Ermənistan üçün defolt təhlükəsi yoxdur – ölkənin Mərkəzi Bankı əmin edir
Ermənistandan pul axını yoxdur və olmayıb. Bu isə o deməkdir ki, heç bir defolt təhlükəsi mövcud deyil. Bu haqda Ermənistan Mərkəzi Bankının nümayəndələri bildirib.
Media nədən xəbər verir?
Ermənistan KİV-i daha əvvəl ölkənin defolt təhdidi altında olduğu və erməni dramının dəyərdən düşməsinin gözlənildiyi haqda məlumat verib.
“Gözlənilir ki, “bayramlardan dərhal sonra” Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək, hakimkiyyət isə milli valyutanın 20 faizlik devalvasiyasına getmək məcburiyyətində qalacaq”, – “Jamanak” [“Zaman”] qəzeti yazıb.
Ermənistanın informasiya resursları bildiriblər ki, Ermənistandan kapital axını və ölkəyə transferlərin həcminin azalması müşahidə olunur.
• Niyə erməni fəhlələrinə artıq Rusiyaya getmək sərf eləmir?
• Ermənistanın hər on sakinindən üçü yoxsuldur – hakimiyyət günahkar axtarmamağa çağırır
Mərkəzi bankın reaksiyası
Mediada gedən bu xəbərlərdən dərhal sonra Ermənistan Milli Bankı reaksiya verib və bu xəbərləri təkzib edib.
“Ermənistanın maliyyə sistemi bu gün stabil və möhkəmdir. Bu cür bəyanlar və yazılar isə cəmiyyətdə əsassız qorxu yarada bilər, odur ki, ölkənin uzunmüddətli inkişafı nöqteyi-nəzərindən yersizdir”, – Mərkəzi Bankın mətbuat katibi Harut Kbeyan qeyd edib.
Ermənistan Mərkəzi Bank Şurasının üzvü Artur Stepanyan da vəziyyəti şərh edib. O, Ermənistandan kapitalın daşındığı haqda məlumatı təkzib edib. Pul transferləri axınının azalması isə, onun fikrincə, Ermənistan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edə bilməz:
“Transferlərin Ermənistan iqtisadiyyatı üçün əhəmiyyəti 10 il əvvəlkindən fərqli olaraq o qədər də yüksək deyil. Əgər o zaman köçürmələr ÜDM-nin 20-26 faizini təşkil edirdisə, zamanla 17-18 faizə enmişdi, indi isə bu göstərici təxminən 10 faiz səviyyəsindədir”.
Ekspert rəyləri
Ermənistanlı ekspertlər də qeyd edirlər ki, yaxın zamanda ölkə iqtisadiyyatı üçün heç bir təhlükə yoxdur. Onların fikrincə, inqilab iqtisadi yüksəliş tempinə təsir edib, amma yeni hakimiyyət böyük sarsıntılardan qaçmağa nail ola bilib.
İqtisadçı Vardan Bostancyan güman edir ki, hazırkı məqamda defolt haqda danışmaq mənasızdır:
“Respublikada iqtisadi vəziyyət narahatlıq üçün səbəb doğurmur. 5 faizlik iqtisadi yüksəliş gözlənilir, büdcənin gəlir hissəsi uğurla həyata keçirilir, kəsirin planlaşdırılandan aşağı, maliyyə bazarının stabil olacağı gözlənilir. İnflyasiya səviyyəsi ən aşağı göstəricinin altında qeyə alınıb və 1,8 faiz civarında var-gəl edir. Hətta “məxməri” inqilab günlərində də bizdə maliyyə sabitliyinin pozulması müşahidə olunmayıb, hərçənd, bu cür durumlarda bu, tam gözlənilən və qanunauyğundur”.
Vardan Bostancyanın fikrini digər iqtisadçı Hayk Mnatsakanyan da bölüşür. O əmindir ki, dramın məzənnəsinin düşəcəyi ehtimalı ilə bağlı xəbərlərə baxmayaraq, Ermənistan valyutasının məzənnəsi stabilliyini qoruyacaq:
“Belə gözləntilər yoxdur və yaxın zamanda ola da bilməz. Odur ki, vətəndaşlar gələcəklə bağlı rahat ola bilərlər. Ölkəyə və ölkədən kapital axını stabil səviyyədədir”.
The Ecomomist։ Ermənistan ilin ölkəsidir
Ermənistan mediası mümkün defolt haqda yazdığı müddətdə nüfuzlu The Economist nəşri Ermənistanı “ilin ölkəsi” elan edib:
“Qədim və pis idarə olunan, qeyri-sabit regionda yerləşən dövlət bu il demokratiya və yenilənmək şansının olduğunu göstərdi. Buna görə də Ermənistan bizim üçün “ilin ölkəsidir”.
Hər il ilin ölkəsi nə ən nüfuzlu, nə ən varlı, nə də ən ləzzətli yeməkləri olan… ölkə elan olunur. Məqsəd tərəqqini qeyd etməkdir”.
The Economist nəşrinin bu qərarına Ermənistanda inqilabın baş verməsi, “Putinin təyin etdiyi” şəxsin hakimiyyətdən qovulması və hakimiyyətin dinc yolla devrilməsi səbəb olub.