Koronavirusun Ermənistanda yayılması – Gürcüstanın çıxardığı nəticələr
Ermənistanda koronavirusun çox geniş yayılması müşahidə olunur, son həftələrdə ölkədə yoluxanların sayı kəskin şəkildə artıb. Gürcüstan hakimiyyəti Ermənistana kömək etmək qərarına gəlib və bəyan edib ki, qonşu ölkəyə test keçirmə ilə bağlı yardım etməyə və 10 minə qədər PCR-test etməyə hazırdır.
JAMnews-a müsahibəsində gürcü ekspertləri – Kritik tibb və Anestezeologiya Asosisiasiyasının rəhbəri Vaxtanq Kaloyan və junalist, ermənişünas İva Şilakadze Ermənistandakı vəziyyətin səbəbləri, mümkün yardım, həmçinin Gürcüstanın bundan hansı nəticələr çıxarmalı olduğu barədə öz fikirlərini bölüşüblər.
Səbəb nədir?
«Regionun digər dövlətlərindən bizim (Gürcüstanın) əsas fərqimiz tətbiq etdiyimiz izolyasiya tədbirləri oldu. Digər ölkələrlə müqayisədə, Gürcüstan bunu daha tez və “aqressiv” etdi. Bu, nisbətən daha az yoluxma və nəticədə daha az ölüm sayına gətirib çıxardı», – Vaxtanq Kaloyan hesab edir.
12 iyun tarixinə qədər Ermənistanda 15 281 koronavirusa yoluxma aşkarlanıb, 258 nəfər ölüb. Azərbaycanda 9218 yoluxma qeydə alınıb, 113 nəfər ölüb. Gürcüstanda yoluxma sayı 837, həlak olanlar isə 13 nəfər olub.
- Ermənistan Gürcüstandan yardım – koronavirusla mübarizə üçün tibbi avadanlıq alıb
- Ermənistan xəstəxanalarında artıq yer yoxdur. Xəstəxanaya yerləşdirilə bilməyən xəstə ölüb
- «Məzarlıqda deyil, evdə qal». Ölkələr yeni yoluxmalarla necə mübarizə aparır
Vaxtanq Kaloyanın sözlərinə görə, əvvəllər bəziləri [o cümlədən də Ermənistanın səhiyyə naziri Arsen Torosyan – JAMnews] əsasən də müqayisədə daha az götürülmüş test sayına görə Gürcüstanda aparılan statistikanı şübhə altına alırdı. Ekspertin fikrincə, buna əsas da varıydı.
«Bununla belə, ümumilikdə Gürcüstanda yoluxma sayının qeydiyyatı normal işləyirdi, Gürcüstan aparılan statistikası doğru olan ölkələrdən sayılır», – Kaloyan deyib.
Onun fikrincə, Ermənistanın səhiyyə sistemi Gürcüstandakı kimi, “kifayət qədər problematikdir həm yataq yerlərinin sayı, həm də infrastruktura və peşəkarlıq baxımından”.
«Nəticədə problemli səhiyyə sistemi şəraitində izolyasiya tədbirləri daha böyük rol oynayır. Buna görə də bu fonda tam olmayan izolyasiya və ya izolyasiyanın ləğvi və ya tənzimlənmənin azaldılması çox təhlükəlidir. Düşünürəm ki, Ermənistanda məhz bunlar baş verdi».
Jurnalist və ermənişünaq İva Şilakadze xatırladır ki, 2018-ci ildə “məxməri inqilab” dalğasında hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyətini qeyri-peşəkarlığa görə dəfələrlə tənqid ediblər. Bundan başqa, hökumətdə böyük kadr axını var. Amma, onun fikrincə, bu, peşəkar reputasiyası olan səhiyyə naziri Torosyana aid deyil.
«Ola bilsin, səbəb karantinin gec elan edilməsi oldu – bu, iqtisadiyyatı xilas etmək cəhdi idi. Bundan başqa, Paşinyan və onun komandasını ittiham edirdilər ki, əvvəlcədən onların problemə münasibətləri bir qədər etinasız oldu, təhlükənin miqyasını dərk etmədilər, bundan sonra isə vəziyyəti idarə etmək çətin oldu», – Şikaladze deyir.
Eyni zamanda, onun sözlərinə görə, Ermənistanda vəziyyət mürəkkəb olsa da, katastrofik deyil:
«Prinsipcə Ermənistanda ölüm səviyyəsi (koronavirusdan) bir çox başqa ölkələrlə müqayisədə, o qədər də yüksək deyil – hardasa iki faiz civarında. Səhiyyə sistemi az-çox xəstələri müalicə edə bilir. Son zamanlar yoluxanların sayı 10 mini keçəndə məlum oldu ki, test və xəstəxanalarda yerlər kifayət etmir. Amma bu problemlər də həll olunur».
Gürcüstan daha necə kömək edə bilər?
Vaxtanq Kaloyan bildirir ki, Ermənistanın qarşılaşdığı əsas problem klinikalarda yerlərin olmamasıdır. Qonşu ölkəyə kömək etmək üçün Gürcüstan ya yataq fondunu doldurmaqda kömək etməli, ya da müəyyən sayda ağır xəstələri özünə götürməlidir.
«Amma sistemli nəticəni əldə etmək üçün biz böyük sayda pasientləri gətirməliyik, bunun üçün isə təəssüf ki, resurslarımız yoxdur. Biz, ən çox ağır vəziyyətdə olan 10 və ya 20 pasient qəbul edə bilərik, düşünmürəm ki, bu, vəziyyəti hansısa şəkildə yüngülləşdirməyə kömək edə bilər».
Eyni zamanda, onun sözlərinə görə, Gürcüstan özünün “qızdırma mərkəzləri” təcrübəsini bölüşə bilər – bu, yüksək hərarəti olan insanların müraciət etdiyi xüsusi məntəqələrdir. Kaloyan hesab edir ki, Gürcüstan ehtiyac yaranarsa, qonşu ölkənin daha “qaynar nöqtələrində” mobil “qızdırma mərkəzləri” və ya səhra hospitalları təşkil etməyə kömək edə bilər ki, bu da Ermənistana öz klinikalarını bir az boşaltmaq imkanı verə bilər.
Yardım “dövlətlər arasında yaxşı koordinasiya olunmalıdır, çünki spontan təşəbbüslər, əksinə vəziyyəti ağırlaşdıra, xaos və gərginlik yarada bilər”, Kaloyan hesab edir.
Dezinformasiya günahkardır?
Ermənistanda da, başqa ölkələrdə olduğu kimi, koronavirusun yayılmasında böyük rolu dezinformasiya öynayır, İva Şikaladze hesab edir.
«Hətta Böyük Britaniya kimi inkişaf etmiş ölkədə insanların bir qismi sui-qəsd nəzəriyyəsinə inandı və 5G texnologiyalı antenaları yandırmağa başladı. Ermənistanda da bu nəzəriyyələrlə yaxşı işləyən medialar var», – Şikaladze deyir.
Bundan başqa, bir çox Ermənistan vətəndaşının Rusiyaya getməsi, Rusiyanın informasiya mənbələrinə inanması və s. öz rolunu oynadı, ekspert deyir. Baxmayaraq ki, Rusiyanın özü pandemiyaya gec reaksiya verdi və bu ölkədə vəziyyət ağırdır.
Şikaladzenin sözlərinə görə, Ermənistanın mövcud hökumətinə “açıq Rusiyayönlü qüvvə” olan, böyük maliyyə və media resursları olan keçmiş hakimiyyətin tərəfdarları opponentlik edir.
Gürcüstan üçün əsas nəticələr
Vaxtanq Kaloyan hesab edir ki, gürcü cəmiyyətinin əksər üzvləri hökumət tərəfindən təklif olunan qayda və məhdudiyyətləri qəbul etdi ki, bu da epidemiyanın az-çox uğurla öhdəsindən gəlmək imkanı verdi. Gürcüstanın başqa ölkələrdən fərqi də məhz bundadır.
«Düşünürəm, əsas dərs budur – klassik tibbin, epidemiologiyanın əsas qaydaları pozulmamalıdır. Virus infeksiyası ilə ən yaxşı mübarizə üsulunun izolyasıya olması faktı bəşəriyyətə artıq illərdir ki, məlumdur. Bütün bunları ölçmək mümkündür – izolyasiya necə keçməlidir, zəncir necə qırılmalıdır, yoluxma əmsalının hansı səviyyəsində məhdudiyyətləri azaltmaq olar. Bu qaydalara riayət və onların siyasi konyukturadan qorunması çox vacibdir».
Kaloyan bildirir ki, epidemioloji vəziyyəti nəzərə alaraq, Gürcüstan Ermənistan və Azərbaycanla sərhədləri azı payıza qədər açmamalıdır.