Ermənistanda yeni sağlamlıq vergisi tətbiq etməyə hazırlaşırlar. İctimaiyyət qəti etiraz edir
Səhiyyə Nazirliyi ölkənin bütün işləyən vətəndaşları üçün məcburi olan yeni – tibbi vergi tətbiq olunmasını təklif edir.
Onun konsepsiyası tibbi xidmətlərin daha əlçatan edilməsindən ibarətdir. Amma bunun üçün Səhiyyə Nazirliyi hər ay həcmindən asılı olmayaraq bütün maaşların 4 faizindən 6 faizinə qədər tutulmasını təklif edir. Layihə ilə tanış olmaq və öz fikrini bölüşmək istəyən hər kəs e-draft elektron platformasına daxil ola bilər.
28 noyabr səhər saatlarına qədər online respondentlərin 70 faizi yeni qanun layihəsinin qəbul olunmasının əleyhinə səs verib.
Yeni universal tibbi sığorta vergisinin 2022-ci ildən tətbiq olunması nəzərdə tutulub. Hökumət, parlament və ölkə vətəndaşları bu təkliflə razılaşacaqları təqdirdə yenilik həyata keçiriləcək.
“Sağlamlıq vergisinin” artıq indidən cəmiyyətdə necə böyük narazılıq dalğası yaratdığını nəzərə alsaq, layihənin hökumətdə və palamentdə müzakirələrinin də rahat keçəməyəcəyini görmək çətin deyil. Əsasən yeni verginin vaxtilə onun faizini aşağı salacağını vəd etmiş “inqilabi” hökumət tərəfindən təklif olunması mənfi reaksiya doğurub.
• Ermənistanda 18 yaşına qədər uşaqları pulsuz müalicə edəcəklər
Yeni qanun layihəsi nəyi nəzərdə tutur?
Ermənistanın səhiyyə naziri Arsen Torosyan cəmiyyətdə səslənən kəskin etirazın cavabında noyabrın 26-da Facebook sosial şəbəkəsində canlı yayın vasitəsilə yeni vergi ideyası üzərində işləyərkən Səhiyyə Nazirliyinin nəyi rəhbər tutduğunu izah etməyə çalışıb:
“Bu təklifin əsasında həm müstəqil Ermənistan Respublikasının bütün tarixi boyu qazandığı təcrübənin, həm ən yaxşı dünya təcrübəsinin, həm də bu gün yaşadığımız reallığın təhlili dayanır”.
Nazirin sözlərinə görə, Ermənistanda insanlar üçün xəstələnmək fəlakətdir, çünki xəstəxanaya düşəndə ya kredit götürməli olur, ya da evsiz və maşınsız qalırlar.
Arsen Torosyan vurğulayıb ki, Ermənistan vətəndaşlarının 85 faizi müalicə xərclərini öz ciblərindən ödəyir. Əhalinin gəlirlərini isə nəzərə aldıqda “bu xərclər vətəndaşlarımızın yoxsullaşmasına gətirib çıxarır”.
Nazirlikdə səhiyyəni hamı üçün – yəni ölkənin təxminən üç milyonluq əhalisi üçün daha əlçatan etmək məqsədi ilə əlavə vergi tətbiq etmək qərarına gəliblər.
Nazirliyin hesablamalarına görə, bunun üçün əlavə 250 milyard dram (525 milyon dollar) həcmində vəsaitə ehtiyac var, büdcədən isə cəmi 109 milyard dram (228 milyon dollar) vəsait ayrılır. Yeni vergi bu kəsiri tamamlamalıdır.
Nazirin sözlərinə görə, bu layihə sosial problemi həll etməyə yönəlib, sənəd Ermənistan cəmiyyətinə işləyən vətəndaşların işləməyənlərin sağlamlığının qeydinə qaldığı bir cəmiyyətə çevrilməsinə şərait yaradacaq.
“İşləməyən vətəndaş sizin həyat yoldaşınız, ola bilər ki, yetkinlik yaşına çatmayan övlladlarınızdır, hansılar ki, hələr işləmirlər, sizin vaxtilə işləyən, indi pensiyaya çıxan, amma heç bir dövlət zəmanətinə sahib olmayan valideynlərinizdir, hazırda işi olmayan, siizdən çox tez-tez borc almalı olan qohumlarınızdır. Yəni bizim hamımız. Biz hansısa yad adamlara görə pul ödəmirik”.
Onun sözlərinə görə, 2020-2022-ci illərdə səhiyyə sahəsinin büdcəsi ildən-ilə 10-20 milyard dram (20-40 milyon dollar) artacaq, yəni 2022-ci ildə maaşlardan tutulan verginin həcmini 4 faiz kimi müəyyən etmək mümkün olacaq.
“Amma Ermənistanın əlavə vəsaitlər cəlb etməli olması da qaçılmazdır”, – Torosyan vurğulayıb.
Layihənin əsaslandırmasında deyilir:
“İlkin hesablamalara görə, işləyən əhalinin 41 faizindən çoxu üçün (aylıq 150 min dram (315 dollar) və daha artıq əməkhaqqı alan) yeni vergi əlavə yük olmayacaq. Qalan 59 faiz üçün isə faiz dərəcələrinin aşağı salınması yolu ilə gəlir vergisinin bərabərləşdirilməsi nəticəsində yeni verginin tətbiqi yumşalmış olacaq”.
Rəylər
“Vergi ödəyicisini müdafiə” ictimai təşkilatının sədri Paylak Tadevosyan artıq yeni vergiyə qarşı mövqeyini ifadə edib. O, Facebook səhifəsində bunları yazıb:
“Baş nazir bildirir ki, gəlir vergisinin faiz dərəcəsinin dəyişdirilməsi (azaldılması) nəticəsində 2020-ci il yanvarın 1-dən əhalinin gəlirləri artacaq, Arsen Torosyan [səhiyyə naziri] isə bunun əvəzinə yeni növ vergi təklif edir”.
İqtisadçı Eduard Badalyan da layihəyə qarşı çıxıb :
“Təsəvvür edin, əgər bir adam 500 min dram (1048 dollar) həcmində əməkhaqqı alırsa, o zaman bunun 6 faizi 30 min dram (62 dollar), il ərzində isə 360 min dram (755 dollar) təşkil edəcək. Bu gün qüvvədə olan səhiyyə sığortası qiymətləri isə 90-120 min dram (188-250 dollar) civarındadır. Bundan başqa, anladığım qədərincə, işləyən vətəndaşlar üçün bu, məcburi ödəniş olacaq və bunun hesabına bütün səhiyyə xərclərinin ödənilməsi nəzərdə tutulub. Başqa sözlə desək, hamını sığortalayacaqlar, buna görə isə ancaq iişləyənlər pul ödəyəcək”.
Ekspertin sözlərinə görə, əgər əsas məqsəd tibbi sığortanın tətbiq edilməsidirsə, bunu bir qədər təxirə salmaq lazımdır:
“Mən düşünürəm ki, bu yanaşmanı tətbiq etməyin hələ zamanı deyil. Yox, əgər dövlət hesab edirsə ki, hansısa yolla hamı üçün pulsuz səhiyyəni təmin etməyin zamanı yetişib, bu halda hazırkı mərhələdə ən azı bu tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilməlidir.
Nəhayətdə baş nazir bildirir ki, büdcəyə daxilolmaların əhəmiyyətli dərəcədə artımı qeyd olunub, pulla bağlı problem yoxdur. Əgər ki, çox pul varsa, biz niyə insanların üzərinə əlavə yük qoymalıyıq və bu, niyə məhz 6 faiz olmalıdır?”
Sosial şəbəkələrdə nə yazırlar?
Yeni vergi Facebook sosial şəbəkəsinin Ermənistan seqmentinin ən çox müzakirə olunan mövzusudur.
Bəzi şərhləri təqdim edirik:
“Hazırda bizdə vergidənn azad olan çox sayda sahə var: özəl taksilər, ailə biznesi. İndi nazir düşünür ki, vergi ödəyən sahələrdə çalışanlar, vergi ödəyənlər hamını tibbi sığorta ilə təmin etməlidir? Vergi ödənən sahələrdə çalışanlar dövlətin qulları deyil”.
“Səhiyyə sahəsində hələ də mövcud olan və hələ gələcəkdə həll ediləcək bir çox problemlərdən asılı olmayaraq, bu, işləməyən və ya pensiyaya çıxan və bizlərdən biri olan hər kəs üçün çox uyğun model olacaq”.
“Könüllü tibbi sığorta sistemindən yararlanıram və çox razıyam. Bu, nazirin bizə təklif etdiyindən daha ucuz başa gəlir və daha çox sahəni əhatə edir”.
“Cənab səhiyyə naziri, ən azı tutduğunuz vəzifə baxımından bu qədər həyasız olmaq olmaz. Sizin təşəbbüsünüz keçməyəcək. Bunun lehinə səs verəcək deputatları görmək istərdim”.
“Həkimlərin maaşlarını qaldırmaq əvəzinə boş işlərlə məşğuldur”.
“Mən isə bu yeniliyi çox ədalətli hesab edirəm!”
“Əgər təşəbbüsün özünü şəxsi gücünə əsassız inam və ya sadəcə axmaqlıq kimi dəyərləndirmək mümkün idisə, e-draft variantında səsvermə artıq açıq-aydın fırıldaqdır və buna görə dövlət məmuru ciddi cəzalandırılmalıdır. Əgər bundan sonra ona qarşı dözümlülük göstərilərsə, deməli, perspektivdə seçki saxtakarlığının geri qayıdacağını da gözləmək mümkündür”.