Ermənistanda qadınlar üzərində zorakılığın aradan qaldırılması haqqında Avropa konvensiyasına qarşı miflər və onların təkzibi
İlin sonuna kimi Ermənistan Avropa Şurasının daha çox “İstanbul konvensiyası” kimi tanınan “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının aradan qaldırılması və bununla mübarizə haqqında” konvensiyasını ratifikasiya etməlidir.
Lakin cəmiyyətin bir hissəsi sənədin ratifikasiyasına qarşı fəal şəkildə çıxış edir, halbuki əksəriyyət onun mətni ilə heç tanış da deyil. Konvensiya əleyhdarlarının əsas arqumenti bu sənədin milli ənənələrə və dəyərlərə zidd olmasıdır.
Sənəddə əslində nədən danışılır, onun ratifikasiyasına qarşı hansı arqumentlər gətirilir və onların təkzibi.
• Yerevanda təhsil nazirinin istefasını tələb edirlər. Bu, İstanbul konvensiyası ilə necə bağlıdır
Konvensiyanın müddəaları – ümumi təəssürat üçün
• Dövlət qadınlara qarşı bütün zorakılıq növlərinin qarşısının alınmasına, həmçinin qurbanların müdafiəsinə və təqsirlilərin cəzalandırılmasına cavabdehdir.
• Dövlət kişilərlə qadınlar arasında bərabərliyi dəstəkləməli və qadınlara qarşı zorakılığı aradan qaldırmalı, münaqişələrin qarşılıqlı hörmət və zorakılıq tətbiq edilmədən həllini təşviq etməli, bununla gender stereotiplərinin (o cümlədən, tədris materiallarının köməyi ilə) məhvinə kömək etməlidir.
• Dövlət zorakılıqla bağlı bütün müraciətləri araşdırmalı və təqsirliləri məsuliyyətə cəlb etməlidir.
• Dövlət zorakılığa məruz qalanları müdafiə etməli və dəstəkləməlidir (misal üçün, zorakılıq tətbiq edəni izolyasiya etməli və sığınacaq təqdim etməklə qurbanın təhlükəsizliyini təmin etməlidir).
• Dövlət qurbanlara kompensasiya tələb etmək imkanı təmin etməlidir və əgər kompensasiya ödənilə bilməzsə, dövlət onu özü təqdim etməlidir.
• Zorakılıq qurbanları onlar üçün əlçatan olan dəstək xidmətləri haqqında məlumatlandırılmalıdırlar.
• Polis və ədalət məhkəməsi əməkdaşları yenidən hazırlıq keçməlidirlər ki, zərərçəkənlərin hüquqlarını lazımınca müdafiə edə bilsinlər və sonrakı təhlükələrin arşısını alsınlar, təhlükəli vəziyyətlərə düzgün reaksiya verərək, onları idarə edə bilsinlər.
Ermənistanda konvensiyanın ratifikasiyasına qarşı mübarizə
Konvensiya ilə mübarizə onun imzalanmasından dərhal sonra başladı, lakin etirazlar xüsusilə son yarım il ərzində kəskinləşib. Ölkə hakimiyyəti konvensiyanı 2019-cu ilin sentyabr ayının ikinci yarısında ratifikasiya etməyi planlaşdırırdı. Ratifikasiya təxirə salınmaqda davam edir, belə ki, ictimaiyyətin bir hissəsi, əvvəlki kimi bu imkanı yolverilməz hesab edir və hətta küçələrdə etiraz aksiyaları keçirir.
Ermənistanda belə qəbul edilib ki, ölkədə bu cür hallar, ümumiyyətlə, yoxdur və konvensiya erməni ənənə və dəyərlərinə, o cümlədən dini dəyərlərə təhlükə törədir.
Müzakirələri konstruktiv məcraya yönəltmək məqsədilə Ermənistanın ədliyyə naziri Ruslan Badasyan bütün ermənilərin katolikosu İkinci Qareginlə görüşüb. Görüşdən bir neçə gün sonra kilsə bəyanatla çıxış edib:
«Konvensiya özündə yolverilməz müddəalar ehtiva edir».
Parlamentdə sənədin qızğın müzakirəsi davam edir. Hətta İstanbul konvensiyasının əvəzinə zorakılığa qarşı və onun aradan qaldırılması üzrə özünəməxsus, “yerli” sənədin qəbulu təklif olunur ki, həmin sənəd daha sərt olsa da, orada ikibaşlı şərh oluna bilən qeyri-müəyyən ifadələr və müddəalar yoxdur. Deputatları konvensiyanın daha çox, onların fikrincə, eynicinsli ittifaqların yaradılmasına və belə cütlüklərin övladlığa uşaq götürməsi imkanına yol verən müddəaları narahat edir.
Bununla əlaqədar hətta eynicinsli nikahların qadağan edilməsi haqqında təklif də verilib. Lakin hüquq məsələləri üzrə parlament komissiyası onu qəbul etməyib, çünki Konstitusiyanın 35-ci maddəsi və “Ailə məcəlləsi”nin 1-ci maddəsi artıq müəyyən edirlər ki, nikah kişi və qadın arasında qeydiyyata alına bilər.
Ratifikasiyanın əleyhdarlarının bütün qorxuları və əks arqumentlər
Konvensiya əleyhdarlarının əsas arqumentlərinin siyahısı və onların faktiki təkzibi.
Birinci arqument:
İstanbul konvensiyası ənənəvi ailə modelinə ziddir.
Əslində isə konvensiya ailə həyatını və onun qurulmasını, ailə atrukturunu tənzimləmir, dövlətlər ailə haqqında ənənəvi təsəvvürlərin dəyişdirilməsinə məcbur edilmir.
İkinci arqument:
ənənələr və dəyərlər təhlükə altındadır.
Əslində isə konvensiya yalnız qeyd edir ki, ənənələr, mədəniyyət və din qadınlara qarşı zorakılığa bəraət qazandıra bilməz.
Üçüncü arqument:
“gender” sözü “qadın” və “kişi” terminlərini əvəz edə bilməz.
Əslində isə “gender” sözündən konvensiyada qadınların çox vaxt məhz cinsi mənsubiyyətlərinə görə zorakılığa məruz qaldıqları faktını vurğulamaq məqsədilə istifadə olunur. Başqa sözlə, əksər hallarda zorakılıq genderə əsaslanır.
Dördüncü arqument:
konvensiya seksual azlıq nümayəndələrinə və ya cinsini dəyişənlərə aid olan “üçüncü cins” anlayışını tətbiq edir.
Əslində isə “üçüncü cins” terminindən konvensiyanın mətnində bir dəfə də olsun istifadə edilməyib. Dövlətlər yalnız diskriminasiyanın istənilən halında qurbanların hüquqlarını müdafiə etmək mükəlləfiyyəti götürürlər – o cümlədən, cinsinə, irqinə, dilinə, yaşına, ailə vəziyyətinə, seksual oriyentasiyasına və ya gender identikliyinə görə.
Beşinci arqument:
Konvensiya dövlətdən eynicinsli nikahlara yol verilməsini tələb edir.
Əslində isə konvensiya ailə haqqında yerli qanunvericiliyə heç cür təsir etmir, bundan əlavə, bu barədə konvensiyada ümumiyyətlə danışılmır da. Bu cür manipulyasiyalı bəyanatlara səbəb isə konvensiyanın mətnində “partnyor” sözündən istifadə edilməsi olub. Bu səbəbdən çoxlarında belə təəssürat yaranır ki, söhbət eynicinsli cütlüklərdən gedir.
Fəqət “partnyorlar”ın ittifaqı kimi iki nəfərin hüquqi və dövlət orqanlarında (VVAQ-larda) qeydiyyatdan keçmiş münasibətlərinin istənilən halı nəzərdən keçirilə bilər. Ermənistanda isə kilsədə nikah bağlayaraq, öz münasibətlərini VVAQ-da qeydə almayan bir çox cütlüklər var ki, faktiki olaraq onlar “partnyor” hesab edilirlər. Ermənistanda bir çox cütlüklər kilsədə nikah bağlayırlar, lakin nikahlarını VVAQ-da qeydiyyatdan keçirmirlər. Bu müddəa isə vacibdir, belə ki, mövcud qanunvericiliyə əsasən, partnyorlar nikah münasibətlərində deyillərsə, hadisə ailə zorakılığı hesab oluna bilməz.
Altıncı arqument:
eynicinsli cütlüklər uşaq övladlığa götürə bilərlər.
Əslində isə övladlığa götürmə qaydalarına konvensiyada ümumiyyətlə heç cür toxunulmur. Bu, yerli qanunvericiliklə tənzimlənir.
Yeddinci arqument:
konvensiya iddia edir ki, dövlətlər mövcud gender stereotiplrininə qarşı mübarizə aparmalıdırlar.
Əslində isə konvensiya deyir ki, dövlətlər zorakılığa gətirib çıxara biləcək gender stereotipləri ilə mübarizə aparmalıdırlar. Bunların arasında, misal üçün, belə bir rəy var ki, qadının ailədə səs hüququ yoxdur, yaxud belə bir fikir formalaşıb ki, onun yeri mətbəxdir.
Səkkizinci arqument:
İstanbul konvensiyası Ermənistana ötən əsrin əvvəllərində ermənilərin soyqırımını törətmiş Türkiyə tərəfindən sırınır.
Əslində isə bu, sənədin yalnız şərti adıdır. O, Türkiyənin milli siyasəti və ya ideologiyası ilə heç cür bağlı deyil.
Konvensiya haqqında arayış
Sənəd 2011-ci ilin mayında İstanbulda təsdiq olunub və o vaxtdan imzalanma üçün açıqdır. 2012-ci ilin mart ayında Türkiyə onu imzalayan ilk dövlət olub. Onun nümunəsindən Avropa Şurasının və Avropa İttifaqının üzvü olan 46 ölkə istifadə edib. Lakin cəmi 33 ölkə sənədi ratifikasiya edib.
Avropa Şurası üzvlərindən Rusiya və Azərbaycan sənədi imzalamaqdan imtina ediblər. Bolqarıstanın Konstitusiya məhkəməsi isə 2018-ci ilin iyulunda onu rəsmi olaraq konstitusiyaya zidd hesab edib.
Ermənistan hökuməti konvensiyanın imzalanmasını 2017-ci ilin dekabrında təsdiqləyib. 2018-ci ilin yanvarında isə Ermənistanın Avropa Şurasındakı nümayəndəsi, səfir Paruyr Hovannisyan onu imzalaylb. Lakin sənəd bu vaxta qədər ratifikasiya edilməyib.