Beşinci dəfə: Ermənistanda fövqəladə vəziyyət yenidən uzadılıb
Ermənistan hökuməti avqustun 12-də keçirilən növbədənkənar iclasda fövqəladə vəziyyət rejiminin yenidən uzadılması haqda qərar qəbul edib. Fövqəladə vəziyyət koronavirus pandemiyasına görə martın 16-dan elan olunub. Yeni yoluxma halları azalsa da, koronavirusdan ölənlərin sayının yüksək qalması rejimin uzadılmasına səbəb olub.
İndi fövqəladə vəziyyət rejimi sentyabrın 11-ə qədər qüvvədə qalacaq.
Daha əvvəl baş nazirin müavini fövqəladə vəziyyət üzrə komendant Tiqran Avinyan bildirmişdi ki, avqustun 12-də rejim sonuncu dəfə uzadılacaq, bununlaelə, müəyyən məhdudiyyətlər aradan qaldırılacaq.
Bütün təfərrüatlar: fövqəladə vəziyyət rejiminə hansı dəyişikliklər edilib, rejimin uzadılmasına müxalifət necə münasibət göstərir, sosial şəbəkələrdə nə yazırlar?
• Rusiya prezidenti koronavirusa qarşı peyvəndin yaradıldığını bildirib: inanmaq olarmı?
• Bakıda koronavirus dövründə çimərliklər “qanuni” və “qeyri-qanunilərə” bölünüb
Fövqəladə vəziyyət rejiminin yumşaldılması
Söhbət əsasən xarici vətəndaşların Ermənistana gəlişindən gedir.
“Ermənistan vətəndaşı olmayan şəxslərin ölkəyə giriş qadağası aradan qaldırılır. Eyni zamanda Ermənistan ərazisinə daxil olarkən insan xəstəxanaya yerləşdirilmirsə, o zaman 14 günlük özünütəcridə məruz qalır. Amma qəbul edilən yeniliyə əsasən, 14 gün ərzində müvafiq testdən keçmək mümkündür və nəticə mənfi olarsa, təcrid rejimi ləğv edilə bilər”, – ədliyyə naziri Rüstəm Badasyan deyib.
Bundan başqa, rejimin yumşaldılması kütləvi toplantıların keçirilməsini də əhatə edəcək. Artıq belə toplantılara icazə veriləcək, amma bu tədbirlər zamanı müdafiə maskaları geyinmək və 1,5-2 metrlik sosial məsafə gözləmək lazımdır.
Ailə məclislərinin keçirilməsinə də artıq daha geniş tərkiblə icazə verilir, amma onların sayı 40 nəfəri aşmamalıdır.
Həmçinin gömrük sərhədlərindən malların ixracına da icazə verilir.
Koronavirusla bağlı vəziyyət haqda
Səhiyyə naziri Arsen Torosyan hesab edir ki, Ermənistanda koronavirusun yayılma tempi stabil olaraq azalır. Məsələn, avqustun 12-də bir gün öncə həyata keçirilən 1710 testdən yalnız 201-i müsbət nəticə verib:
“Bu, son həftələrin tendensiyasının çərçivəsinə sığır. Hər həftə bizdə koronavirusa 50-100 yoluxma halı daha az qeydə alınır. Bizim rəqəmləri azaltmaq üçün real imkanımız var”.
Xəstəxanalarda da vəziyyət yaxşılaşıb – daha çox boş yerlər var, həm adi, həm də reanimasiya otaqlarında. 300 xəstənin vəziyyəti ağır kimi dəyərləndirilir ki, iyulun əvvəlində bu rəqəm iki dəfə yüksək idi.
Baş nazir hesab edir ki, Ermənistanın koronavirus problemini birdəfəlik həll etmək şansı var:
“Bizim problemimiz ondadır ki, indi vəziyyəti doğru dəyərləndirmək lazımdır. Biz o cəhənnəmdən çıxdıq və indi yenidən oraya qayıtmamaq üçün hər şeyi etməliyik. Dünyanın bir çox ölkələrində ikinci koronavirus dalğası başlayıb. Bu ölkələrin hakimiyyətləri bunu etiraf edir – onlar əvvəl deyirdilər ki, infeksiyanın öhdəsindən gəliblər, indi isə yeni dalğa başlayıb”.
Nikol Paşinyanın fikrincə, vətəndaşların intizamı və hökumətin savadlı addımları Ermənistanda koronavirusun ikinci dalğasının qarşısını ala bilər.
Müxalifət nə deyir?
Parlamentin müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bildirib ki, hökumət fövqəladə vəziyyət rejimini daha bir ay uzatmaq niyyətindən əl çəkməlidir:
“Koronavirus planında Ermənistandan daha pis vəziyyətdə olan ölkələr var ki, orada hüquqi fövqəladə vəziyyət rejimi elan olunmayıb. Müvafiq olaraq çox vacibdir ki, hüquqi fövqəladə vəziyyət rejimi uzadılmasın və biz digər hüquqi tənzimləmələrlə məhdudiyyətləri saxlayaq, mahiyyət etibarilə, bu, indiyə qədər edilməyib. Bununla əlaqədar olaraq qazanc üçün başqa ölkələrə gedən vətəndaşlar ziyan görəcək, bir çox fəaliyyət sahələri ziyan görəcək”.
Sosial şəbəklərdə nə yazırlar?
Facebook istifadəçilərinin hökumətin fövqəladə vəziyyət rejimini uzatmaq qərarına münasibəti birmənalı deyil.
Bir neçə şərh:
“Lütfən, aviarabitə ilə bağlı məsələni həll edin! İnsanlar artıq bir neçə aydır ki, öz doğmaları və ailələri ilə görüşə bilmir!”
“Artıq bir neçə aydır ki, hökumət bu maskaları taxmağa çağırır! Məgər anlamaq bu qədər çətindir ki, bu mərəz nə qədər tez keçsə, bir o qədər tez normal həyata qayıdacağıq? Məgər bu maskaları taxmaq bu qədər çətindir?”
“Heç olmasa, açıq məkanlarda maskasız gəzməyə qoyulan qadağanı götürsünlər. Nəfəs almaq mümkün deyil”.
“Artıq bir neçə aydır ki, insanlar qazancsız oturublar! Nə qədər olar? Minlərlə insan hər il başqa ölkələrə gedir ki, çörəkpulu qazansın və indi onlar bu imkandan məhrum olublar. Bezdirmisiz rejimlərinizlə!”