Ermənistan, koronavirus: üç uşaqla təcrid şəraitində olan jurnalistin gündəliyi
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan Ermənistanda fövqəladə vəziyyət elan olunub. Hökumət vətəndaşları evlərində təcrid olunmağa, təmasları mümkün qədər azaltmağa çağırıb.
Jurnalist Sara Xocayan indi evdən işləyir. Onunla birlikdə üç uşağı da evdə təcrid olunub. Onlar da daima evdədilər, çünki bütün məktəblər bağlıdır və tədris distansion rejimə keçib.
Sara bu günlərdə sosial şəbəkədə “işləyən çoxuşaqlı ananın” gündəliyini aparmağa başlayıb. Bu gündəliyi kiçik ixtisarlarla təqdim edirik.
16.03.2020
Mən evdəyəm. Əsasən ancaq üç uşağımla birlikdə oluruq. Bəzən qardaşımın iki qızı bizə gəlir. Ağırdır! Vaxtaşırı onara qışqırıram, amma bəzən təəccüblü olsa da, onları barışdırmağa hövsələm çatır – həm də qışqırmadan.
Bu gün onlar tamaşa səhnələşdirməklə məşğuldurlar, nümayişə hazırlaşırlar. Amma mən iş qrafikimdə boşluq tapıb tamaşanı izləyə bilmədim. Uşaqlara sabah premyera təşkil edəcəyimə dair söz verdim.
Martın 12-dən güclü baş ağrılarım var. Bu gün qızdırmam da olub, əvvəlcə 37,4 dərəcə. Dərman içdim. Günün ikinci yarısında… qızdırmam 38-ə qalxdı. Güclü ağrıkəsici içdim, ağrı keçdi, otura, yaza, uşaqlar barədə düşünə bilirəm. Boğazım ağrımır, öskürəyim yoxdur, 20 saniyədən çox nəfəsimi saxlaya bilirəm.
Demək olar ki, koronavirusa yoluxmadığıma əminəm, buna görə də daha çox təcrid olunmuram, yəni evdəkilərdən də. Hərçənd işləyə bilim deyə yataq otağına qapanmalı oluram. Amma bunu daima edə bilmirəm, axı yemək bişirmək, qabları, ppaltarları yumaq… lazımdır.
Gün ərzində fəal şəkildə Bloomberg üçün materiallar yazıram.
Ən çətini uşaqların ev tapşırıqlarıdır. Onlar distansion tədrisə keçiblər, Şuşan isə mənsiz öhdəsindən gələ bilmir. Onu bu qarışıq karantin günlərində tək qoymaq istəmirəm, amma onun üçün vaxt tapmaq da asan deyil. Sən demə, hələ Anna ilə də videomateriallar çəkmək lazım imiş, Avetlə də. Uşaqların dərsləri 4-cü və ya 5-ci plana çəkilir. Sabah Avetin – böyüyümün 10 yaşı tamam olur.
Biz onun ad gününü özünün planlaşdırdığı kimi keçirməyə hazırlaşırdıq. Hər şey qeyri-müəyyən müddətə təxirə salınıb, amma onun sevimli tortunu telefonla sifariş verdim.
17.03.2020
Avetin ad gününü on nəfərlə qeyd etdik – fövqəladə vəziyyət rejiminin tələbinə müvafiq olaraq (20 nəfərə qədər icazə verilir).
Avetə hamilə olanda, qızım olsun istəyirdim. Nə gizlədim, həmişə qız arzulamışam.
Amma Avetdən daha yaxşı oğul heç xəyallarımda da ola bilməzdi. Mənim həssas, mehriban balam. Özünü xoşbəxt hiss etməsi üçün ona o qəədər az şey lazımdır ki.
Səhər özümü yaxşı hiss edirdim, sonra isə qızdırmam 39,5 dərəcəyə qalxdı. Bir neçə həb içdim, moruq mürəbbəsi ilə çay, qızdırmamı 38-ə saldım. Bir-iki saat yaxşı oldum, sonra yenə üşütmə gəldi. Təcili yardım çağırmalı oldum.
Həkim çox gənc, nəzakətli və səriştəli idi. Ciyərlərimi dinlədi, boğazımı yoxladı. Problem tapmadı, dedi ki, soyuqdəymədir, təşvişə düşməməyi tövsiyə etdi! İynə vurdu. Qızdırmam düşdü və mən oğlumun ad gününü qeyd edə bildim. Təcili yardım həkiminə sadəcə əhsən.
18.03.2020
Artıq üç gündür ki, evdə uşaqlarlayam. Sosial şəbəkələrdə dörd uşüqlı ananın karantinin üçüncü günündə koronavirusun dərmanını tapdığı haqda zarafat edirlər. Dostlarım məni bu paylaşımların altında etiketləyirlər.
İndi mən düşünürəm: dördüncünü doğum, yoxsa dərman yaradım?
23.03.2020
Bir neçə gündür ki, yazmırdım, amma ölməmişəm, yaxşıyam. Dünən axşam hətta konfet istədim – deməli sağalıram. Mən həyatımda ən uzağı 10 dəfə konfet istəməmişəm. Düzdür, hələ qızdırmama var, amma xəstəlik geri çəkilir. Bircə az yemək lazımdır, yoxsa son vaxtlar sinif yoldaşlarım fotolarımı “layklamır”.
Amma Ermənistanda koronavirusun daha çox yayılması təhlükəsi hələ də mövcuddur. Məni evdən işləyən ana kimi xəbərlərdə göstərdilər, skype-la müsahibə aldılar, uşaqlar da məmnuniyyətlə boy göstərdilər. Artıq məni televizorda niyə göstərmədiklərini soruşan qohumlarıma linkini ata bilərəm.
Baş ağrısı keçəndə sanki yağışdan sonra buludlar dağıldı. Mən də aydın beyinlə bütün yarım qalmış işlərimi tamamladım. Demək olar ki hamısını. Özümlə qürur duyuram.
Uşaqlar da bir az məşğul oldular. Gələn həftə tətilləri başlayır, buraxılanları çatdırmaq lazımdır – işlə paralel olaraq. Odur ki, çətinliklər davam edir. Qışqırmağa davam edirəm, amma adətən olduğu kimi hər şey sülhlə bitir.
Uşaqlar öz tamaşalarını göstərdilər. “Qəzəbli şahzadə” adlanırdı. Ssenarini qardaşımın qızı yazıb, Şuşan şahzadəni oynayırdı, digərləri qalan vacib rolları oynayırdılar. Annaya rol çatmayıb. Çox məyus olmuşdu.
Növbəti dəfə Anna haqda danışacağıma söz verirəm.
Avet bu gün mənə gül bağışlayıb.
Ermənistanda fövqəladə vəziyyətlə birgə tətbiq edilən ciddi məhdudiyyətlər aprelin 14-ə qədər davam edəcək. Yoluxanların ümumi sayı 663 nəfərə çatıb, 33 nəfər sağalıb, yeddi nəfəri xilas etmək mümkün olmayıb.
Sara hələ də uşaqlarla birlikdə təcrid olunmuş vəziyyətdə qalır.