Ermənistanın enerji təhlükəsizliyi haqqında
Ermənistanda çox mühüm energetika infrastrukturu olan Metsamor atom elektrik stansiyası ətrafında mübahisələr davam edir. Müzakirələrin fəallaşmasına səbəb Ermənistanla Avropa İttifaqı arasında Əhatəli və Geniş Tərəfdaşlıq Haqqında Müqavilə oldu. Energetika sahəsində əməkdaşlıq və atom təhlükəsizliyi bölməsinə əsasən, Ermənistan tərəfi öz üzərinə AES-i bağlamaq və onun yeni obyektlərlə əvəz olunmasını həyata keçirməyi götürür.
Düzdür, sənəddə konkret müddət göstərilmir. Müqavilənin özünün imzalanması isə noyabrın axırlarında gözlənilir. Bu zaman Ermənistan prezidenti bildirib ki, atom elektrik stansiyası hələ 10 il işləyəcək, ikinci enerji blokunun istismar dövrü artıq 2027-ci ilə qədər uzadılıb. 2008-ci ildə isə Serj Sarqsyan yeni atom elektrik stansiyasının tikilməsi niyyəti barədə danışıb. Mütəxəssislər isə hesab edir ki, layihə həddən artıq çox xərc tələb edir və Yerevan təkbaşına onu həyata keçirə bilməyəcək.
Ölkənin enerji təhlükəsizliyini bu sistemin ümumilikdə bütün halqaları formalaşdırır. Buna görə də onun əsas tərkib hissəsini deyil, bütün yerdə qalan halqalarını da nəzərdən keçirəcəyik. Amma əsasdan başlayacağıq.
Atom enerjisi
Ermənistan və ya Metsamor atom elektrik stansiyası 20 ildən çoxdur ki, respublikanın enerji təhlükəsizliyi sistemində əsas halqa olaraq qalır. O, Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40%-ni təmin edir.
[youtube youtubeurl=”hOPBcob39gQ” ][/youtube]
Obyekt 1977-ci ildə istifadəyə verilib, amma ölkənin şimalında 1988-ci ildə baş verən dağıdıcı zəlzələdən sonra SSRİ-nin Nazirlər Şurası və Ermənistan SSR-nin Nazirlər Şurası AES-in seysmik təhlükəli zonada və təkrar təkanların baş verməsinin mümkün olduğu halda fəaliyyət göstərməsinin çox təhlükəli olması ilə əlaqədar olaraq işinin dayandırılması haqda qərar qəbul edib.
|
5 il sonra, 1993-cü ildə müstəqil Ermənistan hakimiyyəti onu yenidən işə salıb. Elektrik enerjisinin başqa real mənbələrinin olmadığı bir şəraitdə bu, SSRİ dağılandan sonra ölkəni enerji böhranından çıxarmağın yeganə yolu idi.
Artıq o vaxtlar atom energetikası Ermənistanın ümumi energetika sistemində aparıcı yer tutmağa başlayıb. Bu gün bu, strateji bir istiqamətdir, bununla belə, Mertsamor AES Avropa Birliyində çox sayda sual yaradır və o, AES-in konservasiyası və ya müasirləşdirilməsinə təkid edir.
“AES-in ehtimal olunan bağlanması Ermənistan üçün böyük problemdir, çünki bu stansiya ölkənin energetika sistemində böyük rol oynayır”, – iqtisadçı Vaaqn Xaçataryan belə hesab edir.
Atom energetikasının saxlanılmasının zəruriliyindən həm hakimiyyət qurumları, həm də mütəxəssislər danışır. Avropa Birliyi tərəfindən təzyiq göstərilməsi şəraitində ölkə rəhbərliyi bu problemin optimal həllini tapmalıdır.
İstilik su enerjisi
Müstəqillik illərində atom energetikası ilə yanaşı yetərincə dinamik inkişaf edən digər sektorlar da üzə çıxdı. Xüsusilə də istilik və su energetikası. Ermənistanda ölkədə istehsal olunan elektrik enerjisinin ümumilikdə təxminən 40%-ni təmin edən iki istilik elektrik stansiyası var. Onların ən böyüyü Rusiya Federasiyasının mülkiyyətində olan Razdan İES-dır. 2012-ci ildə İES-in ən mühüm beşinci enerji bloku istismara verildi. Stansiya İrandan alınan təbii qazla işləyir.
Hidroenergetika ölkənin elektrik enerjisinin 20%-ni təmin edir. Bu, əsasən, kiçik HES-lərdir, onların sayı 1 yanvar 2017-ci ilin məlumatlarına görə, 178-dir. Ermənistan həm də İran tərəfi ilə birlikdə regionda ən böyük olan Merqinsk su elektrik stansiyasının tikintisi layihəsinin reallaşdırılmasında maraqlıdır, amma hələlik realizənin fəal fazasına keçmək mümkün olmur.
Mavi yanacaq və “Qazprom”
Elektrik enerjisinin istehsalı məsələsində Ermənistanın işləri pis olmasa da, təbii qazı ölkə almalı olur. Həm də ölkə qazı həm İrandan, həm də Rusiyadan ala bilər. Və bu da yəqin ki, ölkənin energetika təhlükəsizliyinin təminatı nöqteyi-nəzərindən hakimiyyətin əsas nailiyyətidir:
“Ermənistan diversifikasiya sahəsində yetərincə yüksək səviyyəyə qalxıb. Ermənistan energetikasının hər hansı ayrı-ayrı sahələrindəki böhrana baxmayaraq, respublikanın ümumilikdə energetika sektorunu diversifikasiya edilmiş kimi xarakterizə etmək olar, xüsusilə də xarici təchizat nöqteyi-nəzərindən”, – politoloq, enerji təhlükəsizliyi üzrə mütəxəssis Vaqe Davtyan qeyd edir.
Ermənistana mavi yanacağın əsas ixracatçısı Rusiya olaraq qalır, amma “şimal” səmti bəzən rəsmi Yerevanda narahatlıqlar yaradır.
İş orasındadır ki, Gürcüstan 2010-cu ildə Mozdok-Tbilisi qaz xəttini strateji əhəmiyyətli obyektlər siyahısından çıxardı. O vaxtdan belə şayiələr gəzir ki, Rusiyadan Ermənistana gedən qaz xəttini Azərbaycan qurumları almaq istəyir.
Yerli mütəxəssisləri narahat edən daha bir amil Rusiya kapitalının ekspansiyasıdır. Demək olar ki, bütün iri energetika infrastrukturları Rusiya şirkətlərinin nəzarəti altındadır. Respublika ərazisində təbii qazın təchizatı və realizəsi üzrə inhisarçısı olan “Qazprom-Ermənistan” “Qazprom” ASC-nin 100 faizlik törəmə şirkətidir.
Quruma həm də Ermənistan-İran qaz xətti və yuxarıda qeyd olunan Razdan İES məxsusdur. Vaqe Davtyan vurğulayır ki, bu, Rusiya kapitalı və modernləşdirməyə görə ödənilən bədəldir:
“Ermənistan Rusiya sərmayələri əvəzində öz “enerji suverenliyi” məsələsində bəzi güzəştlərə getməli oldu. Bu mənada bizim müəyyən risklərimiz var. Risklər də ondan ibarətdir ki, biz bu gün başqa dövlətlərlə energetika sahəsində münasibətlərimizi, dialoq qurarkən, istənilən halda bunu, “Qazprom”u nəzərə almaqla etməli oluruq. Ümumiləşdirərək deyim ki, əsas risklər suvereniteti itirməklə bağlıdır ki, fikrimcə biz buna bilərəkdən getmişik, məqsəd də Ermənistanın sırf texniki və iqtisadi nöqteyi-nəzərdən enerji təhlükəsizliyinin qorunması olub”.
Ermənistan-İran energetika əməkdaşlığı
Rusiya “Qazprom”unun Ermənistanın energetika siyasəti barədə danışarkən, o cümlədən Yerevanın bir neçə layihəsi olduğu İranı da nəzərə almaq lazımdır. 140 kilometrlik İran-Ermənistan qaz xətti 2007-ci ildə istifadəyə verilib.
Hazırlanma mərhələsində bu layihə İran qazının tranziti məqsədilə İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Ukrayna-Avropa enerji dəhlizi qurmalıydı. Amma tikintiyə “Qazprom” qoşulandan sonra qaz xəttinin diametrinin 1,4 metrdən 711 millimetrə qədər daralması barədə qərar qəbul edilir. O vaxt çoxları hesab etdi ki, həmin qərar məhz “Qazprom”un təzyiqi altında İran qazının Avropa bazarına buraxılmaması məqsədilə edilib.
Hazırda İran qazının bu boru kəməri ilə tranziti barədə danışmağa belə dəyməz. İqtisadçı Vaaqn Xaçatryan hesab edir ki, lazım olarsa Ermənistan hakimiyyəti “Qazprom”la razılığa gələ biləcək, amma bu zaman yeni boru tikilməli olacaq.
İran-Ermənistan boru kəməri hazırda tam gücü ilə işləmir və ölkəyə daxil olan mavi yanacağın ümumi həcminin təxminən 20%-ni təmin edir.
Maraqlıdır ki, Ermənistan cəmiyyətində vaxtaşırı olaraq respublikanın İrandan daha ucuz qaz ala bilməsi ilə bağlı söhbətlər yaranır.
Vaqe Davtyan hesab edir ki, Rusiya hələ də qazın alınması üzrə daha optimal bazar olaraq qalır:
“Qaz bazarının təhlili mövcuddur və sirr deyil ki, İran qazı sərhəddə 1000 kub metrə görə 180-185 dollar qiymətinədir, Rusiya qazını isə biz 150 dollara alırıq. İran qazının Ermənistan bazarı üçün qiymətinin azaldılması ilə bağlı siyasi qərar qəbul olunsa, başqa məsələ. Və ikinci məqam İran qazının keyfiyyətidir, bu qaz öz göstəricilərinə görə Rusiya qazından xeyli geri qalır”.
Bununla belə, rəsmi Tehran Ermənistanın enerji sahəsində ən vacib tərəfdaşlarından biri olaraq qalır. Artıq uzun illərdir ki, ölkələr elektrik enerjisini qazla dəyişərək barter həyata keçirirlər. Ermənistan həm də İran, Ermənistan, Gürcüstan və Rusiyanın enerji sistemlərini birləşdirməli olan “Şimal-Cənub” enerji dəhlizində maraqlıdır.
Regional tərəfdaşlıq
30 oktyabr 2017-ci il tarixində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu işə salınır. Bu, enerji layihəsi olmasa da Ermənistanı iri regional iqtisadi təşəbbüslərdən kənarda saxlamağın növbəti cəhdiydi.
Sırf enerji sahəsinə gəlincə, regionda yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, Ermənistan üçün Gürcüstanı tərəfdaş olaraq saxlamaq həyat əhəmiyyətli məsələdir, çünki bu ölkə ilə elektrik enerjisinin barter mübadiləsi də qurulub.
Sxemə görə, yayda Ermənistan Gürcüstanın su elektrik stansiyaları tərəfindən istehsal olunan ucuz elektrik enerjisinin qalığını alır. Qışda isə əksinə, Gürcüstana elektrik enerjisi satır. 2017-ci ildə Ermənistanın elektrik enerjisinin şimal istiqamətdə ixracının 20% artırılması planlaşdırılır. 2018-ci ilə qədər həm də sayca dördüncü “Ermənistan-Gürcüstan” elektrik ötürücü xəttinin istifadəyə verilməsi planlaşdırılır.
Gürcüstan rəsmi Yerevanın fəal şəkildə irəli sürdüyü “Şimal-Cənub” enerji dəhlizinin qurulmasında mühüm rol oynamalıdır. Vaaqn Xaçatryan hesab edir ki, bu layihənin uğurunun əsas komponenti Rusiyanın mövqeyi ola bilər:
“Rusiya da Ermənistanın bu proqramın həyata keçirilməsi üçün öz enerji gücündən səmərəli istifadə etmək imkanının olmasında maraqlıdır. Müxtəlif dövlətlər arasında işləyəcək enerji şəbəkəsi bu ölkələrdən hər birinin enerji təhlükəsizliyinə müsbət təsir edəcək”.
Ermənistanlı ekspertlər həm də hesab edir ki, Ermənistanın enerji sistemi Gürcüstanın sistemi ilə müqayisədə daha yaxşı inkişaf edib və vaxt keçdikcə respublika qonşu ölkəyə daha çox elektrik enerjisi ixrac edə biləcək.
ABŞ və Ermənistanda “təmiz” enerji
Eyni zamanda ABŞ fəal şəkildə Ermənistanın energetika sisteminə sərmayə qoysa o, mühüm dəyişikliklərə məruz qala bilər. İş orasındadır ki, bu ölkənin Ermənistandakı səfiri Riçard Millz bildirib ki, “amerikalı sərmayədarlar enerji sahəsində çox maraqlıdırlar və 8 milyard dollar həcmində investisiya əməkdaşlığı imkanı var”.
Söhbət ilk növbədə günəş enerjisindən gedir. Amma hələ ki, ancaq söhbət gedir, bununla belə səfirin bəyanatını əsassız adlandırmaq çətindir. Mütəxəssislər qeyd edir ki, Ermənistanın bu sahədə böyük potensialı var. Bu il ilk sənaye helium stansiyası işə salınıb. Amma respublika bu istiqamətdə hələ ilk addımlarını atır.
Vaqe Davtyan hesab edir ki, o cümlədən bərpa olunan günəş enerjisinin əhəmiyyətli inkişafı üçün vaxt lazımdır:
“Günəş, külək enerjisinin inkişafı üçün potensialın olması kifayət etmir. Buna daha çox müddət tələb edilir. Enerji sistemində bu “təmiz” və ya “yaşıl” tərkib hissəsinin dominantlıq etdiyi hətta ən qabaqcıl ölkələri götürsək belə, onlar da kifayət qədər uzun inkişaf dövrü keçiblər. Elə lap bu sahəni hələ XX əsrin 60-cı illərində inkişaf etdirməyə başlayan Danimarkanı götürək. Bizdə indiyə qədər günəş enerjisinin inkişafı üzrə heç bir real proqram olmayıb”.
Günəş enerjisinin inkişafı üçün ciddi maneə həm də onun bahalılığıdır, özü də həm Ermənistanda atom enerjisi hələ rəqabət apara bilməyən günəş enerjisinin özünün, həm də günəş enerjisinin istehsalı üçün lazım olan infrastrukturların:
“Bu gün günəş enerjisinin inkişafı üçün real imkanlarımız yoxdur. Bunun üçün ilk növbədə dövlət subsidiyaları tələb olunur. Dövlət bu gün bunu çətin edə bilsin”, – Vaqe Davtyan qeyd edir.
Ermənistanın enerji təhlükəsizliyi üçün nə lazımdır
İstənilən halda energetika Ermənistan iqtisadiyyatının ciddi inkişaf yolu keçən və müstəqillik illəri ərzində müəyyən uğur qazanan az sahələrindən biridir. Əsas nailiyyətlər arasında enerji logistikasının diversifikasiyasıdır ki, o da hakimiyyətə 2008-ci il Gürcüstan-Rusiya böhranı kimi hadisələrə hazır olmaq imkanı verir.
Respublikanın elektrik enerjisinə olan daxili tələbatını təmin etmək bacarığını da uğur hesab etmək olar. Ermənistan atom stansiyası ilə bağlı müəyyən problemlərə baxmayaraq, elektrik enerjisi sahəsi həm də kifayət qədər şaxəlidir.
Bununla yanaşı, Ermənistan çox mühüm energetika infrastrukturları üzərində nəzarəti itirib ki, bu da ölkənin tranzit potensialının realizəsini çətinləşdirir və onu “Qazprom”dan asılı edir. Parlaq nümunə əslində sırf dövlətlərarası layihəyə çevrilən İran-Ermənistan qaz kəməridir.
Yaxın illərdə Ermənistan hakimiyyəti üçün energetika sahəsində əsas məsələ İran, Ermənistan, Gürcüstan və Rusiyanın enerji sistemlərini birləşdirəcək energetika dəhlizinin yaradılması olacaq, bu da Azərbaycan-Gürcüstan-Türkiyə tandemindən yaranan itkiləri aradan qaldırmağa imkan verəcək.
JAMnews-un materiallarında istifadə olunan terminlər və toponimlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə JAMnews və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.