Ermənistan-Azərbaycan problemləri: İlham Əliyev və Nikol Paşinyan onları necə görür?
Ermənistanın baş naziri və Azərbaycan prezidenti MDB dövlət başçılarının onlayn iclasında çıxış edib. Çıxışları zamanı İlham Əliyev və Nikol Paşinyan Birliklə bağlı gündəmdəki məsələlərdən başqa Ermənistan-Azərbaycan münasibətlərinə və ikinci Qarabağ müharibəsindən sonra həllini tapmayan problemlərə də toxunublar.
Hər iki liderin çıxışlarından mövzular və sitatlar.
- Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri Qarabağ münaqişəsini müzakirə edib
- “Azərbaycanla ərazi dəyişikliyi olmayacaq” – Ermənistanın Təhlükəsizlik Şurasının katibi
- İkinci Qarabağ müharibəsindən bir il sonra – əsas hadisələr bir videoda
Əliyevin çıxışı: “Azərbaycan münasibətlərin normallaşdırılmasına hazırdır”
Münaqişədən sonrakı mərhələ haqda
Əliyev qeyd edib ki, postkonflikt mərhələ “ümumilikdə sakit keçir”:
Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib.
Azərbaycan prezidenti hərbi əməliyyatların dayandırılmasında Rusiya prezidenti Putinin “xüsusi rolunu” qeyd edib, “bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi”.
O xatırladıb ki, üçtərəfli bəyanata müvafiq olaraq, Ermənistan “öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi”.
“Həmçinin üçtərəfli bəyanata müvafiq olaraq, Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı” – Əliyev əlavə edib.
Əsas problemlər haqda
“Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır.
Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.
Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir.
Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir.
Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb.
İşğal edilmiş ərazilərdə real mənzərə belədir. Azad edilmiş ərazilərdə bir ildən az müddətdə bir çox ölkələrdən olan minlərlə siyasətçi, diplomat və jurnalist, o cümlədən MDB ölkələrinin nümayəndələri bunları görüblər”, – Azərbaycan dövlətinin başçısı öz çıxışında bildirib.
İranda Qarabağa narkotik trafiki haqda
O deyib ki, “Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.
“Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır”, – o əlavə edib.
“Hərbi əsirlər” problemi
“Belə adlandırılan “erməni hərbi əsirlər” məsələsinə də toxunmaq istərdim. Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərk-silah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.
Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”, – İlham Əliyev çıxışını yekunlaşdırıb.
Paşinyanın çıxışı: “Biz dəyişikliklərə hazırıq”
Regiondakı vəziyyət haqda
Ermənistanın baş naziri bildirib ki, region mühüm transformasiyalar astanasındadır və siyasi iradə və müdriklik nümaqyiş olunarsa, onlar hazırkı mənzərəni dəyişə və əsl sülh və stabillik üçün şərtlərin formalaşmasına gətirib çıxara bilər:
“Biz bu cür dəyişikliklərə hazırıq, üstəlik onlar bizim gələcəklə bağlı təsəvvürümüzlə üst-üstə düşür. Ermənistan hökuməti öz proqramında ölkəmizin və regionumuzun sülh içində inkişafı üçün yeni eranın açılmasını qarşısına məqsəd qoyub. […] Amma regionumuzda sülhün mümkünlüyünü şübhə altına qoyan çox sayda amil var”.
Sülhə nə mane olur?
Paşinyan qeyd edib ki, bütün siyasi səylərə baxmayaraq və üçtərəfli bəyanata rəğmən insanlar həm Dağlıq Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədində yenə ölür. Bununla əlaqədar olaraq o, “insidentlərin araşdırılması və atəşkəsə və bütün hərbi əməliyytların dayandırılmasına əməl olunması üzrə üçtərəflimüxanizmləri gücləndirməyi” təklif edib.
Ermənistanın baş nazirinin sözlərinə görə, “düşmənlik və nifrət ritorikası, daimi təhdidlər və təxribatlar gündəlik həyata çevrilib”. Amma Paşinyan bildirib ki, onun hökuməti sülh və stabilliyin əldə edilməsi üçün hər şeyi etməyə qətiyyətlə hazırdır:
“Və biz bbu hədəfə çatmaq üçün aydın təsəvvürə sahibik. Dialoq və təəssüf ki, regionumuzda mövcud olan düşmənlik atmosferinin tədricən aradan qaldırılması, bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması – budur yeganə yol”.
Əldə olunmuş razılaşmaların yerinə yetirilməsi haqda
Ermənistanın baş naziri üçtərəfli bəyanatda əldə olunmuş razılaşmalara, o cümlədən də regionda kommunikasiyaların açılmasına israr edir. O vurğulayıb ki, Ermənistan tərəfi bunun üzərində işləyir və əgər qarşılıqlı xarakter daşıyarsa, Azərbaycanla kommunikasiyaları açmağa hazırdır.
Yerevanın nöqteyi-nəzərinə müvafiq olaraq “Ermənistan Rusiya ilə Azərbaycan ərazisindən dəmiryolu və avtomobil yolu, o cümlədən də İranla dəmiryolu, Azərbaycan isə Ermənistan ərazisindən Naxçıvanla əlaqə əldə edəcək”.
Paşinyan yenidən vurğulayıb ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr bəyanatının 8-ci maddəsini də yerinə yetirmir və erməni əsirləri, girovları və digər saxlanılan şəxsləri geri qaytarmır.
O, yenə də Azərbaycan SQ-nin nəzarətində olan ərazilərdə humanitar təhlükə kəsb edən minalı sahələrin xəritələrini Bakıya təhvil verməyə hazır olduğunu təsdiqləyib.
Sərhədlərin demarkasiyası və delimitasiyası haqda
Nikol Paşinyan bildirib ki, Ermənistan Rusiyanın və digər beynəlxalq tərəfdaşların dəstəyilə Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamağa hazırdır. Amma o, prosesin həyata keçiriləcəyi atmosferi vacib olduğunu hesab edir:
“Az əvvəl Azərbaycan tərəfindən pozulan və mütəmadi atışmaların getdiyi sərhədlərin demarkasiyası və delimitasiyası üzərində iş prosesini təsəvvür etmək çətindir. Əsasən də mən Ermənistan və Azərbaycan arasındakı sərhədin Sotk-Xoznavar hissəsini nəzərdə tuturam”.
Bununla əlaqədar olaraq baş nazir öz təklifini xatırladıb:
- Qarşılıqlı şəkildə hər iki ölkənin silahlı bölmələrini geri çəkmək,
- Bu zaman Ermənistan və Azərbaycan arasında Sovet İttifaqı xəritələrində hüquqi tanınaraq və əsaslandırılaraq qeyd olunmuş sərhəd xəttini nəzərə almaq,
- Burada Rusiya sərhədçilərini və/yaxud beynəlxalq müşahidəçiləri yerləşdirmək.
Paşinyanın sözlərinə görə, bu sxemi Rusiya da dəstəkləyir, Ermənistan isə bu istiqamətdə işlərin bərpa olunmasını gözləyir.
Sülh müqaviləsinin bağlanması
Ermənistanın baş naziri Azərbaycanda sülh müqaviləsinin imzalanmasını vacib hesab edir. Onun fikrincə, bunun üçün ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesi bərpa olunmalıdır.
Son zamanlar həmsədrlər dəfələrlə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların bərpa olunması çağırışı ilə çıxış ediblər.
Bununla əlaqədar olaraq Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə az əvvəl BMT Baş Assambleyasının 76-cl sessiyası zamanı baş tutan görüşünün, o cümlədən də iki ölkənin xarici işlər nazirlərinin ötən gün, oktyabrın 14-də Minskdə Rusiya XİN rəhbərinin iştitakı ilə keçirilən görüşünün vacibliyini qeyd edib.
Paşinyan həmsədrlərin regiona, o cümlədən də Dağlıq Qarabağa gözlənilən səfərini də mühüm addım hesab edir.
Türkiyə ilə münasibətlərin normallaşdırılması
Paşinyan rəsmi səviyyədə Türkiyə ilə münasibətlərin normallaşdırılması haqda danışmağa başlamasını da vacib hesab edir.onun sözlərinə görə, bu, regionda sülhün bərqərar olması məsələsində katalizator ola biləcək amillərdən biridir. Baş nazir bildirib ki, Rusiya bu prosesi dəstəkləməyə hazır olduğunu ifadə edib.
Beynəlxalq Məhkəməyə iddialar haqda
Nikol Paşinyan hesab edib ki, MDB dövlətləri başçılarının platforması Ermənistan və Azərbaycanın qarşılıqlı ittihamlarının nəzərdən keçirilməsi və tarixi faktların araşdırılması üçün doğru yer deyil.
O, iclas iştirakçılarına bildirib ki, hər iki ölkə Haaqadakı BMT Beynəlxalq Məhkəməsində iddialar qaldırıb. Ermənistan “bütün ittihamları burada səsləndirmək və Qarabağ münaqişəsi üzrə öz mövqeyini arqumentləşdirmək” niyyətindədir.
Narkotrafik haqda
Çıxışının sonunda Nikol Paşinyan Azərbaycan prezidentinin İran və Ermənistan ərazisindən narkotik daşınması haqda sözlərinə reaksiya vermək qərarına gəlib. O bildirib ki, yalnız Azərbaycanın yox, həm də Ermənistanın narkotik keçirilməsi cəhdlərinin qarşısının alınması göstəriciləri artıb:
“Biz İranın hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik və narkotrafikə qarşı effektiv mübarizə aparırıq. Mən də narkotik daşınması cəhdlərinin qarşısının alınması faktları və müsadirə olunmuş narkotiklərin kəmiyyəti, həcmi haqda rəqəmlər təqdim edə bilərəm, hansı ki, müharibədən sonra 2-3 dəfə artıb”.