Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri Qarabağ münaqişəsini müzakirə edib
Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutub. Danışıqlar MDB Xarici İşllər Nazirləri Şurası platformasında keçirilib.
Verilən məlumata görə, Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələləri, o cümlədən də Qarabağda hərbi əməliyyatların dayandırılması haqda 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının reallaşdırılması prosesini müzakirə ediblər.
- Ermənistan hava məkanını Azərbaycan üçün açıb? Bakı və Yerevandan şərh
- Tofiq Zülfüqarov: “ATƏT-in Minsk Qrupu Qarabağda ermənilərin statusuna qayıdarsa…”
- “Ciddi proseslər baş verir və bu, Ermənistanın xeyrinə deyil” – eks-prezident Robert Koçaryan
Bakıdan informasiya
Azərbaycan XİN mətbuat xidmətindən bildirilib ki, nazir Bayramov görüşdə regiondakı postkonflikt vəziyyətlə və iki ölkə arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycanın mövqeyini səsləndirib. O, 2020-ci ilin payızında və 2021-ci ilin yanvarında imzalanan üçtərəfli bəyanatların tam reallaşdırılmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə, o cümlədən də ərazi suverenliyə, bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Bununla əlaqədar qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesi haqda danışıqlara başlamaq vacibdir. Həmçinin regionda bütün nəqliyyat əlaqələrinin açılması haqda razılaşmanın reallaşdırılmasının əhəmiyyəti vurğulanıb – XİN-in məlumatında deyilir.
Azərbaycanlı nazir Azərbaycanın nəzarəti altına qaytarılan rayonlarda yerüstü minaların təhlükəli olduğunu, insanların həyatını birbaşa təhdid etdiyini qeyd edib. Bayramov Ermənistanın minalı sahələrin dəqiq xəritəsini təqdim etməsinin vacibliyini vurğulayıb.
“Nazir həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa işləri haqda da danışıb”, – məlumatda deyilir.
Yerevandan informasiya
Ermənistan XİN-dən bildirilib ki, xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın Qarabağda atəşkəsin bərqərar olmasına yönələn səylərini yüksək dəyərləndirib. O Rusiya sülhməramlılarının Dağlıq Qarabağda sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan rolunu da qeyd edib.
“Eyni zamanda nazir Mirzoyan tərəflərin diqqətini 9 noyabr bəyanatının bəzi maddələrinin indiyə qədər reallaşdırılmamasına yönəldib, bu kontekstdə o, erməni hərbi əsirlərinin və digər saxlanılan şəxslərin dərhal və şərtsiz azad edilməsinin vacibliyini vurğulayıb”, – Ermənistan XİN-in məlumatında deyilir.
Nyu Yorkda ATƏT-in Mİnsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşə toxunaraq Ararat Mirzoyan bir daha Ermənistan tərəfinin mövqeyini təkrarlayıb. Rəsmi Yerevan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanması ATƏT-in Minsk Qrupunun vasitəçiliyi çərçivəsində həyata keçirilməlidir.