Ermənistan və Rusiya prezidentləri Soçidə görüşüb
Ermənistan prezidenti Serj Sarqsyan avqustun 23-də Rusiya prezidenti ilə görüşmək üçün Soçiyə yola düşüb. Ermənistan prezidentinin mətbuat xidməti məlumat verir ki, iki dövlət başçısı ikitərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər.
Rəsmi məlumata görə, Serj Sarqsyan və Vladimir Putin Avrasiya İqtisadi İttifaqı (AAİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində inteqrasiya prosesinin inkişafını müzakirə ediblər, aktual beynəlxalq və regional məsələlər, o cümlədən də Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər haqda fikir mübadiləsi ediblər.
“İki suveren dövlət kimi Ermənistan və Rusiya arasında münasibətlər çox ciddi şəkildə möhkəmlənib”, – Vladimir Putin bildirib və qeyd edib ki, bu il Ermənistan-Rusiya diplomatik əlaqələrinin bərqərar olmasının 25 ili tamam olub, bir neçə gün sonra, avqustun 29-da isə “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda” Sazişin imzalanmasından 20 il keçəcək.
Putin həmçinin bildirib ki, Ermənistan və Rusiya arasında iqtisadiyyat, təhlükəsizlik və müdafiə sahəsində intensiv siyasi dialoq gedir.
Serj Sarqsyan qeyd edib ki, Ermənistan-Rusiya strateji münasibətləri yüksək səviyyədə daimi intensiv dialoqlarla, geniş xarici siyasi koordinasiya ilə fərqlənir.
“Bizim ticari-iqtisadi münasibətlərimiz intensiv olaraq inkişaf edir. Ötən il ticarət dövriyyəsinin 15 faiz artımı müşahidə olunurdu. Bu ilin ilk altı ayı ərzində ticarət dövriyyəsi 24 faizə yaxın artıb. Ölkələrimizin hökumətləri və parlamentləri arasında mütəmadi əlaqə var. Regionlararası və humanitar sahələrdə də əməkdaşlıq sarsılmadan inkişaf edir”, – Ermənistan prezidenti bildirib.
Suallar toplanıb
Sarqsyan-Putin görüşü Ermənistanın və Rusiyanın ekspert çevrələrində müzakirə olunub. Sarqsyanın Rusiyaya gələcəyi haqda xəbər çıxan kimi politoloqlar səfərin nə ilə bağlı olduğuna dair ehtimallar irəli sürməyə başlayıb.
Siyasi şərhçi Akop Badalyan Ermənistan və Rusiya prezidentlərinin görüşünün hadisələrin indən sonrakı inkişafı nöqteyi-nəzərindən əhəmiyyətli nəticələrlə yekunlaşacağına dair fikir yürüdüb. O, qeyd edib ki, görüş həlledici olmasa da, məhsuldar olacağı dəqiqdir.
“Bu, növbəti yüksək səviyyədə keçirilən Ermənistan-Rusiya görüşüdür, amma bu müddət ərzində suallar toplanıb, bu görüş üçün yeni gündən yaradan hadisələr baş verib”, – Badalyan bildirib.
Siyasi şərhçinin fikrincə, həmin gün Soçidə Putin İsrailin baş naziri Netanyahu ilə, bir həftə əvvəl isə Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsi çox vacib məqamlardır.
“Çoxları görüşlərin vaxtlarının üst-üstə düşməsinə diqqət yetirib, xüsusən də bir neçə həftə əvvəl israilli məmur – regional əməkdaşlıq nazirinin Ermənistana səfəri fonunda, sonuncu daha əvvəl xüsusi xidmət orqanına rəhbərlik edib və Serj Sarqsyan onu Yerevanda qəbul etmək istəməmişdi. Bununla belə bu, son illər Ermənistan-İsrail münasibətlərində görünməmiş səfərdi.
Bir neçə gündən sonra İsrail mətbuatında Azərbaycanla bu ölkəyə aid pilotsuz təyyarə istehsal edən şirkət arasındakı müqavilə çərçivəsində İsrail istehsalı olan pilotsuz hücum təyyarələrinin Ermənistan mövqeləri istiqamətində sınaqdan keçirilməsinə dair səs-küy qalxandan sonra səfər xüsusi anlam qazandı…
Şübhəsizdir ki, söhbət regionda, o cümlədən də Qarabağ zonasında Ermənistan qüvvələrinin nəzarəti altında və üçüncü tərəfi cəlb etmədən ən azı nisbi sülhün qorunmasından gedir. Məsələ ondadır ki, Rusiya və İsrail üçüncü tərəf kimi bu zonaya Azərbaycana dəyəri milyard dollarla ölçülən silah təchizatçıları qismində çox yaxındırlar”, – Akop Badalyan yazır.
Ermənistan politoloqları Sarqsyan-Putin görüşünün gedişatında Türkiyənin AAİİ-nin gömrük birliyi ərazisinə inteqrasiyası məsələsinin də müzakirə olunacağını gözləyirdilər. JAMnews bu məsələnin detallarını “Türkiyə “qarmaq atıb”. Milçəkdən fil düzəldərkən” məqaləsində təqdim edib.
https://jam-news.net/?p=55235&lang=az-AZ
Rusiyalı analitik Vadim Dubnov qeyd edib ki, Sarqsyan və Putin çox şeyi müzakirə etməlidir, Qarabağ məsələsi isə ona görə sərfəlidir ki, “onun altında istənilən müzakirələri gizlətmək mümkündür, hətta miqyasca balaca olsa da, həm Moskva, həm də Yerevan üçün daha vacib olan məsələləri. Məsələn, perspektivli-strateji, hərbi-texniki məsələləri və ya Ermənistanın Avropa inteqrasiyası ilə bağlı məsələləri”.