Ermənistana beş dəfə çox proqramçı lazımdır – ilkin hesablama
Axşam saat 9-da Yerevanın qırağında ofis binalarından birində işıq ancaq bir neçə pəncərədə yanır. Bina hələ sovet illərində tikilib və elə bir hiss yaradır ki, sanki yüksək texnologiyalarla heç bir əlaqəsi yoxdur.
“Qlobal olaraq harada işləməyinin heç bir fərqi yoxdur. Əsası normal kompüter və internetin olmasıdır. Bununla belə, təzə, daha müasir ofisə köçməyi planlaşdırırıq”, – Akop Şarabxanyan deyir.
• Ermənistanda aydınlaşdırmağa çalışırlar: inqilabdan sonra 50 min iş yeri nəyin hesabına yaranıb
Akopla söhbətimizi kəsən yoxdur. Ofisdə bir-iki nəfərdən başqa heç kim yoxdur. Akopun 22 yaşı var.
“Həmişə belə bir istəyim olub – biznesdə olmaq. Hələ indi də başqa sahələrə sərmayə qoymağa çalışıram. Bu azadlıqdan xoşum gəlir. Nə olsun ki, həftədə 40 saat əvəzinə 100 saat işləyirəm, amma indi məndə olan azadlığı heç nəyə dəyişmərəm”.
Akopla söhbətimizi heç kim kəsmir. Ofisdə bir-iki adamdan başqa heç kim yoxdur.
Akop danışır ki, 18 yaşından işləməyə başlayıb, hansısa şirkətdə “junior developer” olub. səkkiz aydan sonra o bu işdən uzaqlaşıb və öz firmasını yaradıb. O, informasiya texnologiyaları ilə məşğul olur və Ermənistandakı bir çoxları kimi Akop Şarabxanyan da frilanserlər qrupundan başlayıb. Keyfiyyətli görülən iş müştəri toplayıb və iş inkişaf edib.
“Həmin dövr ərzində üç maraqlı startapın realizəsi üçün sifarişlər aldıq. Bu zaman da mən tək müəyyən qiymətə deyil, həm də səhm müqabilində bizə iş görməyi təklif edən müştəriyə çıxdım. Hazırda ABŞ, Honkonq və İspaniyada işləyən startapların səhmdarıyam”.
2000
-ci illərdə Ermənistanın bütün İT sahəsi demək olar ki, sıfırdan yaradılıb. Sovet Ermənistanı SSRİ-nin texnoloji və texniki mərkəzlərindən biri sayılırdı. Ən iri, xüsusən də hərbi yönlü istehsalat qurumları məhz burada yerləşib.
Amma 90-cı illərdə demək olar ki, heç nəyi qoruyub saxlamaq mümkün olmayıb, belə bir hiss varıydı ki, infrastruktur, mütəxəssislər və toplanan biliklərn birdəfəlik itirilib.
Total qarət və sürətlə köhnələn texnika şəraitində infrastrukturdan danışmaq mümkün deyildi. Mütəxəssislərlə bağlı vəziyyət isə fərqliydi.
Əlbəttə, Sovet İttifaqı dağılandan sonra bir çoxları Ermənistanı tərk etdi, amma mütəxəssislərin bir hissəsi, o cümlədən də yüksək ixtisaslı mütəxəssislər qaldı. Hazırda Ermənistanın İT sahəsi hər il 20-30% artım göstərir, əminliklə demək olar ki, bu, ayrı-ayrı adamların sayəsində mümkün olub.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Samvel Martirosyan danışır:
“İlk vaxtlar daha çox həmyerlilərimiz gəlib, burada şirkətlərin filiallarını yaradırdılar, ya da buradaca “xaricə” işləyən qruplar formalaşırdı. Bu da “outsourcing” adlanır. Bu, bir tərəfdən, inkişaf edən iqtisadiyyat üçün müsbət halıydı, çünki bu sahənin bir çox mütəxəssisləri üçün Ermənistanda yaşamaq və işləmək imkanı yarandı. Amma bütün sahənin inkişafı üçün bu, kifayət etmədi, çünki sən başqasına işləyəndə əslində tək maaşa dolanırsan”.
Həmin dövr ərzində bir sıra İT nəhəngləri, dünyaca məşhur şirkətlər, o cümlədən, “Synopsys”, “Microsoft”, daha sonra da “Vmware” və “EPAM” da Ermənistanda öz filiallarını yaratdılar. Eyni zamanda da Ermənistanda beynəlxalq arenada uğur qazanan startaplar yarandı. Bütün bunlar Ermənistanın İT sahəsinə bütöv bir görünüş verdi. O, Ermənistan iqtisadiyyatının hərəkətverici qüvvəsi, hakimiyyət üçün isə qürur üçün bəlkə də yeganə səbəbiydi, halbuki onun bu uğurda heç bir rolu olmayıb.
Bununla belə, ümidverici artım templərinə baxmayaraq, Ermənistanın informasiya texnologiyaları sahəsi hələ ki, həlli yolları bilinməyən problemlə üzləşdi. Söhbət keyfiyyətli kadr çatışmazlığından gedir.
“İnformasiya texnologiyaları şirkətləri birliyi” ictimai təşkilatının icraçı direktoru Karen Vardanyan danışır:
“Ermənistanın texnoloji inkişaf edən ölkə kimi bərpası üçün indi olduğundan 5-6 dəfə çox işçi qüvvəsinə ehtiyac var. Bu gün dünyada milyon vakansiya var. Özümüzün nüfuzlu yerini tuta biləcəyimiz sahələr də var. Bu, o cümlədən mürəkkəb məsələlərin həlli sahəsi və böyük məlumatlar sahəsidir (big data). Təkcə Birləşmiş Ştatlarda ötən il bu sahələrdə 450 min mütəxəssis çatmırdı. Vaxtında proqramlaşdırmada müvafiq bilikləri olan 10 min riyaziyyatçı hazırlaya bilsəydik, 500 milyon təşkil edən bu günkü gəlirimiz iki dəfə artardı”.
Ermənistanda indi informasiya texnologiyaları üzrə ixtisaslaşan istənilən şirkətə keyfiyyətli proqramçı lazımdır.
Nairi üçün maşın təhsili əsl çıxış yolu oldu. Rusiya-Ermənistan (Slavyan) universitetinin tətbiqi riyaziyyat və informatika fakültəsinə qəbul olunandan sonra adi proqramlaşdırmanın onu maraqlandırmağını çox tez anladı. Maşın təhsili kurslarında iştirak etmək təklifi aldı.
Maşın tədrisi süni intellekt yanaşması prinsipinin istifadə olunduğu sistemdir. Bu yanaşmanın xarakterik özəlliyi məsələlərin birbaşa həlli yox, uyğun məsələlər çoxluğunun tətbiqidir. Maşın tədrisində riyazi statistikanın yanaşması, mümkünlük nəzəriyyəsi, rəqəmsal məlumatlarla müxtəlif iş vasitələri istifadə olunur.
Bu istiqamətin əsasını da riyaziyyat təşkil etdiyi üçün təklifi qəbul etdi. Hazırda Nairi Ermənistanın ən iri telekommunikasiya şirkətlərindən birində çalışır
“Ucom” şirkətinin maşın təhsili komandasının üzvü Nairi Akopyan:
“Maşın təhsilinə başlayandan əvvəl onun haqqında çox az şey bilirdim. Ancaq bir neçə tanışımın bu sahədə kiçik təcrübəsi varıydı. Bunun riyaziyyatla bağlı olan, düşünürəm ki, haqqında hamının eşitdiyi neyron şəbəkəli, inkişaf etməkdə olan sahə olduğunu anlayırdım. Hər halda sınamaq qərarını verdim. Bir neçə həftədən sonra anladım ki, bu, mənim sahəmdir”.
Maşın təhsili sürətli templərlə inkişaf edir və mütəxəssislərə bütün dünyada ehtiyac var. Yerevanın biznes mərkəzlərindən birində geniş ofisdə ancaq barmaqların klaviaturada tıqqıltısı eşidilir. İyirmiyə yaxın mütəxəssis ABŞ-ın 100 ən iri hüquq firması üçün servis təqdim edən startap üzərində işləyirlər.
Xidmət demək olar ki, ancaq maşın təhsilinə əsaslanır. Startap elektron poçtun sistemləşdirilməsi üçün nəzərdə tutulub. Ondan çox parametrin təhlili nəticəsində proqram elektron məktubları onların vaciblik dərəcəsindən asılı olaraq yenidən paylayır. Elektron poçtuna hər gün yüzdən çox məktub gələn hüquqşünaslar üçün bu opsiya vaxta qənaət üçün gözəl imkanıdır.
“ZeroApp” şirkətinin həmtəsisçisi və texniki direktoru Qevorq Karapetyan:
“Hazır mütəxəssislərimiz yoxuydu. Yaxşı alimlərimiz, keyfiyyətli mühəndislərimiz varıydı ki, onlar da günbəgün öyrənir, sahəni yaxşılaşdırır və bir müddət sonra bu istiqamətdə çalışan ən yaxşı mütəxəssislər oldular. Komandama həmişə deyirəm ki, onlar sadəcə erməni şirkətində deyil, bütün dünyada ən vacib problemi həll edən şirkətdə çalışırlar. Onlar da bu problemi həll edən ən yaxşı mütəxəssislərə çevrilirlər”.
Amma şirkətin mütəxəssislərə ehtiyacı var. Tezliklə o, genişlənməyə və ABŞ-da min iri hüquq firması bazarını əhatə etməyə hazırlaşır ki, bu da fəaliyyət miqyasının bir neçə dəfə artacağı deməkdir.
Bu gün Ermənistanda 400-dən çox İT şirkəti fəaliyyət göstərir. Hər il onlarla yeni startap yaranır. Yeni kadrlar tapmaq üçün onlar “internship” proqramlar təşkil edir, amma ehtiyac daha tez artır. Ali məktəblər də vəziyyəti dəyişə bilmirlər.
Keyfiyyətli proqramçıların azlığı o qədər böyükdür ki, sahənin artım templərinə əhəmiyyətli təsir göstərə bilər.
Mütəxəssislərin çatışmazlığı maaşların kəskin şəkildə artmasına gətirib çıxarır. Ermənistanlı proqramçılar təxminən özlərinin Rusiya və Ukraynadakı həmkarları qədər alırlar. Belə bir vəziyyətdə də Ermənistan bazarı xarici sifarişçilər üçün öz cazibədarlığını itirir, çünki artıq ucuz olmayacaq. Müsbət tərəf kimi ancaq onların işinin keyfiyyəti qalır.