji sahələrdən başqa bütün fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq olunmuşdu. Əsasən ərzaq mağazaları və apteklər işləyirdi. İndi fövqəladə vəziyyət rejimi mayın 14-ə qədər uzadılıb. Müəssisələrin bir qismi işinə davam etmək imkanı qazanıb. Amma ictimai nəqliyyat və metro hələ işləmir.
- Onlayn operalar, konsertlər və həkimlərin rəqsi. Ermənistanda karantin zamanı necə əylənirlər?
- “Çıxan kimi hər şeydən əvvəl yoldaşımı öpəcəm” – Gürcüstanda karantindən yeddi hekayə
Kimə işləmək olar?
Bəzi emal sənayesi müəssisələri işini bərpa edib. Tütün məmulatları, sement, gips, əhəng, metal konstruksiya istehsalına icazə verilib, onların yığımı üçün detallar təchiz edən müəssisələr də işə başlayıb.
Müvəqqəti qadağan edilən fəaliyyətlər siyahısından demək olar ki, bütün inşaat sahəsi çıxarılıb. Hələlik yalnız tamamlayıcı inşaat işlərinə icazə verilməyib.
Mühəndislər və inşaat konsaltinqi mütəxəssisləri işə çıxıblar.
İşə çıxmaq icazəsi ilə eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan bütün müəssisə rəhbərlərini sanitar nəzarəti gücləndirməyə çağırıb:
“Bu mərhələdə biz biznesin məsuliyyətinə xüsusi önəm veririk. Onların öz işçilərinin yoluxma ehtimalını azaltmaq üçün lazımi şəraiti nə dərəcədə təmin etmələrinə. Mən bir daha bütün epidemiyaya qarşı tədbirlərin görülməsi çağırışı ilə müraciət edirəm ki, biz yalnız son günlərin müsbət dinamikasını saxlamayaq, həm də epidemiya pikini geridə qoya bilək”.
Komentantlıq bütün müəssisələrə infeksiyanın yoluxma riskinin minimuma endirilməsi üçün işin daha yaxşı təşkili ilə bağlı tövsiyələr təqdim edəcək.
Parlamentdə siyahının genişləndirilməsi təklif olunmuşdu
Bəzi biznes sahələrinin işləməsinə icazə verilməsi məsələsinə yalnız hökumətdə yox, həm də parlamentdə müzakirə olunub.
Müxalif fraksiyalardan biri icazə verilən fəaliyyət sahələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyi təklif edib. “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan ictimai nəqliyyat və metronun hərəkətinin bərpa edilməsi, təsərrüfat malları mağazalarının və idman inventarları satan mərkəzlərin açılması təklifi ilə çıxış edib.
O, həmçinin vilayətlərarası nəqliyyatın, texniki xidmət və maşınların gömrükdən keçirilməsi məntəqələrinin işinin bərpa olunmasını da təklif edib:
“Biz tədricən, mərhələli şəkildə bu sahələrə işləmək imkanı verməliyik. Məhdudiyyətlər də məntiqli olmalıdır”.
Amma deputatların çoxu onun təkliflərini dəstəkləməyib.
Sosial şəbəkələrdə nə yazırlar?
Sosial şəbəkə istifadəçiləri komendantlığın qərarını birmənalı qarşılamayıb. Vətəndaşların bir hissəsi hesab edir ki, məhdudiyyətlərin yumşaldılması virusun yayılmasının ikinci dalğasına səbəb ola və insanların həyatını təhlükə altına qoya bilər:
“O qədər dözdük, bir həftə də dözə bilərdik. Belə isə hər şey yenidən başlaya bilər”.
Digər qism insanlar isə hesab edir ki, məhdudiyyətlər minlərə insanlar üçün maliyyə çətinlikləri yaradır və imkan daxilində onları aradan qaldırmaq lazımdır:
“Heç bir fəlakət baş verməyəcək. Bütün məhdudiyyətlər məntiq çərçivəsində olmalıdır. Hakimiyyət sadəcə xalqı minib. Nə vaxta qədər?”