“Moskva regionda yeni reallıqlarla barışmalı olacaq”. Bakıdan baxış
Ermənistandakı yürüşə Bakıdan baxış
Artıq Ermənistan–Azərbaycan sərhədində 40 sərhəd dirəyi quraşdırılıb və demarkasiya prosesi sürətlə gedir. Bununla paralel olaraq Ermənistanda “Vətən naminə Tavuş” adlı yürüş keçirilir ki, onun iştirakçıları demarkasiya prosesinin dayandırılmasını və dörd sərhəd kəndinin Azərbaycana verilməməsini tələb edirlər.
- Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb
- Professor Qubad İbadoğluna elektron nəzarət tətbiq edilib
- Azərbaycanda “TikTok” bloklana bilərmi?
Siyasi icmalçı Hacı Namazov JAMnews-un Azərbaycan redaksiyası üçün demarkasiya ilə bağlı vəziyyəti və Yerevana yürüşün iki ölkə arasındakı münasibətlərdə mümkün nəticələrini şərh edib.
Ekspert rəyi
“Vətən naminə Tavuş” adlanan yürüşün məqsədi “birbaşa danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilərin iştirakı olmadan əldə edilmiş bütün razılaşmaları pozmaqdır”, – Namazov deyir:
“Qeyd edirəm ki, dostluqdan uzaq olan bu iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına başlanması tarixi baxımdan çox dəyərlidir. Qanlı müharibələrdən qısa müddət sonra sərhədlərin yaradılması məsələsinin həlli ilə bağlı təkbətək razılığa gələ bilmiş başqa iki ölkə demək olar ki, yoxdur.
Düşünürəm ki, hətta Azərbaycan və Ermənistan arasındakı münaqişənin tarixi və dönəmləri ilə dərindən tanış olmayanlara belə aydındır ki, Yerevana yürüş erməni xalqına yaxşı heç nə gətirə bilməz. Üstəlik, aksiyanın gedişatında bu, daha da aydınlaşır. Yürüşə ölkənin keçmiş prezidentlərinin tərəfdarları və müxalifətçilər də qoşulur. Erməni analitikləri özləri qeyd edirlər ki, bunu kənardan, daha doğrusu, Rusiyanın köməyi olmadan etmək mümkün deyil.
Gəlin, sırf nəzəri cəhətdən yürüş iştirakçılarının tələblərinin yerinə yetiriləcəyi variantını nəzərdən keçirək. Bu nəyə gətirib çıxara bilər? Ermənistanın baş naziri Nikol Paşinyan bu gün artıq buna cavab verib.
Biz isə bu mümkün proseslərə Azərbaycanın mövqeyindən baxaq.
Deyək ki, Paşinyan böyük təzyiq altında etirazçıların tələblərini qəbul edib və Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu arasında sərhədin delimitasiyası ilə bağlı bütün son qərarları ləğv edib. Bu, həmin sahədə hərbi toqquşmalara gətirib çıxaracaq ki, bunun nəticəsi qarşı-qarşıya gələcək tərəflərin qüvvə balanssızlığı ilə əvvəlcədən müəyyənləşib. Yəni burada həm hakimiyyət, həm də Ermənistan müxalifəti uduzacaq. Demarkasiya dinc şəraitdə baş verdikdə bu bir şeydir, yürüş iştirakçılarının iddia etdiyi kimi “ərazi itirməkdən” əlavə, canlı qüvvə itkisi ilə qarşılaşdığınız zaman isə tamam başqadır. Baxmayaraq ki, heç kim heç nə itirmir – Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri özünə verilir.
Bu hərəkətin daha bir uzaq perspektivi Ermənistan hökumətinin istefası ola bilər. Amma bu mümkün deyil. Hələlik yürüş kütləviliyi ilə seçilmir. Amma mümkün ssenariləri təhlil etdiyimiz üçün bu varianta da toxunacağıq.
Kütləvilik və hakimiyyətə böyük təzyiqlər olarsa, Paşinyan hakimiyyətə gəldiyi kimi gedə bilər. Sonra nə olacaq? Bunu təxmin etmək çətin deyil: ilkin olaraq bizim artıq düşündüyümüz eyni şey olacaq: sərhəddə toqquşmalar, Azərbaycanın hətta Rusiyanın Ermənistan tərəfinə yardımı halında belə güzəştə getməyəcəyi.
Sonra nə var? Bəzi siyasi icmalçıların fikrincə, əgər Kreml Ermənistanda öz adamını baş nazir təyin edə bilərsə, o zaman bu siyasətçi reytinqini yüksəltmək üçün ilk növbədə nəzərəçarpacaq nəyəsə nail olmalıdır.
Bölgədəki mövcud şəraiti nəzərə alsaq, bu, kifayət qədər problemlidir. Rusiya Yerevandakı havadarına nə “verə” bilər? Bölgədəki mövcud şəraiti nəzərə alsaq, praktiki olaraq verəcək heç nə yoxdur. Azərbaycanın hərbi müttəfiqi olan Türkiyə faktorunu nəzərə almamaq mümkün deyil. Çətin ki, Moskva dünyada mövcud olan geosiyasi şəraiti nəzərə alaraq, Bakı və Ankara ilə qarşıdurmaya girmək istəsin.
Yuxarıda göstərilənlərə əsaslanaraq, əminliklə deyə bilərik ki, yürüş uğursuzluğa məhkumdur. Moskvaya gəlincə, regionda yeni reallıqlarla barışmalı olacaq. İndi sərhəddə baş verənlər həm Ermənistana, həm də Azərbaycana faydalıdır”.