Ermənistanın yeni hakimiyyəti və Aİ hələlik bir-birini müşahidə edir, erməni ekspertlər belə hesab edirlər
Yerevanda JAMnews-un “Avropa İttifaqı-Ermənistan münasibətləri “məxməri inqilabdan” sonra. Niyə sıçrayış olmadı?” məqaləsinin müzakirəsi baş tutub. Diskussiyada məqalənin müəllifi, JAMnews-un analitiki Vahan Unanyan, “Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan, politoloq Armenak Minasyants iştirak edib.
V
ahan Unanyan hesab edir ki, Ermənistanın yeni hakimiyyəti və Aİ hələlik bir-biri ilə tanış olur. Tərəflərin gündəmində əhəmiyyətli dəyişikliklər yoxdur və Aİ-nin Ermənistana göstərmək niyyətində olduğu yardım elə inqilabdan əvvəl də nəzərdə tutulmuşdu:
“Ermənistan və Aİ arasında münasibətlərin yaxşı, yoxsa pis yöndə inkişaf etdiyini söyləmək çətindir. İndi vəziyyət əsasən statikdir. Gündəm əhəmiyyətli dərəcədə dəyişməyib. Ermənistanda baş verənləri Aİ-də həvəslə qarşılayıblar. Amma hazırda ən yüksək səviyyədə ritorikadan başqa heç bir praktiki addım yoxdur”.
Aİ-nin Ermənistana münasibətdə siyasəti yeni Ermənistan hakimiyyətinin bəyanatları ilə şərtlənə bilər – Vahan Unanyan belə hesab edir. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, xarici siyasətdə əsaslı dəyişiklik olmayacaq. Müvafiq olaraq avropalı həmkarlar öz yanaşmalarını kökündən dəyişməyi lazım bilmirlər.
“M
odus vivendi” mərkəzinin rəhbəri Ara Papyan hesab edir ki, ciddi dəyişikliklər üçün 5 ay yetərli deyil. Ekspert qeyd edir ki, Aİ-dən yeni iri maliyyə tranşları illik büdcədə təsdiqlənir, bu isə yalnız nöbəti il mümkündür:
“Əminəm ki, münasibətlərimiz inkişaf edəcək. Ermənistana göstərilən yardm artırılacaq. Nəhəng Avropa şirkətləri Ermənistanla daha intensiv maraqlanmağa başlayıb. Avropalılar ağıllı adamlardır. Onlar sözlərə yox, əməllərə inanırlar. Əməllər üçün isə zaman və ardıcıl addımlar lazımdır”.
Papyan əmindir ki, çox şey Ermənistanda baş tutacaq növbədənkənar parlament seçkilərindən asılı olacaq.
“Seçkini gözləyərkən biz yalnız sərmayəçiləri yox, həm də Aİ-nin maliyyə dəstəyinin artmasını da itiririk. Əlbəttə ki, geosiyasi faktor vacibdir, “çox şey üçün çox şey” prinsipi işləyir. Bizim strateji müttəfiqimiz Rusiya qaldığı halda Aİ-dən bizə ayrılan maliyyənin artırılması təəccüblü olardı. Belə olmur.
Ya sən bizim müttəfiqimizsən və biz sənə pul veririk, ya da Rusiyanın müttəfiqisən və pulu Rusiyadan alırsan. Əgər biz mütəmadi olaraq xarici siyasətimizin dəyişməyəcəyini deyiriksə, əhəmiyyətli dəyişikliklərə ümid edə bilmərik”.
Ekspert qeyd edir ki, rəsmi Yerevanın ritorikası tez bir zamanda dəyişəcək, çünki Aİ ilə iqtisadi münasibətləri inkişaf etdirmək ehtiyacı var – ölkənin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə müəyyən olunmur.
P
olitoloq Armenak Minasyants öz növbəsində hesab edir ki, son illərdə avropalı həmkarların korrupsiya ilə mübarizənin, məhkəmə sistemində islahatların vacibliyi haqda bəyanatları indi Ermənistan hakimiyyətinin siyasəti ilə üst-üstə düşür. Bu da tərəflər arasında münasibətlərin inkişafında böyük rol oynayır:
“Aİ-nin ritorikası dəyişir. Aİ Ermənistana seçki sistemində islahatlara yardım etməyə hazırdır. Ayrı-ayrı sahələrə görə məsul olanların görüşləri keçirilir. Və məhz son həftələrdə fəallaşma müşahidə olunur”.
E
kspertlər yekdilliklə hesab edirlər ki, Avropa İttifaqı Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün tədbirlər görə bilər. Amma Apa Papyan güman edir ki, Ermənistan da praktiki addımlar atmalıdır:
“Rusiyanın yaxın qonşuları ya vassal,ya da düşmən statusundadır. Onun müttəfiqi yoxdur. Mən Aİ tərəfindən hazır olduqlarını görürəm, amma çox şey bizdən asılıdır. Ermənistan da Gürcüstan və İranla bağlı regional layihələr təklif etməlidir”.
Natiqlər hesab edirlər ki, Ermənistan və Aİ arasında Hərtərəfli və Geniş Tərəfdaşlıq haqda Saziş normal rejimdə davam edir, narahatlıq üçün heç bir səbəb yoxdur. Bir neçə yüz səhifəlik sənəd ölkədə əhəmiyyətli islahatların keçirilməsini nəzərdə tutur ki, bunun üçün də sadəcə zaman lazımdır.